1918-ci il: Lənkəran və Muğan od içində

1918-ci il: Lənkəran və Muğan od içində

25-03-2020 17:25 / Bu xəbər 967 dəfə oxundu

Ön söz

Təxminən 100 il bundan əvvəl, 1918-1919-cu illərdə Muğan və Lənkəranda dramatik hadisələr baş verib. Uzun müddət həmin qanlı hadisələr tarixə maraq göstərənlərə müxtəlif saxta adlar və ideyalar altında təqdim edilib.

Əslində, ölkənin bol taxıl ehtiyatları olan Muğan düzü aclıqla üz-üzə dayanan qırmızı və ağ Rusiyanın bütün növdən olan bolşevik, menşevik, daşnak, eser, kazak, monarxist qüvvələrinin sınaq meydanına çevrilmişdi. Son vaxtlar bu mövzu ətrafında bəzi məqsədli "gəzişmələr” və hadisələrin məcrasını yanlış istiqamətə yönəltmək cəhdləri müşahidə edilməkdədir.

Bölgənin bütün müsəlman, türk və talış əhalisinin varlığını sual altına qoymuş həmin faciəli hadisələrə yüz ilin zaman məsafəsindən retrospektiv dəyərləndirməyə bir zərurət yaranmışdı. Bu zərurəti nəzərə alaraq aylarla Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivində, müxtəlif kitabxanalarda araşdırmalar apardım. Təəssüflə qeyd etməliyəm ki, dövrün olaylarını özündə əks etdirən tarixi sənədlərin, xüsusi ilə rus, erməni və müsəlman bolşeviklərinin xatirə, arayış və hesabatlarının bir hissəsi qeyd edilən arxivdə hələ də qapalı fondlarda saxlanılır, tədqiqatçılara verilmir.

Bununla belə əldə etdiyimiz sənədlər tam olmasa da, bəzi tarixi həqiqətləri üzə çıxarmağa imkan verir. 1918-ci il hadisələrinə işıq salan bu silsilə yazılar Lənkəran və Muğanın qanlı tarix hekayəsidir.

Ötən il Bakıda başladığım bu araşdırmanın birinci hissəsini nəhayət ki, Vaşinqtonda başa çatdırdım. Azərbaycan və ingilis dillərində oxuculara təqdim edilən bu qəmli hekayə əminəm ki, yaddaşları təzələyəcək, gerçək tarix düşüncəmizi  cilalayacaqdır.  

Cəmil Həsənli 

1918-1919-cu illərdə Muğan düzündə, Lənkəranda və Talış dağlarının ətəklərində qanlı hadisələr baş vermişdi. Həmin ilin avqust ayında əvvəlcə  qeyd edilən coğrafiyada yaşayan əhalinin varlığını, sonra isə Azərbaycan Respublikasının suverenliyini təhlükə altına almış "Molokan qiyamının” ləğv edilməsinin 100 illiyi tamam oldu. Məhz, 1919-cu ilin sentyabr ayının 9-da Azərbaycanın Paris Sülh Konfransındakı nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçibaşi Versal Ali Şurasına sədrinə Bakıdan – Azərbaycan hökumətindən aldığı teleqram əsasında məktub   təqdim etdi. Orada deyilirdi:  "Lən­kə­ran şə­hə­ri və Lən­kə­ran qə­za­sı bol­şe­vik­lər­dən tə­miz­lə­nib, qeyd edi­lən əra­zi­də Azər­bay­can hö­ku­mə­ti­nin ha­ki­miy­yə­ti bər­pa edil­miş­dir.”[1] Amma Azərbaycan Respublikasının suverenliyinin pərpa edilməsinə qədər, bölgənin müsəlman əhalisi böyük qurbanlar vermişdi. Bu məktuba qədər Muğan və Lənkəran bir il yarıma yaxın ağır faciələr yaşamışdı, Lənkaran şəhəri, Muğanın və Lənkəran ovalığının türk kəndləri, dağ ətəyi və Xəzər sahili talış yaşayış məntəqələri viran edilmişdi Lənkəran qəzasında. Qısa zaman fasiləsində hakimiyyətlər dəyişsə də, yerli əhalini məhv etməkdən ibarət olan hədəflər dəyişmədi.

Sovet "ideyası” altında Rusiyanın müxtəlif yerlərindən "inqilabi” təcrübə keçməyə gəlmiş bolşevikləri, Qafqaz cəbhəsinin dağılmasından sonra çörək axtaran ac rus əsgər və zabitlərini, Cənubi Qafqazdakı silahlı erməni daşnak birliklərini Muğana gətirən nə idi? Ağ və Qırmızı Rusiyanın inqilab və əksinqilab qarşıdurması, bölgənin müsəlman əhalisi ilə gəlmə xristian gücləri arasında qanlı savaşlar, hətta XIX-XX əsrlərdə Muğana köçürülmüş molokan və subbotnik dini təriqətçiləri arasında aramsız qırğınlar bölgənin taleyində və tarixində hansı dərin izlər qoymuşdu? Bu və digər məsələlərə aydınlıq gətirilməsi üçün həmin hadisələri 100 ilin zaman fasiləsindən dəyərləndirməyə tarixi bir zərurət yaranmışdır. Bu yazı da həmin zərurətin ifadəsidir.



