20 Yanvar gecəsi
20-01-2024 20:29 / Bu xəbər 3885 dəfə oxundu
Çingiz SULTANSOY
Yanvarın 19-da şam yeməyini yeyəndən sonra paltomun altından üst-üstə iki qalın yun sviter geyinib mitinqə getdim. Çantama qəzetə bükülmüş çörəkarası iki kotlet, üç almadan başqa silah adına yekə, xəncər kimi bir mətbəx bıçağı, cibimə pasport qoymuşdum, bir də bir ovuc ikiqəpiklik...
Mitingin təşkilatçıları – Milli Müdafiə Şurasının üzvləri Nemət Pənahlı, Rəhim Qaziyev və Etibar Məmmədov artıq neçə gün idi ki dirənişə, müqavimət göstərməyə çağırır: "Müstəqillik məsələmiz, Vətənin taleyi indi həll olunur!” - deyirdilər. MMŞ-nin başqa üzvləri də vardı, amma fəal olanlar bunlar idi.
Pasportu cibimə Sovet əskərlərinə göstərmək üçün qoymuşdum, həm də əfqan mücahidi olmadığımı sübut etmək üçün. Axı o vaxt Mərkəzi adlanan Moskva televiziyası, radiosu, "Правда”, "Известия” və başqa qəzetlər Xalq Cəbhəsi Hərəkatını, azərbaycanlıların Ermənistandan çıxarılmasına, Ermənilərin Qarabağ iddialarına etiraz edən mitinqçiləri səhər-axşam "əfqan mücahidi”, "ekstremist” adlandırırdılar...
O vaxt belə bir zarafatımız vardı: "7 milyon azərbaycanlı ekstremist...”
O gecə qatıldığım mitinq Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin qabağında idi, - indiki Prezident Administrasiyası binası, - "Azneft”dəki evimizdən bir qədər yuxarı. Burada barrikad-flan quran yox idi, sadəcə, iki-üç min, bəlkə, daha çox adam yığışmışdı. Burada qohumumuz Nəsir əminin ortancıl oğlu və dostum Aqşin Kəngərliylə rastlaşdım. Daha sonra böyük əmim qızının həyat yoldaşı, bütün hərəkatçıların tanıdığı Gültəkin Ananın kiçik oğlu Azər Əskərovu və həyat yoldaşımın əmisioğlu, əskərlikdən, "ВДВ – воздушно-десантные войска” - Hava-Desant Qoşunlarında xidmətdən sonra yeni qayıtmış, qaynatamgildə qalan lənkəranlı Zahir Axundovu gördüm...
N.Pənahlı, R.Qaziyev və E.Məmmədov çıxış etdilər. Nemət imperiyaya qarşı mübarizəmizdən danışdı, durumu belə təsvir etdi:
- Üstümüzə gələn ordudan qorxmaq lazım deyil! Gələn ordu bizə silah gətirir!..
Elə beləcə də dedi. Fikirləşdim ki, belə deyirsə, yəqin, ciddi hazırlıq görülüb.
O vaxt artıq 1989-un aprelinin Tbilisi hadisələrini, sovet əskərlərin Hökumət Evi qarşısındakı etiraz mitinqinə yığışmış gürcüləri avtomatların qundağı, kiçik saper lopatkalarla döyüb-dağıtdıqlarını bilirdik. Yüzlərlə yaralanan vardı, iyirmiyə yaxın ölən, yəni bizdə də qansız-qadasız ötüşməyəcəyi aydın idi. Amma bir neçə saatdan sonra baş verəcək olaylar ağlıma da gəlməzdi...
Rəhim Qazıyev isə çıxışında Moskvanın Milli-Azadlıq Hərəkatını boğmaq istədiyini, indi milli qeyrət məqamı olduğunu dedi:
- Qardaşlar, bacılar! Durmaq, müqavimət göstərmək lazımdır! Vətən naminə, Azərbaycan naminə!! Biz də sizinlə birlikdə duracağıq. Yox, əgər biz sizinlə birlikdə durmasaq, sizi tərk etsək, onda malımız, canımız sizə halaldı. Namusumuz sizə halaldı!.
