Teatr direktoru rüşvət qalmaqalından danışdı

Teatr direktoru rüşvət qalmaqalından danışdı

25-10-2019 08:16 / Bu xəbər 489 dəfə oxundu

Əməkdar artist Nigar Şabanova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyini rüşvətxorluqda ittiham edib. 

Qaynarinfo bildirir ki, "Hər şey daxil” verilişinin aparıcı Tarix Əliyev (Tolik) qonaq qismində iştirak edən sənətçinin reklam arası ona söylədiklərini canlı yayımda səsləndirib: "Leyli və Məcnun” operasında Leyli obrazını oynamaq üçün Nigar xanımdan 4 min manat pul istənilib. Üstəlik də, Opera və Balet Teatrının kassasına min manat pul ödəməsi tələb edilib”.

Müğənni aparıcının sözlərini təsdiqləyib və o, rüşvət tələbindən sonra teatrın səhnəsində çıxış etmədiyini bildirib.

Qeyd edək ki, Nigar Şabanova 29 yaşında "Əməkdar artist" fəxri adına layiq görülüb.

Məsələ ilə bağlı musavat.com adıçəkilən teatrın direktoru Akif Məlikovun mövqeyini öyrənməyə çalışıb. 

Direktor yayılan informasiyadan xəbər olduğunu deyib: "Bəli, məlumatdan xəbərim var. Amma hazırda yanımda qonaqlar olduğu üçün geniş danışa bilmirəm. Qeyd edim ki, inşallah birinci gün teatrın bütün muğam ifaçıları, o cümlədən, "Məcnun” və "Leyli” obrazlarının ifaçılarının hamısı Tolikin verilişinə çıxıb, öz sözlərini deyəcəklər”.

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə bağlı bundan əvvəl də dəfələrlə qalmaqal yaşanıb. Belə ki, iki il öncə yerli mətbuatda qısa zaman ərzində 15 sənətkarın, o cümlədən, xalq artisti, baletmeyster Mədinə Əliyevanın, xalq artisti Nəzakət Teymurovanın qərəzli şəkildə teatrdan uzaqlaşdırıldığı barədə informasiyalar dərc edilmişdi.