Müdafiə sənayesi: ixrac iki dəfə artıb

Müdafiə sənayesi: ixrac iki dəfə artıb

27-04-2018 13:37 / Bu xəbər 1287 dəfə oxundu

Müdafiə Sənayesi Nazirliyi 2018-ci ilin ilk rübünün nəticələri ilə bağlı hesabat yayıb. 

Rəsmi məlumatda qeyd olunur ki, yanvar-mart aylarında istehsal olunan məhsulun 89 faizi müdafiə və xüsusi təyinatlı, 11 faizi mülki təyinatlı məmulatlardır: "İstehsalı mənimsənilmiş müdafiə təyinatlı məmulatların çeşid sayı 1200-ə çatdırılıb. 

Döyüş sursatları, müasir atıcı silahlar və artilleriya silahları, pilotsuz uçuş aparatları, zirehli texnikalar və digər müdafiə təyinatlı məmulatlar 10-dan çox ölkəyə ixrac olunur. İxrac olunan məhsulun həcmi 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb.

Cari ildə nazirliyin müəssisələrində 127 adda məmulat üzrə təcrübi-konstruktor işlərinin aparılması nəzərdə tutulur. 

Yaradılması nəzərdə tutulan məmulatlardan xüsusi təyinatlı hücum pulemyotunu, müxtəlif millimetrlik avtomat silahları, iri çaplı pulemyotlar və avtomatik toplar üçün lülələri, avtomatik qumbaraatan kompleksini, lüləaltı qumbaraatanını və snayper tüfəngləri üçün optik nişangahları göstərmək olar”.