İctimai nəqliyyatda gedişhaqqı artırıldı: Metropoliten açıqlama verdi

İctimai nəqliyyatda gedişhaqqı artırıldı: Metropoliten açıqlama verdi

31-07-2018 13:44 / Bu xəbər 342 dəfə oxundu

Natiq Cəfərli: ''Bir dəfə də olsun bahalığın səbəbinin nədən qaynaqlandığını və maya dəyərini necə hesabladıqlarını açıqlamırlar''

Avqustun 1-dən etibarən ictimai nəqliyyatda qiymətlər artırlacaq. Tarif (qiymət) Şurasının iyulun 30-da keçirilən iclasında bu qərar verilib.

Tarif Şurasının yaydığı məlumata görə, metro nəqliyyatında sərnişindaşıma xidmətinin tarifi 1 gediş üçün 30 qəpik, Bakı şəhərində, eləcə də digər şəhər və rayonlarda sərnişindaşıma xidməti tarifinin yuxarı həddi müntəzəm şəhərdaxili avtobus marşrutları üzrə 1 gediş üçün 30 qəpik, şəhərətrafı və qəsəbələrarası avtobus marşrutları üzrə məsafədən asılı olaraq 1 gediş üçün 30-90 qəpik, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə 1 kilometr üçün 2,4 qəpik təsdiq edilib.

Yeni tariflər cari ilin 1 avqust tarixindən qüvvəyə minəcəkdir.

Şura qərarını belə əsaslandırıb:

"Müntəzəm avtobus marşrutları üzrə sərnişindaşıma xidmətlərinin tariflərinin yuxarı hədləri sonuncu dəfə 2007-ci ilin 6 yanvar tarixində, metroda sərnişindaşıma xidmətinin tarifi isə 2011-ci ilin 24 noyabr tarixində təsdiq edilib.

Ötən müddət ərzində ictimai nəqliyyatda sərnişindaşıma xidməti üzrə xərclərin artması, avtobus parkının yenilənməsi və istismara saz vəziyyətdə saxlanılması üçün nəqliyyat vasitələrinin və ehtiyat hissələrinin xarici valyuta ilə idxal edilməsi, xidmət səviyyəsinin davamlı olaraq yüksəldilməsi, nağdsız ödəniş sisteminin tətbiqinin genişləndirilməsi, metro nəqliyyatı üzrə dövlət büdcəsindən asılılığın azaldılması və s. amillər nəzərə alınaraq, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, "Bakı Metropoliteni” QSC, Bakı Nəqliyyat Agentliyi vasitəsilə "BakuBus” MMC və sərnişindaşıma xidmətlərini həyata keçirən bir sıra subyektlər tərəfindən sərnişindaşıma tariflərinə yenidən baxılması üçün Tarif (qiymət) Şurasına müraciətlər olunub. Qaldırılan məsələlər Tarif (qiymət) Şurasının Katibliyində kompleks şəkildə araşdırılaraq Şuranın iclasının gündəliyinə daxil edilib”.

Bildirilir ki, Bakı şəhərində ictimai nəqliyyatdan ödəniş vasitəsi kimi plastik və ya kağız kartların balansından gediş haqqı üçün ödəniş 2018-ci ilin 31 iyul tarixinə qədər (31 iyul tarixi də daxil olmaqla) mövcud tariflə, 1 avqust tarixindən etibarən isə yeni tariflə tutulacaq.

İclasda iştirak edən Bakı Nəqliyyat Agentliyinin nümayəndələri bildirib ki, ictimai nəqliyyatdan məhdud istifadə üçün nəzərdə tutulan kağız kart sahibləri 1 avqust tarixindən əvvəl alınmış kağız kartın balansında qalan və istifadə oluna bilməyən məbləğə görə 1 avqust tarixindən etibarən "20 yanvar”, "28 may”, "Nəriman Nərimanov” və "Neftçilər” metro stansiyalarında fəaliyyət göstərən "Kart analiz mərkəzləri”nə yaxınlaşaraq qalıqdan istifadə etmək məqsədilə həmin məbləği artıra bilərlər.

Tarif Şurası hesab edir ki, dəyişikliklərdən sonra belə ictimai nəqliyyatda sərnişindaşıma xidmətləri üzrə tariflər əksər MDB və region ölkələri ilə müqayisədə aşağıdır:

"Belə ki, hazırda metro ilə sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,40 manat, Belarusda 0,48-0,56 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,44-1,75 manat, avtobusla müntəzəm şəhərdaxili sərnişindaşıma xidmətinin tarifi Rusiyada 0,80-1,50 manat, Qazaxıstanda 0,20-0,45 manat, Belarusda 0,44-0,52 manat, Gürcüstanda 0,35 manat, Türkiyədə 0,91 manat, müntəzəm şəhərlərarası avtobus marşrutları üzrə tarif isə Rusiyada 5,2-9,2 qəpik/km, Gürcüstanda 4,2-7,5 qəpik/km, Türkiyədə 4,9-8,0 qəpik/km təşkil edir”.

