"Oğlumun qanı yerdə qaldı" - Rasimin anası

12-10-2016 17:56 / Bu xəbər 2420 dəfə oxundu

Bu gün mərhum jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi işi üzrə həbs edilən "Qəbələ" klubunun sabiq kapitanı Cavid Hüseynov azadlığa buraxılıb.

ANN.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə keçirilən prosesdə vəkil Adəm Məmmədovun şikayəti təmin edilib. Bununla da, Cavid Hüseynov məhkəmə zalından azadlığa buraxılıb.
 
Futbolçu Cavid Hüseynovun azadlığa çıxmasına münasibət bildirən mərhum jurnalist Rasim Əliyevin anası Teyfurə Əliyeva ANN.Az-a açıqlamasında bu qərarın gözlənilməz olduğunu dedi: "Cavidin azadlığa çıxması çox pis təsir elədi. Hələ də özümə gələ bilmirəm. Nə qədər haqsızlıq olduğunu bu gün hamı gördü. Onsuz da onun maddəsi yalan idi, dəyişdirilmişdi. Cavid təşkilatçı idi. Yəqin maddə ona görə dəyişdirilib ki, Cavidi indi belə aradan çıxarsınlar. Həkimləri də belə aradan çıxardılar. Heç ümidim yoxdur ki, o tutulan 5 nəfər həbsdə qalsın. Onları da bu cür azad edəcəklər”.
 
"Artıq bizim üçün də yaşamaq qorxuludur. Kimin adamı, gücü var, belə aradan çıxır. Rasimimin qanı yerdə qaldı”, - deyə T.Əliyeva əlavə edib.

Xatırladaq ki, ANNTv-nin əməkdaşı mərhum jurnalist Rasim Əliyevin 2015-ci il avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Cinayət Məcəlləsinin 126.3 (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 177.1-ci (oğurluq) maddələri ilə Bakı şəhər prokurorluğunda istintaqı aparılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanması və törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair hissə ayrıca icraata verilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə jurnalist Rasim Əliyevin ölümündə təqsirləndirilən şəxslər - Kənan Mədətov və Samir Mustafayevin hər biri 9 il, Camal Məmmədov 11 il, Arif Əliyev 12 il 6 ay, Elşən İsmayılov 13 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cavid Hüseynov isə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi.