"Stress çarxı məni stressə saldı" - REPORTAJ

01-07-2017 14:19 / Bu xəbər 2215 dəfə oxundu

Son vaxtlar uşaqdan böyüyə hər kəsin əlində stress çarxlarını görmək artıq adi hal alıb. 

Bəs, görəsən, ölkədə hər addımbaşı səyyar satışda və dükanlarda rast gəlinən, insanların da az qala kütləvi istifadə etdiyi "spinner" adlanan bu oyuncaqlar onlara nə kimi fayda verir? 

"Valideynlər şikayət etmir"

Bakı şəhərindəki köşklərdən birinin satıcısı Elşad Cabbarlı Toplum.Tv-yə deyir ki, "spinner"ləri Sədərək ticarət mərkəzindən alıb öz köşkündə satır. Onun sözlərinə görə, stress çarxlarının ən çox çeşidi elə Sədərəkdə olur. Oraya da Türkiyə və Çindən gətirilir. Onun satdığı "spinner"lərin qiyməti 3 və 5 manat arası dəyişir. Dediyinə görə, "spinner"ləri daha çox uşaqlar alır. 

Məktəb və ofis ləvazimatları satılan mağazanın satıcısı isə deyir ki, "Qiymətlər 4 manatla 16 manat arası dəyişir, bahalıların fərqi ondadır ki onlar daha sürətlə fırlanır və buna görə də çox satılır. Alıcılar arasında isə yaş fərqi yoxdur, uşaqlar da böyüklər də həvəslə alırlar. "Valideynlərdən isə heç bir şikayət yoxdur, onlar övladlarına ən bahalı stress çarxlarını alırlar”, - satıcı belə deyir.

Mağazadakı alıcılardan biri isə deyir ki, əslində "spinner"i doğru çevirdikdə sürətlə fırlanır və bu stress atmaqda kömək edir: "Spinnerin stress atmağa kömək etməsində rəngi də rol oynayır, bəzi insanlar qara rəng bəziləri isə açıq rənglı spinnerlərdən istifadə etdikdə daha yaxşı stress atırlar".

"Çarxın qiyməti məni stressə saldı"

İki övladı olan Bakı şəhər sakini Şəfiqə Vəliyeva isə Toplum.Tv-yə deyib ki, onun uşaqları "spinner"i düzgün çevirə bilməsələr belə sevirlər: "Övladımın hər ikisi "spinner"i doğru çevirə bilmir, ancaq yenə də əllərindən almaq mümkün deyil. Oğlum "spinner"i uşaq bağçasındakı dostlarında görüb həvəsə düşdü. Gəlib məndən soruşur: "Ana, Camal sürətli fırladır, niyə mən elə bacarmıram?” Hər gün çevirir ki, dostu Camal kimi bacarsın”.

Gülxanım İsmayılzadə isə deyir ki, stress çarxına 8 manat vermək onu stresə salıb: "İki uşağım var, birinə alıb o birinə almamaq olmur, qiyməti də ucuz deyil, nə yalan deyim, heç bir faydasını da görmürəm, sadəcə, dəbdir deyə alıram. Virus kimi yayıldı hər yerdə, məsələn, oğlum Vaqif dedi ki, hamı da var, məndə də olmalıdı, bütün sinif yoldaşlarında var. İndi də atıb kənara ki, bu, məndə heç bir stress atmır”.

Psixoloqlar deyir ki...

Ekspertlər spinnerləri iki cür qiymətləndirir. Bəzi ekspertlər düşünür ki, bu faydalıdır, bəziləri isə "spinner"lərin insanın sadəcə fikrini yayındırdığını və bunun ziyanlı olduğunu deyirlər.

Stress çarxları barədə danışan psixoloq Vəfa  Əkbər Toplum.Tv-yə bildirib ki, "spinner"lər hazırda populyar olduğundan artıq uşaqlardan böyüklərə keçib və insanlarda böyük maraq yaradıb, halbuki onun yaratdığı saysız fəsadlar var:

"Fəsadlardan biri də nevrozdan əziyyət çəkən insanlarda bunun irəliləməsidir. Əgər insan etdiyi hərəkətə şübhə edirsə, məsələn, qapını örtüb geri dönüb, qapının bağlı olub-olmadığını yoxlayırsa, "spinner"i çox əlində oynadan zaman bu addımları artırır və artıq növbəti dəfə qapını 10 dəfə yoxlamağa başlayır. Uşaqların əksəriyyəti isə düşünür ki, əgər hər kəs deyirsə ki, "spinner" onu sakitləşdirir, o, doğrudan da, sakitləşdirməlidir və artıq bu, ona uymayanda daxili aqressiya yaranır. Müəyyən xəstələrdə isə xəstəliklərin irəliləməsinə gətirib çıxarır”.