***

Lənkəran və Muğanda 1918-1919-cu illərdə baş verən bir-birindən dəhşətli hadisələr haqqında nəsə yazılıbmı? Əlbəttə, hələ Sovet dövründə bu hadisələrin hakim ideologiyanın maraqlarına tabe edilməsi, bolşeviklərin Muğan və Lənkəranda "qəhrəmanlıq” epopeyasının uydurulması, proseslərin sinfi müstəviyə yönəldilməsi, milli və dini qırğınların sovetlərin "müqəddəs işi” fonunda arxa plana keçirilməsinə ilk cəhdlər olmuşdu.[2]  Sovet hakimiyyəti illərində bu hadisələrə ilk obyektiv qiymət vermək təşəbbüsü Azərbaycan milli ordusunun  polkovnik İsrafil bəy İsrafilbəyov 1943-cü ildə Berlində çıxan "Azərbaycan” qəzetinin 46-47-ci saylarında dərc olunmuş "Azərbaycan Ordusu haqqında xatirələr”ində və  Azərbaycan mühacirətinin öncüllərindən sayılan Mirzə Bala Məmmədzadənin "Azərbaycan dərgisi”nin 1953-cü ildə nəşr olunan 11-ci nömrəsində dərc  edilmiş "Muğan və Lənkəranın qurtuluşu” məqaləsində  edilmişdi. Bu yazılarda ilk dəfə olaraq bölgədəki qanlı olaylar öz rəngində təqdim edildi.  Müstəqillik illərində bu mövzu ətrafında bir sıra araşdırmalar nəşr edilib. Tarixi-xronoloji səpgidə yazılan bu əsərlər irəliyə doğru əhəmiyyətli addımlar olsa da, Muğan və Lənkəranda 1918-1919-cu illərin keşməkeşli hadisələrinin hələ aydın olmayan bir sıra məqamları çoxdur.[3] Azərbaycanın müstəqilliyi bərpa edildikdən sonra "Muğan Sovet Respublikası”nın adı ilə bağlı bir sıra spekulyasiya  meyllər də müşahidə edilir. Belə məqamlara daha çox rus araşdırmaçıların əsərlərində və Rusiya saytlarındakı qeyri-elmi yazılarda rast gəlmək mümkündür.[4] Məsələn, Vasili Şambarov yazır ki, Ziyatxanovun və digər tatar (türk) bəylərinin bandası əhalisi rus kəndlilərindən ibarət olan Muğana hücum etdi, 50 kəndi dağıtdı və 30 min adam Bakıya və Rusiyaya qaçdı.[5] Son illərdə belə mifoloji "əsərlər” Rusiyada geniş yayılsa da, qeyd edilən faktlar həqiqətdən çox uzaqdır. Əvvəla, Ziyatxanovun "bandası” heç vaxt Muğanda olmayıb və heç vaxt Muğanda 30 min rus kəndlisi yaşamayıb. Viktor Şnirelman isə nə az, nə çox 1919-cu ilin "Muğan Sovet Respublikası”nı 1993-cü ilin "Talış-Muğan respublikası”nın baş məşqi hesab edir.[6] Əlbəttə, son illərdə dərc olunan bu araşdırmaların içərisində tez-tez "Rus Muğanı” ifadələrinə təsadüf edilsədə də, lakin mövzuya   obyektiv mövqedən yanaşmağa meyl  göstərən bəzi cəhdlər də müşahidə edilir.[7]

Lakin bütövlükdə 1918-1919-cu illərin mürəkkəb Muğan-Lənkəran hadisələri ilə bağlı tarixi ədəbiyyat hadisələrə dərindən nüfuz edə bilməməsi ilə diqqəti cəlb edir. Ötən əsrin 30-cu illərinin birinci yarısında Bakıda Şaumyan institutu təxminən 3-4 il ərzində (1931-1935-ci illərdə) Lənkəran və Muğan hadisələrinin demək olar ki, sağ qalan bütün üzvlərinin mütəmadi keçirilən toplantılarının,  xatirə gecələrinin stenoqramlarını sənədləşdirib və hələ də axıra qədər açıqlanmayan, bəzi səhifələri üzərində məxfilik qrifi saxlanan  bu sənədlər həmin hadisələrin gerçək mahiyyətin öyrənmək üçün çox qiymətli tarixi mənbə rolunu oynayır.  Xatirə gecələrində iştirak edən 60 nəfərdən çox "inqilabçının” milli kimliyi həmin hadisələrin milli etnik xarakteri barədə maraqlı tarixi mənzərə yaradır: Vilmut, Faykovski,  Yakov Qrankin, Arzumanov, Ponomoryov, Mxitaryan, Makarov, Şəfi Əliyev, Moisey Boçarnikov, Sapunkov, Sidomonov, Möhsün Qədirli,  Şaxramanov, Hayk Arustamov, Qrişa Arustamov, Şirəli Axundov, Bakuradze və digərləri. Böyük əksəriyyəti bolşeviklər tərəfindən yazılmış bu xatirələrdə Lənkəran və Muğandakı hadisələr  aşağıdakı dövrləşmə kontekstində baxılır: Oktyabr sosialist inqilabına qədər, Oktyabr inqilabından 1918-ci ilin mart hadisələrinə qədər, mart hadisələrindən Bakı Xalq Komissarları Sovetinin iflasına qədər və Bakı Kommunasının iflasından 1919-cu ilin aprelində "Muğan respublikasının” qurulması, "Muğan respublikası”nın  iflasından 1920-ci ildə Azərbaycanda Sovet hakimiyyətinin qurulmasına qədər. 