İqtisadçı Natiq Cəfərli Meydan TV-yə deyib ki, metro və avtobuslarda gediş haqlarının artırılması gözlənilən idi:

"Çünki uzun müddət ictimai rəyi qiymət artımına hazırlayırdılar. Deyirdilər ki, metro, ümumiyyətlə, ziyanla işləyir, avtobuslarda rentabellik aşağı səviyyədədir və s”.

Natiq Cəfərli

Ancaq Natiq Cəfərli Tarif Şurasının qərarının iqtisadi əsası olmadığını bildirib:

"O zaman iqtisadi əsası olardı ki, Metropoliten və sərnişindaşıma rəhbərliyi də 1 sərnişinin daşımasının maya dəyərinin neçəyə baş gəldiyini, hansı xərclə hesablandığını və gəlirlərini izah etsinlər. Nəzərə alın ki, hər iki qurum dövlətdən daha çox dotasiya alırlar, ikinci, təmir və yeni avtobusların alınması ilə bağlı dövlət dəstək də verir. Bununla belə, Metropoliten rəhbərliyi yenə də ziyanla işlədiyini və sərnişinlərin daşınmasının baha başa gəldiyini iddia edir. Amma bir dəfə də olsun bahalığın səbəbinin nədən qaynaqlandığını və maya dəyərini necə hesabladıqlarını açıqlamırlar. Beləliklə, dövlət nəzarətində olan qurumların iş qabiliyyəti qeyri-şəffaf olduğundan effektiv olmur və son nəticədə korrupsiyaya yol açır. Sonradan isə bu xərclər vətəndaşın üzərinə gəlir”.

Natiq Cəfərli güman edir ki, hökumət qərarını yeni avtobusların, vaqonların alınması və xətlərin açılması ilə izah edəcək.

Hüquqşünas Ələsgər Məmmədli Tarif Şurasının qonşu ölkələrdən misal gətirməsini yolverilməz hesab edib:

Ələsgər Məmmədli 

"Tarif Şurasının rəhbərliyi bilməlidir ki, ölkə daxilində monopolist qiymət müəyyən edəndə yeganə nəzərə alınmayacaq parametr qonşu ölkələrdəki qiymətdir. Çünki həmin ölkələrdəki qiymət bizim ölkədəki daxili qiymətin formalaşmasında nə maya dəyərə, nə də digər məsələlərə təsir etmir. Ayrıca utanmasınlar, bir də elan etsinlər ki, həmin ölkələrdə minimum əməkhaqqı, minimum pensiya nə qədərdir. Nəqliyyat xidməti haqlarını 50% artıranda qonşu ölkələrlə müqaisə edirlər, pensiyaları 1,5% artıranda qonşu ölkələr yada düşmür. Vətəndaşına qarşı bu qədər məsuliyyətsizlik olmaz. Elə ailə var ki, onun bir gündə evində 4-5 şəxs azı 2, 3 marştut dəyişərək işə, məktəbə, repititor yanına gedir. Bu ortalama günə 5-6 manat, aya 150-180 manat deməkdir. Xərcləri bir gecədə 50% artıran hökumət gəlirləri də gərək 50% artırsın".

Ələsgər Məmmədli Türkiyəni misal gətirib:

"Türkiyədə minimum əməkhaqqı 2018-də 2.029,50 TL müəyyən edilib. Yəni bu günkü kursla 710 manat. Bu pulla Türkiyədə an aşağı (0,44 man) ictimai nəqliyyatdan 1601 dəfə istifadə etmək olar. Azərbaycanda minimum əmək haqqı 130 manatdır. Bu pulla cəmi 433 dəfə ictimai nəqliyyatdan istifadə etmək olar. Azərbaycan vətəndaşı Türkiyədəkindən 3,7 dəfə baha istifadə edəcək ictimai nəqliyyatı".

"Bakı Metropoliteni"nin bir sərnişin daşıması 47 qəpiyə başa gəlir. 

"Report" xəbər verir ki, bunu jurnalistlərə "Bakı Metropoliteni" QSC-nin mətbuat katibi Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, bu, MDB ölkələrində ən aşağı rəqəmdir: "Metroda gediş haqqı Belarusda 55 qəpik, Kiyevdə 47-50 qəpik təşkil edir. Rusiyada isə dəfələrlə bahadır. Hazırda da MDB məkanında ən ucuz qiymət Azərbaycandadır".