Etibar Məmmədov həmişəkinə rəğmən, çox qısa və solğun danışdı, nə dedikləri dəqiq yadımda deyil, amma bütövlükdə etiraza dəstək verdi. Ən çox rəğbət bəslədiyim, inandığım Etibar idi, onun pərəstişkarı olduğumu, 20 Yanvardan sonrakı hadisələri "Hikmət Hacızadənin işıqlı xatirəsinə” adlı köşəmdə yazmışam, burada "Arqument.az”da çap olunub.
Nemət PA qarşısındakı mitinqi Post №1 elan etdi. Başqa postlarda ehtiyac yarananda dəstələr buradan köməyə getməli idi. Nemətgil başqa postları yoxlamağa getdilər, daha sonra onları görmədik. Mən isə az sonra təşkilatçıların çağırışıyla bir avtobus mitinqçi könüllü ilə birlikdə "Qurd qapısı" yanındakı posta getdim. Avtobusda Vaqif adlı bir gənclə danışdıq, tanış olduq, amma avtobusdan düşəndən sonra o gecə daha bir-birimizi görmədik, bir də illər sonra Bakının mərkəzində rastlaşdıq, səngər yoldaşı kimi görüşdük, qucaqlaşdıq. Vaqif Qulusoylu indi "Facebook” dostluğumdadır. Nə isə, bizim avtobusu "Qurd qapısı"ndan qaytardılar - lazım olmadıq, kömək artıq gəlmişdi...
Bu olaydan sonra bir dəfə də mitinq aparıcılarının yeni könüllü çağırışı oldu. "Salyanski kazarma”nın qarşısındakı postdan xəbər gəlimişdi - orada tankların hərəkətə keçərək hərbi hissənin divarını uçurduğunu, artıq ölənlər və yaralananlar olduğu barədə, amma mitinq aparıcıları bu xəbəri təxribat, mitinqi pozmaq cəhdi kimi qiymətləndirmişdilər. Gedib yoxlamaq lazım idi. Aparıcılara yaxınlaşdım, "Gənclik”-"Молодость” jurnalının üstündə qızılı hərflərlə yazılmış adı və "Press” sözü olan, qalın meşin qabıqlı, al-qırmızı rəngli vəsiqəsini göstərdim.
"Gənclik” jurnalını o vaxt az qala hamı oxuyurdu, tanıyırdı, tirajımız 200 000 civarında idi, jurnalı köşklərdə tapmaq olmurdu, hamısı satılırdı.
"Salyanski kazarma”da rastlaşdığım qohumlarım Azər Əskərov və Zahir Axundovla, adını bilmədiyim başqa bir könüllünün "Niva”sında bomboş boşalmış, maşınsız-adamsız küçələrlə getdik, xəbərin doğru olduğuna əmin olduq, oradakı adamlarla danışdım, meyiti gördüm. Qayıdanda, Nərimanov, - indiki Parlament, - prospektindəki "СКА” – Ordu İdman Klubunun stadionuna aparan yolda, uzaqda stadiondan yola çıxan zirehli texnikanın projektorlarını gördük. Maşınımız tez ötüb keçdi...
Sıravi iştirakçı idim, az-çox düşünən adam, ziyalı kimi bu gecənin təhlükəsini və məsuliyyətimi dərk edirdim, yalnız öz canımı və həyatımı riskə atmaq, təhlükə qarşısına qoymağa razı idim, amma kiminsə həyatına görə mənəvi məsuliyyət daşımaq istəmirdim. Amma görünür, yetərincə düşünən deyildim. Olsaydım, İsa Qəmbərin, Hikmət Hacızadənin, Sabit Bağırovun, Zərdüşt Əlizadənin Nemət Pənahlı, Rəhim Qaziyev, Etibar Məmmədova inanmamaq, bu gecə küçədə, barrikadalarda dayanmağın gərəksiz təhlükə olduğu haqda dediklərini eşidərdim. Nemətgilə qarşı ən kəskin çıxan Zərdüşt idi, amma onu eşidən çox az adam vardı...