***

Muğanda ilk rus kolonistləri XIX əsrin 30-cu illərindən başlayaraq  məskunlaşmışdı. Bu bilavasitə Rusiya Dövlət Şurasının 20 oktyabr 1830-cu il tarixli "Duxoborlar, ikonoborlar, molokanlar, iudeyistlər və xüsusi ilə zərərli hesab edilən digər sapığlar haqqında” rəyinin qəbul edilməsi ilə bağlı idi.[8] 1830-1880-ci illər arasında Muğan və Lənkəranda  rus təriqətçilərinin Andryevka, Astarxanka, Vel, Nikolayevka, Novoqolovka, Pravoslavnı, Privolnı, Prişib kimi yaşayış məntəqələri salınmışdı. 1880-1904-cü illərdə bu yaşayış məntəqələrinə  Alekseyevka, Qriqoryevka, Petrovka, Podqornı, Pokrovka, 1904-cü ildən sonra isə Vyatski, Qolitsino, Dmitrovka, Kamışovka, Krepostnı, Mixayilovka, Olxovka, Şimali Forştadt   və digərləri əlavə olundu. [9] 1897-ci il əhali sayımına görə Lənkəran qəzasına köçürülmüş rus əhalisinin ümumi sayı 9728 nəfər göstərilir və bu da XIX əsrin sonlarında qəza əhalisinin 7,43 faizinə bərabər idi. 1897-ci il siyahıya alınmasına görə Lənkərən qəzasının əhalisinin 84 725 nəfəri (64,68 faizi) türklər, 35 291 nəfəri (26,72 faizi) talışlar (18 974 nəfər kişi, 16 317 nəfər qadın) təşkil edirdi. Qanlı hadisələr ərəfəsində Qafqaz təqviminə görə Lənkəran qəzasının 185518 nəfər əhalisinin 170000 nəfəri müsəlman 16206 nəfər isə rus köçkünləri idi ki, bunun da 6974 nəfəri provaslav, 9232 nəfəri müxtəlif xristian təriqətlərinin təmsilçiləri idi. Bu zaman Lənkəran şəhərində 17801 nəfər əhalisinin 15229 nəfəri (85,1 faiz)  müsəlman, 2022 nəfər isə (11,4 faiz) ruslar idi. [10]

Lakin yeni gəlmələrinə baxmayaraq Muğanda xəzinə və yerli əhalinin torpaqları hesabına rus köçkünlərinə əkinə yararlı 116 296 desyatin torpaq ayrılmışdı və bu da yerli müsəlman əhalisi ilə xristian təriqətçiləri arasında daimi münaqişələrə gətirib çıxarırdı. Çar Rusiyasının  köçürmə siyasətinin mərkəzində Muğan düzü dayanırdı. Rusiya Baş Torpaq Quruluşu və Torpaq işi İdarəsi Muğanda rus kolonistləri üçün 324 303 desyatin torpaq ayırmışdı, bu da bütün Cənubi Qafqazda köçürmə üçün ayrılmış bütün ərazilərin (1 567 114 desyatin)  1/5-dən çox idi.[11] Hətta, bəzi vaxtlar dövlət məmurlarının himayəsi ilə yerli əhalinin əkin altında olan yerləri məhsul yığılana qədər gəlmə rus köçkünlərinə verilirdi və nəticədə tərəflər arasında silahlı qarşıdurmalar baş verirdi. Lənkəran və Cavad qəzasının müsəlman kəndlilərinin adam başına mülkədarlardan icarə etdiyi 1,25 desyatın torpağı olduğu halda, həmin yerlərə köçürülmüş rus kəndlilərinə əsasən xəzinə torpaqları hesabına adam başına 2,75 desyatin torpaq verilmişdi.[12]

1910-cu ildə Muğana səyahət edən Qafqaz canişini İllarion Vorontsov-Daşkovun hesabatından aydın olur ki, Qafqazın baş canişini Muğanın köçürmə ruslar hesabına kolonizasiyasından tamamilə məmnundur.[13] Müsəlman əhalidən alınıb gəlmə ruslara verilmiş torpaq sahələrini qorumaq üçün qəzanın hökumət orqanları rəsmi qaydada Muğanın rus kəndlərində hər 100 nəfərdən 10-na berdenka tüfənglər paylamışdı.  Muğanda belə kəskin silahlı qarşıdurmalardan biri  1904-1905-ci illərdə  Alar və Ərqaya (sonra Pakrovka kəndi Ərqaya ərazisində salındı) əhalisi ilə Pokrovkada yaşayan ruslar arasında oldu. Münaqişənin əsas səbəbi əsrlər boyu yerli əhaliyə məxsus torpaq sahələrinin zorla alınıb Pakrovkada məskunlaşan ruslara verilməsi olmuşdu.   Alarlara 7 gün ərzində köçkünlər üçün ayrılmış torpaq sahələrini boşaltmaq əmri veriləndə onlar əldə silah öz torpaqlarının müdafiəsinə qalxdılar.  Qarşıdurma elə kəskin xarakter aldı ki, çar hökuməti vəziyyəti yerində araşdııb həll etmək üçün təcili olaraq Senator Aleksandr Kuzminskini Bakı quberniyasına, o cümlədən Muğana ezam etdi. Senator Kuzminski 1905-ci ilin may ayının 18-də Novoqolovka kəndində Alar və Pokrovka kənd cəmiyyətlərinin nümayəndələri ilə görüşərək münaqişəni müvəqqəti olaraq nizama sala bildi və Peterburqa yazdığı hesabatda Alar camaatının öz torpaqları uğrunda mübarizədə haqlı olduğunu etiraf etdi.[14] 

