Nə seçki var, nə inqilab, nə də diskurs...

Nə seçki var, nə inqilab, nə də diskurs...

04-09-2019 16:49 / Bu xəbər 2717 dəfə oxundu

Xalid Bağırov

Azərbaycanda heç vaxt diskurs olmayıb, sadəcə, diskurs imtisasiyası və diskurs üzərindən manipulyasiya olub. Çünki müzakirələrdə heç vaxt məzmunlar danışmayıb, parlaq formalar göydə uçuşub, komplekslər altdan "tırka” verib. Nərimanov-Rəsulzadə dönəmində də belə olub, indi də bu belədir. Bu ictimai müzakirənin hər bir sahəsinə aiddir, siyasətə də...

İndi də guya seçki və ya inqilab diskursu var. Əslində nə seçki var, nə inqilab, nə də diskurs. Bu iki tezisin bir-birinə qarşı qoyulacaq tərəfi belə yoxdur. 

Məsələn, İlham Əliyev 16 ildir ki, hakimiyyətdədir. Bu da edir  5800-dən artıq gün. İlham Əliyev hakimiyyətdə olduğundan üzü bəri 3 parlament və 3 prezident seçkisi keçirilib. 

İnqilab edib hakimiyyətə gəlmək üçün konkret günə ehtiyac yoxdur. Bunu ilin istənilən gününə təyin edə bilərsən.  Amma seçki yolu ilə hakimiyyətə, yaxud da onun bir qoluna sahiblənmək üçün 6 belə şans olub. 

Yəni bu 16 ildə  5800 dəfə əlində hakimiyyətə sahiblənmə şansı olanlarla 6 dəfə bu şansdan yararlanmağı düz sayanlar arasında nə diskurs ola bilər? 

Digər tərəfdən diskursun tez və antitezləri olmaq üçün bu vasitələr uyğun gəlmir. Çünki bunlar bir-birini inkar edən imkanlar deyil. Həm seçkilərin mitinqlərə ehtiyacı ola bilir (hətta irəli getsək, inqilaba çevrilə bilir), həm də inqilabın sonu seçkilərlə bitir.  O zaman niyə belə yersiz qarşıdurma ortaya atılır?!

Bu, sadəcə, imitasiya üçün seçilmiş tezislərdir. Hər imtiasiyanın arxasında bir gizli həqiqət durur. 

Nədir gizli həqiqət? Əslində ölkədə seçkiyə gedək və ya inqilab edək diskursu yoxdur. Olan seçkiyə gedək və ya getməyək diskursudur. Bu qədər sadə. 

Seçkiyə gedənlərlə hər şey aydındır. Burda iki arqument ortaya çıxır:  ya doğurdan bu yola inanırlar və başqa yol görmürlər, ya da həmişə əlaltında hazır olan speklyativ bir arqument var "satılıblar”.

Seçkiyə getmək istəməyənlərin arqumenti nədir? Birincisi, ölkədə seçki və seçki üçün heç bir şərait yoxdur. Belə halda hansı seçkidə iştirak əhəmiyyətli olmayacaq. 

İkincisi belə seçkilərdə iştirak hakimiyyətə legitimlik qazandırır. 

Gəlin sonuncu arqumentdən başlayaq. Legitimlik nədir və onu nə ilə yeyirlər? Əgər bu arqumentdən istifadə spekulyativ deyilsə, bizim bəzi siyasilərin bu legitimlik termininə istinadı bir talış meyvə alverçisinin Moskvada restoranda "salat”  sifariş verib, qarşısında xiyar görüb təəcüblənməsinə bənzəyir. 

Siyasi-hüquqi termin olan "legitimlik” özündə bir anlayışı "tanınmanı” ehtiva edir, həm daxildə, həm də xaricdə tanınma. Doğurdanmı,  görəsən, bu arqumenti irəli sürənlər inanırlar ki, əgər müxalifət seçkiləri boykot etsə, onda saxta seçilmiş Səməd Seyidov, Rəfael Hüseynov və başqaları Strasburqda AŞPA-nın yeməkxanasında Solmon balıqlı buterbrod yeməkdən məhrum olacaqlar. 

