Hesabat: Bakı Metropoliteni ötən ili zərərlə başa vurub

Hesabat: Bakı Metropoliteni ötən ili zərərlə başa vurub

02-07-2019 15:53 / Bu xəbər 456 dəfə oxundu

''Gedin yoxlayın, görün, Bakı Metropoliteninin rəhbərləri adi işıq lampasını neçəyə alıb rəsmiləşdirir''

"Bakı Metropoliteni” QSC 2018-ci ili 54 milyon 871 min manat zərərlə başa vurub. 

Bu barədə "Bakı Metropoliteni” QSC məlumat yayıb.

Məlumata görə Bakı Metropoliteninin bu günə yığılmış cəmi zərəri 426 milyon 610 min manata çatıb.

ReAL idarə heyətinin üzvü, iqtisadçı Natiq Cəfərli deyir ki, Bakı Metropoliteni büdcədən hər il böyük həcmdə dotasiya alır, amma qurum hələ də zərərlə işləyir. Bunun da səbəbi var:

"Çünki dövlət biznesdə ən zay oyunçudur. Xərclər süni şəkildə artırılır, korrupsiya sxemləri qurulur, nəzarət yoxdur. Gedin yoxlayın, görün, Bakı Metropoliteninin rəhbərləri adi işıq lampasını neçəyə alıb rəsmiləşdirir”.

İqtisadçı deyir ki, Bakının seçilmiş meri olmalıdır ki, bütün nəqliyyat sektoru şəhərin balansına keçsin və sonra da ondan hesabat tələb etməyə imkan yaransın:

"İndi təyin olunmuş təyin edənin xoşuna gəlməyə çalışır deyə, Bakı əhlinin fikri onun heç vecinə də deyil”.

Bakı metrosu 2018-ci ildə büdcədən 48 milyon 800, 2017-ci ildə isə 45 milyon manat subsidiya almışdı. Bakı Metropoliteni həmin dövrlərdə də yaydığı açıqlamalarda zərərlə işlədiyini bəyan etmişdi. Nəticədə metroda gedişhaqqı 20 qəpikdən 30 qəpiyə qaldırılmışdı.

Natiq Cəfərli

"2018-ci ildə Bakı Metropoliteninin cəmi öhdəlikləri 0,7 faiz artaraq 57,051 milyon manat, cəmi kapitalı isə 4,9 faz artaraq 2 352,446 milyon manat, o cümlədən nizamnamə kapitalı 6,3 faiz artaraq 2 779,056 milyon manat olub”, - "Bakı Metropoliteni” QSC-nin yaydığı maliyyə hesabatında belə deyilir.

Hesabatda bildirilir ki, 2018-ci ildə nəqliyyat müəssisəsinin sərnişindaşımadan gəliri 54,186 milyon manat (2017-ci ilə nisbətən 22,25% çox), dövlət büdcəsindən aldığı subsidiya 48,8 milyon manat (8,45% çox), sair əməliyyat gəlirləri 5,763 milyon manat (8,25% çox), istifadə etdiyi material ehtiyatlarının dəyəri 6,643 milyon manat (8,8% çox), istifadə etdiyi neft məhsullarının dəyəri 467 min manat (12% çox), istifadə etdiyi elektrik enerjisinin dəyəri 11,408 milyon manat (0,2% az), istifadə etdiyi qazın dəyəri 225 min manat (8,7% çox), istifadə etdiyi suyun dəyəri 4,117 milyon manat (1% az), işçi heyəti üzrə xərcləri 44,195 milyon manat (7,45% çox), torpaq, tikinti və avadanlıq üzrə amortizasiya xərcləri 85,144 milyon manat (4,65% çox), qeyri-maddi aktivləri üzrə amortizasiya xərcləri 123 min manat (22,15% az), tikinti və avadanlığın qalıq dəyəri 833 min manat (10,7% az), digər xərcləri 6,857 milyon manat (11,7% çox), sair əməliyyat xərcləri isə 3,609 milyon manat (24,6% az) təşkil edib.
 
Meydan.tv