Vəziyyət bir qədər səngisə də, rus köçkünləri ilə müsəlman kəndliləri arasında torpaq mübahisələri 1912-ci ilə qədər davam etdi.  1912-ci ildə Vladimir Lenin  məhz senator Kuzminskinin hesabatına əsaslanaraq xrisian təriqətçilərin "ucqarları ruslaşdırmaq” üçün köçürüldüyünü qeyd edir və yazırd: "Alar camaatı öz torpaqlarından qovulub, senator Kuzminskinin dediyi kimi, "köçürülüb torpaqla təmin edilmədən başlı-başına buraxıldığı” zaman, bu camaatın torpaqlarını qəsb edən gəlmələr xəzinə hesabına silahlandırılmışdır: yerli qəza rəislərinə əmr verilmişdi ki, "Muğanda salınan yeni kəndlərdəki kəndlilərin (rusların – J.H.) və o cümlədən pokrovkalıların silahla təchiz edilməsi qayğısına qalsınlar, hər 100 həyətə 10 benderka versinlər.”[15]

1917-ci ildə Bakıda Sovet hakimiyyəti elan edildikdən sonra şəhərin taxılla, əhalinin çörəklə təmin edilməsi kəskin xarakter aldığında, yeni hakimiyyətin ilk hədəfi Muğan oldu. Həmin ilin dekabr ayının 12-də Bakı Sovetinin İcraiyyə Komitəsinin və Bakı qarnizonu nümayəndələrinin təcili iclasında silahlı dəstələr yaradılması və həmin dəstələrin Muğana göndərilməsi haqqında qərar qəbul edildi.[16] Həmin dövrdən başlayaraq Lənkəran qəzası və xüsusi ilə Muğan düzü bolşevik ekspermentlərinin dağıdıcı sınaq meydanına çevrildi.



***

1917-ci il inqilabından sonra Lənkəran qəzasının rəisi vəzifəsinə Sultan bəy Qulubəyov təyin edilmişdi. Nüsrət bəy Nurullabəyov qəza pristavı, Muğanın böyük bir hissəsini əhatə edən Səbidəşt sahəsinin pristavı isə Eçara kəndindən olan Qulam Tağıyev idi. Rusiyada inqilab baş verdikdən sonra Muğanın rus kəndləri xəzinəyə vergi ödəməkdən imtina etdilər və qonşu müsəlman kəndlərinə də xəbər göndərdilər ki, onlar da xəzinəyə və xanlara vergi ödəməkdən imtina etsinlər. Ayrı-ayrı yerlərdə kəndlilər hökumətə tabe olmaqdan imtina edir, kəndlərdə özünü idarə orqanları yaradırdılar. Məsələn, Muğanda Xırmandalı kəndinin sakinləri həmin vaxt heç kəsə tabe olmayaraq öz kəndlərini "Respublika” elan etmişdilər.

1917-ci ilin yayında geniş taxıl sahələri olan Muğanı aclıq bürümüşdü və hətta avqust ayının 18-də Lənkəranda çörək təminatında kartoçka sistemi tətbiq edilmişdi.[17] Həmin dövrdə Lənkəran qəzasının dağlıq hissəsindəki torpaq sahələrinin xeyli hissəsi Əsgər xan Talışinskinin mülkiyyətində idi və onun tabeşiliyində olan müsəlman kəndlərini də aclıq bürüdüyündən, kəndlilər arasında narazılıq başlanmışdı. Lakin 1917-ci ilin martında Məhəmməd Əmin Rəsulzadənin Lənkərana 4 günlük səfəri zamanı aparılan izahat işləri nəticəsində bu narazılıq aradan qaldırıldı. Həmin vaxt şəhər idarəsinə rəhbərlik edən, yalnız müsəlman əhalisinə deyil, rus əhalisinə də zülm edən, "xəlqi ac saxlayan” Saturovun yerinə Əsgər xan Talışinski yeni yaranmış Lənkəran müvəqqəti komitəsinin rəhbəri seçildi. Rəsulzadənin Lənkərana gəldiyi elə birinci gün şəhərin rus qadınları axşam onun qaldığı mehmanxananın qarşına toplanaraq  "o, (Saturov – C.H.) zalımı bizim başımıza təkrar ağa dikməyin” tələbini səsləndirmişdilər. Yeri gəlmişkən 1917-ci ilin martında seçilmiş Lənkəran Şəhər Komitəsinin (Şurasının) 15 üzvündən  11 nəfəri müsəlman, bir nəfəri rus, bir nəfəri erməni və iki nəfəri isə şəhərdə yerləşən ordunun əsgərləri idi. Həmin seçkinin nəticəsi olaraq hüquqşünas Sultan bəy Qulubəyov Komitənin rəisi, Lənkəran şəhər notaryusu Qaniçev və hərbi həkim Batanov onun müavinləri, Tağı bəy Bayrambəyov, Əsəd xan Talışinski, doktor Əliheydər Cavadov, Yusif bəy Mehmandarov isə Komitə üzvləri seçildilər. [18]