Və ya bu bir dəstə "qeyri-legitimin” qəbul etdiyi və onlardan daha artıq "qeyri-legitim” olan İlham Əliyevin imzaladığı qanunlar bu ölkədə işləməyəcək? 

Məsələn, Milli Şuranın sədri Cəmil Həsənli bu qanunlar əsasında aldığı pensiyadan imtina edəcək?  Legitimlik iddiasında olan firqə seçkiləri boykotla işini bitmiş saymamalıdır, ardından saxta formalaşmış hakimiyyət qolunun daxili olaraq tanınmaması üçün kütləvi itaətsizliklə bağlı tədbirlərə baş vurmalıdır (İnanın bunu etmək, xalqı seçkiyə və inqilaba aparmaqdan daha çətindir).

Yalnız kütləvi itaətsizliklə hakimiyyətin daxili qeyri-legitimliyini təmin etmək olar. O ki qaldı beynəlxalq qeyri-legitimliyə, müasir real politik dönəmində yalnız daxili qeyri-legitimlik beynəlxalq qeyri-legitimliyə səbəb ola bilir. Əks halda daxildə sükünətli razılıqla qəbul olunan hakimiyyəti beynəlxalq aləm və xarici dövlətlər niyə qəbul etməsinlər ki?  Əlbəttə, bütün bunlar olmayacaq. Olmasını da gözləmək, yalançılıq deyilsə, əfəllikdir. Hələ mən bu hakimiyyətdən gözlənən amnistiyaları, əfvləri, islahatları demirəm. Gözləmirik deyə bilərik, amma ikinci arqumentimiz bunu demir. 

O zaman gəldik ikinci arqumentə - bu "şəraitdə seçki”də iştirak mövzusuna. Burada həqiqət olan yeganə fakt, doğurdan da, seçki şəraitin bərbad olmasıdır. Niyə bərbaddır? Çünki seçki institutu məhv edilib. Ümumiyyətlə, bir ictimai-siyasi institut necə məhv edilə bilər? Çox sadə. Yəni onun ictimai nüfuzunu məhv edərək. Sadəcə, xalq seçkiyə inanmır, seçkiyə gəlmir və seçki institutu bitir. 

Azərbaycan hakimiyyətinin həmişə arzuladığı bir durum idi bu. Hakimiyyətə sahiblənmiş bir qrup növbəti seçimləri istəyərdimi? Əlbəttə, yox. Hakimiyyətin 2003-cü ildən apardığı seçki islahatları məhz bu istiqamətdə idi. Əvvəlcə seçki dönəmi 120 gündən (nəzərə alsaq, ölkədə 5 ilin 3 ili, hər biri də 120 gün seçki dönəmi idi) 75 günə, daha sonra 60 günə endirildi (bunun da yalnız 23 günü təşviqat günü). Hakimiyyətin bir məqsədi var idi, bu xalq nə qədər az seçki ilə yaşasa, o qədər yaxşıdır.

Bəs o zaman bizim rolumuz nə oldu? Seçkiyə getmək istəməməyimizin əsl sirri burda gizlənir, məncə. Əslində seçki institutunun məhv olması məsələsində bizim dolabımızda skeletlər var. 

Bu ölkədə hakimiyyət təbliğat baxımdan həmişə müxalifətə məğlub olub. Yəni ictimai düşüncəyə təsir etməkdə, ən azı marginallaşana qədər kifayət qədər güclü olmuşuq. Lakin seçki institutunun məhv edilməməsi üçün nə etdik? Və ya nə etməməli idik, amma etdik?!

