Anar Nağılbaz vəfat edib

Anar Nağılbaz vəfat edib

05-08-2018 12:06 / Bu xəbər 1869 dəfə oxundu

O, xəstəxanaya aparılarkən daxili qanaxmadan ölüb

Hip-hop musiqi janrının rep növün əsasını qoyan Anar Nağılbaz (Cəbiyev) avqustun 4-də vəfat edib.

Məlumatı onun dostları atası, sabiq deputat Rizvan Cəbiyevə istinadən yayıblar.

Bildirilir ki, Anar Nağılbaz evə qayıdandan sonra vəziyyəti pisləşib, xəstəxanaya aparılarkən yolda ölüb.

"Evdə qəfil halı pisləşdi, "təcili yardım" çağırdıq, amma xəstəxanaya apararkən daxili qanaxmadan keçindi", - deyə atası R.Cəbiyev bildirib.

Anar Cəbiyev 1974-cü ildə Füzuli rayonunda doğulub.

1988-ci ildən repə maraq göstərib, 1990-cı ildə Horadiz qəsəbəsində "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb.

O, 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub.

Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb.

İlk albomu 1996-cı ildə çıxıb.

A.Nağılbaz 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.