Birinci dünya müharibəsi Muğanda milli, dini və sosial ziddiyyətləri daha da kəskinləşdirmişdi. Rus əhalisinin hərbi səfərbərliyə cəlb edilməsi 1917-ci ildən başlayaraq Qafqaz cəbhəsinin dağılması və çoxlu silahlı adamların Muğana axışması ilə nəticələnmişdi. Onların bir hissəsi vaxtı ilə Muğanın rus kəndlərindən orduya səfərbər edilmiş hərbi xidmətçilər, digər hissəsi isə dağılmış Qafqaz cəbhəsinin çörək axtarışı ilə Muğana üz tutan əsgər və zabitləri idilər. Bu axın Lənkəran və Muğandan rus əhalisinin sayına da ciddi təsir göstərmiş, qanlı olaylar ərəfəsində bölgədə rus əhalisinin sayı 20 min nəfərə çatmışdı.[19] Bunu Lənkəran hadislərinin iştirakçısı olmuş Şirəli Axundov da öz xatirələrində qeyd edir.[20] Həmin dövrdə bölgədə marağı olan britaniyalıların məlumatına görə Bakıdan cənuba Xəzər dənizi boyunca Lənkəran və Muğanda böyük rus koloniyası yaşayırdı və onlar 5 min adamı silah altında saxlamaq imkanına malik idilər.[21] 1897-ci il əhali sayımı ilə müqayisədə 20 il ərzində Muğan və Lənkəranda rus əhalisinin 2 dəfədən çox arması bir tərəfdən birinci rus inqilabından sonra Rusiya Nazirlər Şurasının sədri Pyotr Stolıpinin köçürmə siyasəti ilə bağlı idisə, digər tərəfdən Romonovlar imperiyasının süqutundan sonra Qafqaz cəbhəsindən fərarilik edən əsgər və zabitlərin bölgəyə axını ilə bağlı idi.

Qafqaz  cəbhəsindən Bakıya, oradan da Muğana gəlmiş rus zabiti Ponomoryov belə hesab edirdi ki, oradakı inqilabı hərəkatın Bakı ilə elə bir əlaqəsi yox idi, onun  fikrincə Muğanda "inqilabı” imperialist müharibəsinin cəbhələrindən qayıtmış rus əsgərləri təşkil etmişdi. 1931-ci ilin oktyabr ayının 7-də Muğan «inqilabçılarının” bir qrupunun iştirakı ilə keçirilən xatirə gecəsində Muğanda partiya təşkilatının yaranması haqqında danışarkən Ponomoryov açıqca bildirmişdi ki, Muğan təşkilatı Bakıda olduğu kimi proletar inqilabının nəticəsində yaranmayıb, bu təşkilatı öz-özlüyündə 14 və 18-ci illərin hadisələrinin və imperialist müharibəsinin döyüb həyata hazırladığı uşaqlar yaradtmışdılar . O, sual edirdi: "Muğanda partiya təşkilatı necə yarandı?  1918-ci ildə Bakı, bir sıra yoldaşların isə Lənkəran hadisələrinin iştirakçısı kimi bu sizə məlumdur.  Hadisələrin iştirakçısı kimi mən deyərdim ki, 1918-ci ildə Bakıda müsavatçılarla bolşeviklər arasında vətəndaş müharibəsi  olduğu halda, həmin vaxt Muğanda siyasi mübarizə getmirdi, oradakı mübarizə milli məzmun daşıyırdı. Mübarizənin bir tərəfində ruslar, digər tərəfində isə türklər dayanmışdılar.” [22] Ponomoryov açıqça qeyd edirdi ki, Muğanda inqilab izi axtarmağa ehtiyac yoxdur. Qafqaz cəbhəsi dağılmışdı, biz geri qayıdırdıq və ac idik, əlimizdə silah var idi, Muğanda isə çörək. Biz silah gücünə bu çörəyi əldə etmək üçün Muğana üz tutmuşduq.  Əslində, Ponomoryovun bu sözləri Muğan faciəsinə münasibətdə əsl həqiqəti ortaya qoyur və orada türk əhalisinə divan tutulması, kəndlərin talan edilməsi, hətta monarxiya tərəfdarı olan imkanlı rus  kəndlilərinin belə soyulması bu acı həqiqətlə bağlı idi. 1917-ci ilin payızında aclıq bütün Rusiyanı bürümüşdü və Rəsulzadənin sözləri ilə desək "bütün dünyanı öz çörəgi ilə doyuran Rusiya ac” idi.[23]

Cəbhədən yolunu Muğana salan və çar hökumətinin devrilməsindən sonra başsız qalan Rusiyanın sərhəd zastavasının əsgər və zabitləri əllərində olan böyük silah-sursat ehtiyatlarını Muğanın rus əhalisinə satırdı. Hadisələrin iştirakçısı olan keçmiş əsgər Moisey Boçarnikov yazır ki, mən Petrovka kəndindən idim və silaha Nikolay ordusunu tərk etməklə sarıldım, bizim kənddə kavaler eskadronu dayanırdı və əhaliyə silah satırdı. [24] Muğan hadisələrində fəal iştirak etmiş Petrikov da xatırlayırdı ki, çar hökumətinin süqutundan sonra ordu dağılmışdı, Kerenskinin əmri ilə ordu vətənə dönürdü, imperialist müharibəsində iştirak etmiş yerli Muğan əsgər və zabitləri döyüş təcrübəsi və silahla evlərinə qayıdırdılar, digər tərəfdən rus kəndliləri sərhəd bölgəsini tərk edən sərhədçilərin tüfənglərini alırdılar. [25]