Ölkədə seçkinin olmaması təbliğatını hakimiyyət yox, biz apardıq. Hər dəfə məğlubiyyətimizi əsaslandırmaq üçün, bütöv bir institutu bada verdik. Bir növ seçki uğursuzluğumuzu (burda səsvermənin nəticələrində uğursuzluq nəzərdə tutulmur, səssayma da bura aiddir) əsaslandırmaq üçün seçdiyimiz vasitənin ölkədə bütöv bir institutu məhv edəcəyi ağlımıza gəlmədi. Nəticəsi də budur. İndi isə seçkiləri ancaq televizorda o da xarici ölkələrdə izləyirik.

Seçkilər siyasi sistemin olmazın olmaz instrumentidir. İndi bu instrumentsiz siyasətçi fırçasız rəssam, çəkicsiz usta kimi bir şeydir. Bu gün Azərbaycan siyasətçisinin facebook blogerindən fərqi yoxdur. Hər iki seçkiyə getmir və hər seçkisiz haqlıdır. 

Nümunə olaraq qonşu dövlətlərdən birinin yaxın siyasi tarixinə xitab edək. Keçən il Türkiyə Prezident seçkilərində müxalif namizəd Mühərrəm İncənin performansı hər kəsi təəcübləndirmişdi. Milyonluq seçki mitinqləri hazırki Türkiyə hakimiyyətinin əlehdarlarında bir inam yaratmışdı. Lakin nəticədə son 16 il Türkiyyə hakimiyyətinin əvəzedilməz sifəti olan Rəcəb Tayib Ərdoğan yenə qələbə çaldı. 

Türkiyəni bir kənara qoysaq, Azərbaycan müxalifətində olan İncə simpatizanları saxtakarlıq bağıraraq az qala Türkiyə müxalifəti əvəzinə inqilab edəcəkdilər. Lakin onlar böyük hüsrana uğradılar. Çünki bir neçə gün sonra, M.İncə çıxıb məğlubiyyəti qəbul etdi və ƏLDƏ EDILMIŞ NAİLİYYƏTLƏR üzərinə yola davam edəcəklərini bildirdi. Əldə edilmiş nailiyyətlərin növbəti nəticəsi özünü çox gözlətmədi, düz bir il sonra, Əkrəm İmamoğlu və digərləri ilə gəldi. 

Sizcə, Mühərrəm İncə bir il öncə ölkədə seçki yoxdur, səslər oğurlanır və sairə (əslində mənə görə Türkiyə seçkilərində ciddi problemlərin olması şübhəsizdir) bəyan etmə taktikası seçsəydi, bir il sonra xalqı Əkrəm İmamoğlu üçün seçkiyə gətirmək mümkün olardımı? Əlbəttə, yox.  

Bir Azərbaycan siyasətçisi ölkə siyasətinin əsl mahiyyətini ortaya qoyan bir cümlə yazmışdı: "Türkiyədə seçki başa çatdı. Səbirsizlik nəticələri gözləyirik”.

Çox maraqlı idi, o nəticələr Azərbaycan siyasətçisinin nəyinə lazım idi? Bəlkə də, prosesə diqqət ayırsaydı, daha çox faydalı olardı. Nə bilim... 

Kantın transedent vəhdətini düşünsək, bilməliyik, seçim seçimedənindir. Yəni idealda seçki xalqındır, Məzahir Pənahovun yox. İndi nə etməliyik, oturub gözləməliyik İlham Əliyev nə vaxtsa bu seçkini xalqa qaytaracaq. Əlbəttə, bu olmayacaq. Yeganə vasitə xalqın seçkiyə sahiblənməsinə nail olmaqdır. Qurmaq istədiyimiz yeni sistem, hədəf məhz bu deyildimi məgər? 

Bax məsələdə bundadır. Özümüzün seçkilərdən uzaqlaşdırmaq üçün heç də axırıncı rol oynamadığımız xalqı yenidən seçkiyə gətirməyə bir yerimiz (üzümüz və sairə) çatmır. 

