ReAl gizli qurultay keçirdi

ReAl gizli qurultay keçirdi

09-04-2018 15:42 / Bu xəbər 744 dəfə oxundu

61 namizəddən 40-ı demokratik yolla məclisə üzv seçildi

ReAl Hərəkatı gizli qurultay keçirərək partiyaya çevrilib. 

Bu barədə Meydan TV-yə məlumat verən Hərəkatın İdarə Heyətinin üzvü Natiq Cəfərli deyib ki, həftəsonu həm onlayn, həm də ReAl-ın qərargahında səsvermə yolu ilə qurultay baş tutub:

"Aprelin 7-də "Facebook" üzərindən səsvermə və müzakirələr başladı. Bazar günü, aprelin 8-də isə ofisimizdə normal qaydada səsvermə baş tutdu. ReAl partiyaya çevrildi, sədr isə İlqar Məmmədov seçildi. Məclis üzvlüyünə 61 namizəddən 40-ı şəffaf səsvermə yolu ilə seçildi".

ReAL hələ ötən ilin oktyabrın 29-da qurultay keçirilməsi üçün Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsinə müraciət etmişdi. Təşəbbüs Qrupu "Təbriz” və "Bakı” kinoteatrlarında və ya Bəhlulzadə adına Mədəniyyət Sarayında qurultay keçirilməsini istəmişdi.

Bakı şəhər Mədəniyyət və Turizm Baş İdarəsi müraciəti rədd edərək bildirmişdi ki, təsis qurultayından ötrü istənilən məkanlardan "Təbriz” və "Bakı” kinoteatrları baş idarənin balansında deyil. Bəhlulzadə adına Mədəniyyət Sarayında isə həmin tarixdə film nümayişi olacaq.

Noyabrın 8-də Bakı şəhər İcra Hakimiyyətinə edilən təkrar müraciətə də "yox” cavabı verilmişdi.

Partiyanın Təşəbbüs Qrupu qurultayı növbəti dəfə dekabrın 17-də, Müsavat Partiyasının qərargahında keçirməyi planlaşdırsa da, buna icazə verilməyib. ReAL-ın yaydığı bəyanatda deyilirdi ki, Müsavat Partiyasının başqanı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) çağırılaraq qərargahda keçirilməsi planlaşdırılan ReAL-ın Qurultayı ilə bağlı xəbərdarlıq alıb. Bundan başqa, Dövlət Əmlak Komitəsi rəsmi məktubla Müsavat Partiyasına xəbərdarlıq edib ki, əgər Qurultay üçün ReAL-a yer verilsə, istifadələrində olan binanın boşaldılması üçün addımlar atılacaq.

Toplantı üçün yer tapa bilməyən ReAL gizli şəkildə qurultay keçirərək partiyaya çevrilib. Bu, müstəqil Azərbaycan tarixində ilk hadisədir.

1989-cu il iyulun 16-da Azərbaycan Xalq Cəbhəsi (AXC) də gizli konfransla təsis olunub. Sovet Hakimiyyətinin təzyiqi ilə üzləşən təşkilatçılar Milli Azadlıq Hərəkatının fəallarından olan Ağamalı Sadıq Əfəndinin evində toplaşaraq konfrans keçiriblər.

ReAL Hərəkatı 2009-cu ildə təsis edilib. Hərəkat respublikaçılıq ideyalarını üstün tutur. Hərəkatın sədri İlqar Məmmədov 2013-cü ilin yanvarında İsmayıllı hadisələrin ilə bağlı həbsə alınıb. O, kütləvi iğtişaşların təşkilində ittiham edilərək, məhkəmənin qərarı ilə 7 il azadlıqdan məhrum edilib.

Avropa İnsan Hüquqları Məhkəməsi onun həbsdən azad olunması ilə bağlı qərar verib. Ancaq o, hələ də azadlığa buraxılmayıb.