Qanlı hadisələr ərəfəsində yerli rusların silahlandırılması ilə bağlı eyni məsələni Lənkəran dəstəsinin komissarı Qarlinin koməkçisi olmuş Matveyev də təsdiq edir. O, qeyd edir ki, çar ordusu tərxis ediləndə Prişib, Privolnı və digər rus kəndləri artıq özünümüdafiə dəstələri yaratmışdılar. Tərxis olunmuş sərhədçilər öz silahlarını rus kəndlilərinə verirdilər və onların silahlarının bir hissəsi də Lənkərana gətirilmişdi.[26]  Eyni zamanda Muğan hadisələrinin iştirakçılarından bəziləri "bir sıra rus dəstələrinin türk əhalisinə də silah satdıqların” etiraf edir və həmin  dəstələrin tərksilah edildiklərin bildirirdilər.[27] Bütün bunların nəticəsində 1918-ci ilin yazında başlanan dini qarşıdurma və milli qırğınlar ərəfəsində Muğan sözün tam mənasında barıt çəlləyinə çevrilmişdi və rus əhalisi birtərəfli qaydada silahlanmışdı. 

Amma bütövlükdə Muğanda və Lənkəranda milli qırğın bilavasitə Bakıda baş vermiş 1918-ci ilin mart hadisələrindən dərhal sonra başladı və mart hadisələrinin ilk olayı kimi "Evelina” gəmisinin tərksilah edilməsinə bəhanə də məhz Lənkəran və Muğanın rus əhalisinin təhlükəsizliyinin təmin edilməsi göstərilirdi.[28] "Evelina”da yüz nəfər Tatar Süvarı Alayı  zabitlərinin  tərkisilah edilməsi ilə eyni vaxtda qonşu limanda erməni-bolşevik koalisiyasının "Aleksandr Jandr” gəmisi Lənkərana ekspedisiyaya hazırlanır və mart döyüşlərindən çıxmış sovet və daşnak hərbi birlikləri silah və sursatı gəmiyə yükləyərək Lənkərana istiqamət götürdülər.  Martın son günlərində artıq onlar şəhər limanına gəlib yetişmişdilər.[29]

Sovet hakimiyyəti "qurmaq” üçün daşnak hərbi dəstələrinin Lənkərəna göndərilməsində Qafqazın fövqəladə komissarı kimi Stepan Şaumyan maraqlı idi. Hadisələrin iştirakçısı olan doktor Zaxaryan bildirirdi ki, "mən Şaumyanın Sovet hakimiyyətini əldə saxlamaq haqqında bir toplantıdakı nitqini yaxşı xatırlayıram. Çıxış zamanı o, dedi ki, daşnak hissələri bizimki olacaq. Şaumyan haqlı idi. Bir müddət sonra bütün daşnak hərbi hissələri bolşeviklərin tərəfinə keçdi.”[30]  Mart qırğınları  ərəfəsində Bakıya gətirilən və həmin qanlı olaylardan dərhal sonra  Muğana göndərilən  Faykovski bildiridi ki,  mən Bakı Qırmızı Qvardiya dəstəsində xidmət edirdim, "Martın 16-da "Evelina” gəmisini tərksilah etmək üçün bizi çağırdılar, Bakıdan müsavatçılar cəbhədən qayıtmış Tatar Süvarı Alayının bir hissəsini Lənkərana göndərib orada öz hərbi qüvvələrini təşkil etmək istəyirdilər. Biz "Evelina”nı tərksilah edə bildik. Sonra bizim hissə Mart hadisələrində iştirak etdi...Aprelin sonunda bizim dəstə Lənkərəna yola düşdü.”[31]  Bakı hadisələrinin "qəhrəmanlarından” olan Mxitayan eyni hadisəni belə xatırlayır ki, Müsavat Bakı İcraiyyə komitəsi ilə razılaşdırılmadan  "Evelina” gəmisi ilə Lənkərana Tatar Süvarı Alayının  100 nəfər hərbi xidmətçisin göndərirdi, bizi Biləcəridən gətirdilər və müsavata ultimatum verildi ki, silahları təhvil versinlər. Eser Suxartsev başda olmaqla biz "Evelina” gəmisini tərksilah etdik. Sonra bizim dəstə  "Aleksandr Jandr” gəmisində Lnkərana yola düşdük , şəhəri toplarla bombaladıq və Müsavatın yuvasını dağıtdıq. Dəstəyə daşnak Qəhrəmanov, pulemyotçulara isə Arustamov başçılıq edirdi. [32]