Gecə saat bir olar ya olmazdı, yaxındakı telefon-avtomatdan qardaşıma zəng elədim, o vaxtlar mobil teleonlar hələ yox idi. Qardaşım Ramiz "Lenin” (indiki Azadlıq) prospektindəki kooperativ, hündürlükdəki binada yaşayırdı, "Lenin” prospekti ovcunun içi kimi görünürdü. Səsimi eşidib çox sevindi, salamsız-kəlamsız o dəqiqə dedi:
- Orada durma, get! Qaç! Pəncərədən çoxlu trassiruyuşi güllə görürəm! (Ramiz işıqsaçan güllələri deyirdi). Atışma səsi gəlir! Hara gəldi atırlar! Hər yerdə işıqlı xəttlər görünür, bütün şəhər atışma içindədir! Küçə ilə zirehli texnika, tanklar hərəkət edir!
Qardaşım danışdıqca həyəcanlanır, qışqırırdı, təhlükəni mənə çatdırmağa çalışırdı:
- Çıx get! Qaç! Canını qurtar! Öldürəcəklər!
Ramizə diqqətlə, bir söz demədən qulaq asırdım. "Salyanski kazarma”dakı posta gedəndə ölənlərdən xəbərim vardı. Başına divardan kubik düşən gəncin cəsədi, əzilmiş başı və əzilmiş üzü gözümün qabağından getmirdi. MK-nın qabağında hələ də sakitlik idi. O meyitin üzü məni fikrimdən daşındıra bilməmişdi, amma Ramizin sözlərindən ürəymə qorxu doldu, bərk döyündü, əllərim əsdi. Getmək də yox, qaçmaq istədim. Ətrafdakı adamlara baxdım. Gəzişərək söhbət edən, siqaret çəkən, zarafatlaşan, dinməz-söyləməz yerində dayanan, burnunu şərfin içində gizlədən, ən müxtəlif yaşlı və boylu adamlar vardı.
İki cavan zarafatla, həm də isinmək üçün güləşirdi, çünki gecə soyuq idi. Kimsə öskürürdü, kimsə boğazını arıtlayıb tüpürdü. Bu səsləri sanki qapının o biri tərəfindən eşidir, adamları tül pərdənin arxasından görürdüm. Onlar hələ mən bildiyimi, ölənləri, yaralananları bilmirdi, mitinqin aparıcıları mənə, "Salyanski kazarma”dan gətirdiyim xəbərə inansalar da, mitinqin iştirakçılarına deməmişdilər. Amma bütün iştirakçılar, gənclər və yaşlı kişilər də mənim kimi dirəniş göstərməyə, gərəkərsə, Qarabağ, milli ləyaqət və qürur, azad Azərbaycan uğrunda yaralanmağa və ölməyə gəlimişdilər. Ona görə getmədim.
Onları qoyub gedə bilmədim, qorxumu boğub qaldım...
Səhər səkkizə yaxın Mərkəzi Komitənin binasına bir bronetransportyor yaxınlaşdı. Tırıldaya-tırıldaya Filarmoniyanın binasının yanında dayandı. Səhərə yaxın acından və soyuqdan üşüyən, kiriyən, sakitləşəm, seyrələn izduhamdan bir uğultu keçdi, amma çaxnaşma düşmədi, qaçan olmadı, hər halda dayandığım hündür yerdən görmədim. Getmək istəyənlər artıq getmişdi. O anlar da yaxşı yadımdadır. Ölüm yaxınlaşıb haradasa lap yaxında, qabaqda, səhərin alatoranlığında idi, onu görməsəm də, aydınca duyurdum, səsini eşidirdim.
