Çindən Azərbaycana hansı məhsullar gətirilir? - Ekspertdən çağırış

Çindən Azərbaycana hansı məhsullar gətirilir? - Ekspertdən çağırış

29-01-2020 01:26 / Bu xəbər 880 dəfə oxundu

Eyyub Hüseynov: "Bu virus insanlara təkcə sıx təmas zamanı yoluxsaydı, Çindən gələn avtomobillər dezinfeksiya edilməzdi"

"Son illər ölkədə istifadəsi daha da artan zəncəfil Azərbaycana ancaq Çindən gəlir. Bu, birmənalı olaraq belədir. Həmçinin ekzotik meyvələrin əksəriyyətinin, həmçinin avokado, manqo kimi bir çox meyvələrin də Çindən gətirildiyini istisna etmirəm".

Bu sözləri Axar.az-a Azad İstehlakçılar İctimai Birliyinin sədri, ekspert Eyyub Hüseynov Çində qeydə alınan ölümcül koronavirus epidemiyası təhlükəsi və sözügedən ölkədən gətirilən qida məhsullarının bu virusun daşıyıcısı olma ehtimalları barədə danışarkən deyib.

E.Hüseynov qeyd edib ki, bu virus insanlara təkcə sıx təmas və heyvani məhsullardan istifadə zamanı yoluxsaydı, Çindən gələn avtomobillər dezinfeksiya edilməzdi: "Hazırda onlarla insanın ölümünə səbəb olan koronavirusun yayıldığı ölkədən ilk növbədə qida məhsullarının gətirilməsi dayandırılsa, daha yaxşı olar. Həmçinin mən hesab etmirəm ki, bu virus insanlara ancaq sıx təmas zamanı və heyvani məhsullardan yoluxur. Çünki epidemiya elə bir şeydir ki, insanın xəstə insanla adi təması, mikrobun düşdüyü əşyadan istifadəsi zamanı da yoluxma olur. Əgər belə olmasaydı, Çindən gələn avtomobillər sərhəd keçid məntəqələrində dezinfeksiya edilməzdi”.

Ekspert bildirib ki, ancaq bu o demək deyil ki, Çindən gələn hər bir məhsul infeksiya daşıyıcısıdır: "Təbii ki, biz Çin istehsalı olan, Çindən gələn hər məhsula infeksiya daşıyıcısı kimi baxa bilmərik və baxmağımız da düzgün olmazdı. Sadəcə əvvəlki vaxtlarla müqayisədə Çindən alınan məhsulların qaynar suda yuyulması, təmizlənməsi daha məsləhətdir. Məsələn, Çin istehsalı olan geyim alanlar yaxşı olar ki, onu geyinməzdən əvvəl yaxşı ütüləsinlər”.

E.Hüseynov bildirib ki, onlayn alış-verişlə məşğul olan şəxslər daha diqqətli olmalıdırlar: "Burada internet vasitəsilə Çindən sifariş verilən məhsullara da diqqət etmək lazımdır. Karqo vasitəsilə gələn məhsullar birbaşa Çindən gəlir və bu, daha təhlükəlidir. Yaxşı olar ki, buna daha çox diqqət edilsin. Bu kimi alış-verişlə məşğul olan şəxslər də maksimum dərəcədə diqqətli olmalıdır. Hər nə qədər bu virusun sıx təmas zamanı və heyvani məhsullardan keçdiyi deyilsə də, yenə də ehtiyatlı olmaq lazımdır”.

Xatırladaq ki, ölümcül olan koronavirus epidemiyası artıq dünyanın bir çox ölkəsində yayılıb.