Qafqaz cəbhəsindən  Bakıya gəlmiş Stupin Lənkərana getmələrin belə xatırlayırdı: "1917-ci ilin sonunda ordu cəbhədən çıxanda mən öz yoldaşlarımla cəbhəni atıb Bakıya gəldik. Bundan 3 gün sonra Bakıda 1-ci beynəlmiləl alaya yazıldım və bir gün sonra bizi Lənkərana göndərdilər.”[33] Hadisələrin iştirakçısı olan Pavlov qeyd edirdi ki, Muğandan Bakıya bir müəllim gəlmişdi və o, dedi ki, Muğanda işlər yaxı deyil. Mən Kojemyakın (D.Kojemyak həmin dövrdə yeni yaradılmış fövqəladə komissiyanın sədri idi – C.H.) yanında işləyirdim. 8 nəfər "Moskva” mehmanxanasında yığışıb Muğana kömək etməyi müzakirə etdik. 2 top və aeroplan aparmaq lazım idi. Dedilər muğanlılar azad kazak könüllü birliyi yaratmaq istəyirlər və biz inqilabçılar bunun əleyhinəyik. Belə deyirdilər ki, türklər öz üzlərini göstərir, bizi soyurlar, kömək lazımdır.  Mən Alyoşanın (Çaparidze – C.H.) yanına getdim və ona vəziyyəti danışdım. Alyoşa dedi: "Allah bilir, danışırlar da, ehtiyatlı olmaq lazımdır ki, kürəyimizə bıçaq sancmasınlar.” O vaxt Bakıya hər tərəfdən çoxlu qaçqın gəlmişdi. Biz onların silahlarını topladıq. İvan Suxartsev onda İnqilab Komitəsinin katibi idi. Mən qaçqınlara dedim ki, şahsevənlər[34] Bakıya hücum edə bilərlər, onlara qarşı döyüşmək lazımdır. Suxartsev iki top tapdı. Mən aviasiya məktəbinə gedib Muğana göndərmək üçün aeroplan aldım. Bütün silah-sursatı "Aleksandr Jandr” gəmisinə yükləyib Lənkərana göndərdik.[35]  Göründüyü kimi mart hadisələri yalnız Bakıda deyil, Muğanda da milli və dini qarşudurmanın genişlənməsində qığılcım rolunu oynamışdı.

Məlum hadisələrə qədər rus əhalisinin dağınıq silahlanmasından əlavə Lənkəran və Muğanda keçmiş Rusiya sərhəd zastavasının bazasında iki hərbiləşdirilmiş silahlı birliklər yaradılmışdı. Az sonra yerli rus əhalisi içərisində səfərbər edilən silahlılar da bu hərbi birliklərə qoşulmuşdu. Lənkərandakı hərbi birliyə  Ərdəbildən geri qayıdan rus ordusunun polkovniki fon der Osten-Saken, sonralar Muğanın içərilərinə doğru genişlənən Privolnidəki hərbi birliyə isə Prişibdə yerləşən 29-cu rus  sərhəd zastavasının keçmiş komandanlarından olan polkovnik F.M.İlyaşeviç rəhbərlik edirdi. Hər iki birlik Muğanın rus əhalisinin göstərdiyi  maddi, maliyyə və ərzaq yardımı hesabına öz azğınlığını getdikcə genişləndirirdi. Törətdiyi azğınlığa görə polkovnik İlyaşeviç tez bir zamanda Muğanın rus əhalisi içərisində məşhurlaşdı. İlyaşeviçin Muğanın rus əhalisi arasında təsiri böyük idi. Bütün Muğan kəndliləri (rus və molokan kəndləri nəzərdə tutulur – C.H.) ona Allah və Çar kimi inanırdılar. Onu Muğanın atası (batkası) hesab edirdilər.”[36] Muğanda, xüsusi ilə Prişib ətrafında müsəlman əhalisinə qarşı İlyaşeviçin və onun silahlı rus dəstələrinin azğınlığının həddi-hüdudu yox idi. Bu cəza dəstələrinə polkovnil İlyaşeviçin sağ əli hesab edilən poruçik Boris Xoşiyev komandanlıq edirdi.

Ardı var

Mənbələr:

[1] Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin başçısı Əlimərdan bəy Topçibaşinin Sülh konfransının sədrinə məktubu. 09.09.1919. //Azərbaycan Respublikası Dövlət Arxivi (ARDA), f.970, s.1, i.142, v.77

[2] Bax: В. А. Рюмин. Талышский край (Ленкоранский уезд) : (Крат. геогр.-этногр. очерк). Ленкорань : Уезд. исполком (по Уполитпросвету), 1923; П.Б. Мосесов. Советская власть на Мугани (апрел-июня 1919). Баку: Известия АН Азерб. ССР, 1947, №2;  История Азербайджана / Под ред. И.А. Гусейнова, М.А. Дадашзаде и др. Баку, 1963. Т. 3. Ч. 1. С. 188–193; Nəsib Əlizadə. Lənkəran qəzası zəhmətkeşlərinin sovet hakimiyyətinin qələbəsi və möhkəmləndirilməsi uğrunda mübarizəsi tarixindən. Bakı, Azərnəşr, 1963; А.А. Гусейнов., В.М.Синицын. Сражающаяса Мугань. Баку: Аз.Гос.Изд., 1979; А.А. Привольный. Над Муганью Зарево Октября. Баку, Азернешр, 1979; А.А. Привольный. Матрос с крайсера «Россия». Баку, Азернешр, 1987; И.И. Талехадзе. Советская власть на Мугани. В книге «Алый стяг над Закавказъм». Баку, Азернешр, 1980 və d.

[3] Firudin Əsədov. Talış diyarının keçmişinə bir nəzər. Bakı, 1993; Rəşid Əsgərov. Cəlilabad: dünən və bu gün. Bakı, Çaşıoğlu, 2000; Vüsalə Əliyeva. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin Lənkəran bölgəsində bərqərar edilməsi. Bakı, Elm, 2012; Ləzranlı Mirzəqulu. Olanlardan keçənlərdən. Redaktə edib çapa hazırlayan Araz Gündüz. Bakı, Alatoran Yayınları, 2013;  Elnur Nəciyev. Denikinçilərin və erməni daşnakların Lənkəran qəzasında törətdiyi soyqırım.// Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun elmi əsərləri. Xüsusi buraxılış, 2017, № 64,65,66, s.317-321; Ələsgər Mirzəzadə. Tarix və zaman: Muğan tarixinə dair araşdırma. Bakı, "Elm və təhsil”, 2017.