Bronetransportyorun sürücüsü gah motoru nərildədir, gah qazını alıb səsini azaldır, sonra yenə nərildədirdi. Elə-belə edirdi, yoxsa qorxutmaq istəyirdi, bilmirəm, ən azı tarıma çəkilən əsəblərimizlə oynayırdı - çox ehtimal, düşünülmüş, planlı psixoloji təzyiq vasitəsydi. Amma bizə güllə atmadı, tırtılları ilə əzmədi, eləcə dayandı, yanında, arxasında duran əskərlər də heç nə eləmədilər. Beləcə iki saata yaxın dayandıq. Elə bil keyləşmişdim, nə qorxu, nə nifrət, nə də həyəcan duyurdum. Saat onun yarısında daha heç nə baş verməyəcəyini anlayıb evə getdim, yemək və yatmaq istəyirdim yaman – yəqin ki, yuxusuz, ayaq üstə keçirdiyim gecədən daha çox gərginliyin, stressin nəticəsi idi.
Şəhərdə baş verən qırğından, su yerinə axan qandan xəbərim yox idi, soraqlaşmağa da halım. Yoldaşım tələsik süfrə açdı, yediyim qayqanağın, şirinçay, yağ-pendir, çörəyin dadı indiyəcən yaxşı yadımdadır. Evin istisindən və yeməkdən sərxoş kimi olsam da, ölüm təhlükəsi keçəndən sonra bütün duyğularını kəskinləşdirmişdi. Qn bir və doqquz yaşlı qızlarımı qucaqladım, öpdüm, saçlarını qoxuladım. Həyatın dadı, ətri idi...
Yalnız yatıb, yuxumu alandan, özümə gələndən sonra günün ikinci yarısı şəhərə çıxdım, Təzə Pir məscidinə, Göy məscidə getdim, oraya gətirilən, yerdə sırayla düzülən onlarla meyidi gördüm, camaatın, bir mürdəşirin danışığına qulaq verdim və baş verənlərin dəhşətini, miqyasını görüb, eşidib anladım...
Bəsirət gözüm o vaxt dərhal açılmasa da xeyli müddət sonra çox şey anlamışam. Lider olmaq istəyən, başqalarının həyatını təhlükəyə atan, "Sizinlə birlikdə ölümə rəğmən sonacan duracağıq!" deyən, amma meydanı tərk edib gizlənən əxlaqsız adamlara münasibətim tamam başqa olub. Amma başlıcası, sovet hakimiyyətinin mahiyyətini, öz vətəndaşı, adi adamlara mətbuatda oxuduğum münasibətini öz gözlərimlə gördüm və anladım. Çox yaxşı anladım, ömürlük! Xalq, fəhlə-kəndli hakimiyyəti ordusunun əskərləri bizə sərçə, dovşanı nişan alıb atırmış kimi güllə atırdılar!.. Ona görə "Ah, sovet vaxtı! Ah, gözəl günlər! Dadlı və ucuz kolbasa, İyirmi qəpiklik plombir...” - zad deyən, nostalji yaşayan adamları anlaya bilmirəm.
22 yanvarda, milyonluq izdihamlı dəfn mərasimində iştirak etdim, bir neçə ildən sonra isə 20 yanvar gününü həyata qayıdış, ikinci doğum günüm kimi qeyd eləməyə başladım. Eynilə Erix Maria Remarkın "Üç yoldaş” romanının bir epizodik surəti, Birinci Dünya müharibəsindən evə sağ-salamat qatıtmış və cəbhə həyatının hər gününü içkiylə qeyd edən veteran kimi...
Şəhidlərn ruhu qarşısında, demək olar ki, xəcalət çəkmirəm. Gözükölgəli deyiləm axı. Mən sınaq, döyüş meydanından qaçmadım, hamıyla bərabər dayandım. Sadəcə bəxtim gətirdi, sağ qaldım. Yaralanmadım, əlil qalmadım, ağlımı itirmədim, zədələnmədim. Neçə yaşlı adamın 20 yanvardan az sonra ruhi sarsıntıdan öldüyünü bilirəm.
Amma mən sağ qaldım. Bəlkə də, ona görə ki o vaxtlar məşhur rus sovet şairi Konstantin Simonovun İkinci Dünya müharibəsi illərində yazdığı "Жди меня, и я вернусь, только очень жди!”- "Gözlə məni, qayıdıcağam, amma çox gözlə!” şerindəki kimi, məni evdə bir yox, dörd qadın gözləyirdi – anam, yoldaşım və iki qızım?..