Seçkidə iştirak etməməyimiz üçün başqa səbəblər də göstərmək olar. Məsələn, resursların olmaması və sairə. Yeri gəlmişkən, seçki hər bir partiyanın resurslarının ortaya çıxarmaq üçün ən uğurlu vasitədir. Yəni seçkiyə kimlə gedirsən, nə ilə gedirsən, filan...

Bir də səmimi olmaq lazımdır, əgər biz bu xalqı inandırıb daha təhlükəsiz olan seçki qutusuna apara bilmiriksə, onları daha çox riskli olan mitinq və ya inqilab etməyə necə apara bilərik? Əgər xalqın seçkidə sahiblənməsini təmin etmək üçün gücümüz yoxdursa, o biriləri düşünməyə heç dəyməz də.

Seçkidə iştirak etmək tərəfində olanlara gəlsək, onlara aid edilən standart "satılıblar” arqumentini kənara qoysaq və ölkədə dəyişikliyi tətiklənmənin yolunu seçki institutunu xalqa qaytarmaqda görmələrin qəbul etsək, bilməliyik ki, bu yalnız bir təşkilatın edə biləcəyi bir fürsət deyil. Bunun üçün bütün müxalif camiyə və üstəgəl, vətəndaş cəmiyyəti birləşməlidir və ardıcıl fəaliyyət göstərməlidir. Məhz seçkiyə inamı xalqı qaytarmaq üçün birləşməkdən söz gedir. Ona görə də seçkidə iştirak tərəfdarlarının bunun əleyhinə olanlara qarşı aqressiyasının səbəbini burada axtarmaq lazımdır. 

Yoxsa kimsə bazar açıbsa, nə vecinədir qonşusunun satmağa bir şeyi var ya yox? Məsələn 2000-ci ilin parlament seçkilərindən sonra AXCP Milli Məclisə gedəndə düşündümü ki, axı bu seçkilər də uğur qazanan Musavat olsa da, Milli Məclisdə bir nəfərlə də olsun təmsil olunmur? 

Yeri gəlmişkən mənə qalsa, düşünmürəm ki, bu ölkədə siyasət və siyasi gündəm var. Ölkədə olan ancaq spekulyasiyadır. Təxminən 2 ay öncə 8 illik araşdırmadan sonra Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il Azərbaycan parlament seçkiləri ilə bağlı növbəti qərarını elan etdi. Lakin bu qərarın belə uzun vaxt almasının səbəbi o idi ki, bu işdə əvvəlki işlərdən fərqli çox ciddi məsələ müzakirə olunurdu. 

Azərbaycan hökumətinin seçki müddətlərini qısaltması ilə bağlı islahatların yaratdığı vəziyyət. Qısası, AİHM pozuntunu tanıdı. İndi hökumət qarşısında ciddi qanunvericilik islahat aparmaq vəzifəsi durur. Düzdür, Azərbaycanda siyasət olmadığı üçün belə şeylər niyə müzakirə obyekti olsun ki? 

Hə, deyə bilərsiniz ki, 8 il çox uzun zamandır. Ola bilər. Amma... 8 il öncə...yəni 2011-ci il... Ərəb baharının küləyi Azərbaycana gəlmişdi, müxalifət inqilab etmək istəyirdi. 

2011-ci ilin aprel hadisələri oldu... Bir beynəlxaq təşkilat hesabatında o hadisələri "Gəlməyən bahar” adlandırdı. İndi 8 il keçib, yenə inqilab etmək istəyirlər...  

Bu prizmadan baxanda 8 il o qədər uzun görünmür.

P.S. Yeri gəlmişkən, Avropa Məhkəməsi yuxarıda qeyd etdiyim qərarında 2010-cu ildə İsa Qəmbərin iştirak etdiyi seçki dairəsində keçirilən seçkiləri qanunvericilik problemləri olduğu üçün bərabər olmayan seçki saydı. İnanın, bəlkə, heç İsa Qəmbərində bundan xəbəri yoxdur. Bax belədir ölkə "siyasəti..." 

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.