[4] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919: записки кавказского пограничника. Париж: Союз георгиевских кавалеров, 1974; Валерий Шамбаров. Белогвардейщина. М.: ЭКСМО-Пресс, 2002; Виктор Шнирельман. Войны памяти: мифы, идентичность и политика в Закавказье. Москва: Академкнига, 2003;  Ф.Ф. Абосзода: "Русская Мугань" без русских. Москва, 15 ноября 2011 (https://regnum.ru/news/polit/1467072.html); Русская земля Азербайджана. Мугань. (https://sputnikipogrom.com/politics/66915/russian-land-of-azerbaijan/); Вугар Салаев. Талышский этнический фактор в истории Муганской Срветской республики. http://www.tolishstan.com/news/talyshskij_ehtnicheskij_faktor_v_istorii_muganskoj_sovetskoj_respubliki_vugar_salaev/2019-01-02-145

[5] Валерий Шамбаров. Белогвардейщина. М.: ЭКСМО-Пресс, 2002,   http://militera.lib.ru/research/shambarov1/02.html)

[6] Bax: Виктор Шнирельман. Войны памяти: мифы, идентичность и политика в Закавказье. Москва: Академкнига, 2003, с.108

[7] Ольга Морозова. Муганская область в 1918—1919 гг. // Русская старина. Vol. (13), №. 1, 2015.

[8] Василий  Добрынин. Оборона Мугани, 1918 - 1919, с. 4.

[9] Bax: Фикрет Багиров. Переселенческая политика царизма в Азербайджане (1830-1914). Москва, Маросейка, 2009, с.395

[10] 1917-ci ilin Qafqaz təqvimi. // ARDA, f.28, s.1, iş.44, v. 32; Əlavə məlumat üçün bax: Vüsalə Əliyeva. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin Lənkəran bölgəsində bərqərar edilməsi. Bakı, Elm, 2012,s. 24

[11] Фикрет Багиров. Переселенческая политика царизма в Азербайджане (1830-1914). Москва, Маросейка, 2009, с.303

[12] Bax: А.А. Привольный. Над Муганью Зарево Октября. Баку, Азернешр, 1979, c.7

[13] Bax: Всеподданнейший отчет Воронцова-Дашкова. СПб.1910, с.95

[14] [Кузьминский А.М.] Всеподданнейший отчет о произведенной в 1905 г. по Высочайшему повелению сенатором А.М.Кузьминским ревизии г. Баку и Бакинской губ. (б.г., б.и.), с.512-514

[15] Vladimir Lenin. Köçürmə məsələsi. // Əsərlərinin tam küllüyatı, 21-ci cild, s.366-367

[16] Известия Бакинского Совета, 1917, 14 декабря

[17] Vüsalə Əliyeva. Azərbaycan Xalq Cümhuriyyəti hakimiyyətinin Lənkəran bölgəsində bərqərar edilməsi. Bakı, Elm, 2012, s.37

[18] Açıq söz, 1917, 29 mart

[19] Ольга Морозова. Муганская область в 1918—1919 гг. // Русская старина. Vol. (13), №. 1, 2015, c.47;

[20] 1919-cu ilin martından kommunist partiyasının üzvü Axundov Şirəli Baxşəli oğlunun 1917-ci ildən 1921-ci ilə qədər Lənkəran qəzasında inqilabi hadisələrdə özünün iştirakı və həmin hadisələrdə Müseyib Kərimovun iştirakı barədə xatirələri.// ARPİİ SSA, f.268, s.23, i.56, v.7

[21] Азербайджанская Демократическая Республика. Архивные документы Великобритании. Научный редактор и автор предисловия Махмудов Я. Составитель Максвелл Н. Баку, 2011, c.285

[22] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Ponomoryevin xatiələri). 07.10.1931. // Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Siyasi Sənədlər Arxivi (ARPİİ SSA), f.456, s.18, i.30, v.42

[23] M.Ə.Rəsulzadə. Çörək yoxdur.// Açıq söz, 1917, 13 sentyabr

[24] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Moisey Boçarnikovun xatirələri). 09.05.1932. //ARPİİ SSA, f.456, s.18, i.33, v.112

[25] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Petrikovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.170

[26] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (C. Matveyevin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.202

[27] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi ( Pominovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.107

[28] Daha ətraflı bax: Джамиль Гасанлы. РУССКАЯ РЕВОЛЮЦИЯ и АЗЕРБАДЖАН: Трудный путь к независимости (1917–1920). М.: «Флинта», и «Наука», 2011, c.99

[29] Bax: Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi ( Pominovun xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.108-109

[30] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (doktor Zaxaryanın  xatiələri). 07.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.63

[31] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Faykovskinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.72

[32] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Mxitaryanın xatirələri). 06.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.92-93

[33] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Stupinin xatirələri). 09.05.1932. // ARPİİ SSA, f.456, s.18, i.33, v.128

[34] Şahsevənlər haqqında əlavə məlumat üçün bax:İran Şahsevənləri haqqında arayış. // ARPİİ SSA, f.1, s.89, i.6, v.16

[35] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Pavlovun xatiələri). 05.06.1932. // ARPİİ SSA, f.456, s.18, i.29, v.129-130

[36] Muğanda vətəndaş müharibəsi iştirakçılarının xatirə gecəsi (Şaxramanovun  xatiələri). 02.10.1931. // ARPİİ SSA, f.456, s.18, i.30, v.76