"Azərbaycanda qəzada ölənlərin cəsədlərini taladılar" - İltifat Rəhimzadə

04-04-2018 13:00 / Bu xəbər 6043 dəfə oxundu

Lənkəranda bir ailənin 7 üzvünün ölümü ilə nəticələnən avtoqəza ilə bağlı daha bir məlumat yayılıb.

Bu barədə Lənkəran sakini İltifat Rəhimzadən sosial şəbəkədə yazıb.
 
Onun sözlərinə görə, qəzadan sonra cəsədlərinin üstündəki qızıl-bəzək əşyaları morqda oğurlanıb.

Sosial şəbəkə üzərində yayılan məlumatı olduğu kimi təqdim edirik:

"Lənkəranda bir ailədən 7 nəfərin ölümü ilə nəticələnmiş dəhşətli avtoqəza rayon əhalisini möhkəm sarsıtmışdır. Yaxın dostum Ağa Hüseynova bacısı, kürəkəni və d. əzizlərinin faciəli vəfatları ilə bağlı baçsağlığı vermək, kədərinə şərik olmağımı bildirmək üçün Ləj kəndinə yas mərasiminə getdim. Təsəlli üçün söz qüdrətini itirmişdi.Söz əvəzində isə göz yaşları "danışırdı”.
 
Bütöv bir ailənin, nəslin faciəsini öz faciələri kimi hesab edirlərmiş kimi insanlar yas mərasiminə axın-axın gəlirdi. Belə də olmalı! Axı biz mənəvi-əxlaqı dəyərlərimizi qoruyub saxlaya bilmiş, Allaha şükürlər olsun ki,ağır günlərdə elliklə dərdə şərik olmaq ənənəsinə sadiqliyimizi nümayiş edə bilirik!

E L L İ K L Ə M İ?

Mən hər zaman o fikirdə olmuşam ki, ağır sosial-iqtsadi çətinliklərin sonu bir gün gələcək. Amma həmin çətinlilər mənəviyyatımızı, əxlaq və tərbiyəmizi, insanlığımızı zədələyirsə və bu zədə dərinə işləmiş yaraya çevrilirsə bax, onları bərpa etmək günlərin, illərin deyil, on illərin, qərinələrin işi olacaq! Təəssüf ki, zədələrin yaraya çevrilməsi prosesi artıq epizodik yox, intensiv hallara çevrilməkdədir.

Avto-qəza baş verir. Qəza konkret bir yaşayış məntəqəsi-Gərmətük qəsəbəsi mərkəzində və maqistral yolda baş verdiyindən tezlikə oraya yüzlərlə insan yığılır. Təcili tibbi yardım və FHN-liyi nümayəndələri hələ yoxdur. Qəsəbənin cavanları əsil kişilik və mərdlik göstərərək əzilmiş maşına pərçim olunmuş insanları çıxarmağa başlayırlar. İki nəfərin nəfəsi hələ ki, gəlir, amma müvafiq xidmətlər gəlib çıxmır. Və bir müddətdən sonra yaralılar ölürlər. Bir nəfər maşının metalına pərçim olduğundan nəhayət ki, hadisə yerinə çatmış FHN əməkdaşları və Təcili yardımın köməkliyi ilə çıxarılır. Sağ qalan yeganə insan-uşaq xəstəxanaya çatdırılır (Təəssüf ki, uşaq da bir gün sonra vəfat edir və 7-ci qürban olur.) Və…və ən böyük mənəviyyatsızlıq sonra baş verir. Bunun adı "Morodyorsto!”dır.

Ölülər sahiblərinə təhvil veriləndə məlum olur ki, qurbanlardan birinin ağzındakl qızıl protez yox olub! Vəfat edən ananın (dostumun bacısı) qızıl sırğaları qulağından çıxarılıb və barmağındakı üzüyü cəhd eləsələr də üzük çox kip olduğundan barmaq möhkəm cızılsa da, cəhd baş tutmayıb.

Qan içində, bədənləri əzik-üzük olmuş cəsədlər talanıb!

Hadisənin özü qədər dəhşət və vəhşət! Kim etmiş bu şərəfsizliyi, binamusluğu, biqeyrətliyi? Bu insanlıqmı, müsəlmançılıqmı? İnsan etmiş bunu! İnsanmı? Diş protezini, sırğanı qandan silib cibinə qoymaq üçün hansı soyuqqanlılığa malik olub bu "insan”? Bu şərəfsizlik üçün məqam sonra, sakitlikdə, yüzlərlə insanın diqqətinin sona çatmasından sonra seçilib yəqin! YƏQİN!

HARA GEDİRİK BİZ?

Allah ölənlərə qəni-qəni rəhmət eləsin!

Dostum Ağa Hüseynova və digər yaxınlarına Allahdan səbr diləyirəm! Dərd nə qədər böyük olsa da!”

Məsələ ilə bağlı rəsmi qurumların mövqeyini öyrənməyə çalışacağıq.