Azərbaycanda müstəqil jurnalistikanın hekayəsi - Jurnalist qızı yazır

Azərbaycanda müstəqil jurnalistikanın hekayəsi - Jurnalist qızı yazır

11-03-2024 02:29 / Bu xəbər 1478 dəfə oxundu

Günel Aşirova

Mən jurnalistin qızıyam!
Mamam bazarlıq edəndə qiyməti aşağı salmaq üçün: "Yoldaşım jurnalistdir, pul qazanmır", - deyərdi. Bu anların utancı həmişə canımdadır.
Mən jurnalistin qızıydım deyə özümə ixtisas seçəndə jurnalist və aktrisa ola bilməzdim, çünki mən pul qazanmalıydım. 
Həbs olunan, evindən "20-30-60” min euro "tapılan", təmirsiz, uçub-dağılan jurnalist evlərindən birində də mən böyümüşəm. 

Mən jurnalistin qızıyam!
O jurnalistin ki dost, tanış, qohumlar: "Səni televizorda göstərdilər", - deyəndə: "Bizim evdə televizor yoxdu", - deyirdi.
O dövrün bütün jurnalistlərinin uşaqları mənlə aşağı-yuxarı eyni həyatı yaşayıblar və yaşayırlar...

Jurnalistika könül işidir...
Media 4-cü hakimiyyətdir.

Azərbaycan mediası 1998-ci ildə senzura ləğv olunandan sonra ən çiçəklənən dövrünü yaşayıb. Hər gün onlarla qəzet nəşr olunurdu. Jurnalistə rəsmi idarələrdə hörmət edirdilər, çəkinirdilər, hesabat verirdilər (Atam elə həmin ildən "Ruh" Jurnalistləri Müdaifə Komitəsində işlədi uzun illər).

Milli QHT sektorunu formalaşdıran, müasir milli medianı yaradan, müstəqillik dövrünün ən həvəsli gəncləri indi atam kimi ya çərləyib ölürlər, ya həbsdədirlər, ya evdə oturub kədərlənirlər...

Azərbaycan vətəndaşlarının hər birinin bu gün onlara borcu var!

Vətəni sevmək nədir?
Ölkən üçün təmənnasız yaratmaqdır! 
Onlar gələcək nəsil üçün müstəqil, işıqlı Azərbaycan qoymaq istəyirdilər.

Bu gün o insanlardan biri, hüquqşünas, müstəqil Azərbaycanda vətəndaş cəmiyyətinin, medianın,  QHT sektorunun inkişafında çox böyük xidməti olan Ələsgər Məmmədli biopsiya üçün getdiyi klinikanın qarşısında polis tərəfindən oğurlanıb, sonra da, evindən külli-miqdarda pul tapılıb, həbs olunub. 3 şiş var bədənində, amma həkim nəzarətində olmaq yerinə həbsdədir.

LSE professoru, şəkər xəstəsi Qubad İbadoğlu da aylardır ki, həbsdədir və dərmanlarını belə, içəri buraxmırlar. Bəli, öldürmək istəyirlər!

Son 4 ay ərzində 3-ü qadın olmaqla 15-dən çox jurnalist həbsə atılıb. Son 2 gündəkilərin evindən tapılan pullarla ailələrindəki xəstələri sağalda, uçub dağılan evlərini təmir edə, borclarını ödəyə bilərdi o jurnalistlər. 

"Qaçaqmalçılıq” - nə arsız ittihamdır rüşvətxor məmur ölkəsində?

Uşaqlığımdan ən yadımda qalan gecələrdən biri isə 2005-ci il jurnalist - "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun evinin girişində öldürüldüyü gecədən (2 mart) sonrakı gecə atamın gecəyarı evə gəlməsi idi. Jurnalistlər ilk təkanı o gecə yaşamışdılar. Heç nəyin əvvəlki kimi olmayacağının siqnalını da hakimiyyət o gecə vermişdi. 

Media sektoru ağır kədər içində idi.
Onun yaxın dostları indiki Eynulla və s. hakimiyyətə xidmət edənlər, mətbuat konfransları keçirib, efirlərə çıxır, hakimiyyəti qətlin sifarişində günahlandırırdılar. Təsəvvür edin, 2005-ci ildə ölkə bu qədər azad imiş. Hamı efirə çıxa və istədiyini danışa bilərdi.

Bilirsiniz, Elmarı niyə qətlə yetirdilər?

Balaca Güneldən soruşsanız, "cəsarətinə və qorxmazlığına görə" deyərdi. Atamdan yaşca balaca olsa da, atam həmişə onun savadlı və qorxmaz olmasına heyranlıq bəsləyirdi.

İndi isə ölkədə məmur vətəndaşa nifrət edir... Halbuki məmur vətəndaşı qorumaq, ona xidmət göstərmək üçün ordadır. 
Kaş Azərbaycan vətəndaşı, bundan sonra qanunsuz, jurnalistsiz, özbaşına, dərəbəylik olan  feodal dövrünə qayıtdığını anlaya.

Ey azərbaycanlı, sənin başına bundan daha pis heçnə gələ bilməz. Nədən qorxursan axı?

Sən neft və qaz kimi sərvətin üstündə oturub, gürcü və erməni kimi kasıb yaşadığının niyə fərqində deyilsən axı? O bəyənmədiyin erməni günlərlə meydana çıxıb Sarkisyanın istefasına nail oldu. Jurnalisti hərəkata lider, sonra da Baş nazir seçdi. Sənin üçünsə jurnalistin həbsi elə bil ki, məhləndən kiminsə həbsi qədər əhəmiyyətsizdir...

Bunun cəzasını sabah hər bir vətəndaş çəkəcək. "Ay haray" qışqıranda artıq, gəlib çəkməyə jurnalisti olmayacaq. Sabahdan sosial medianı da, bağlasa, bunu haqq edirsən.

Sən Gədəbəydə polis nənələrə şiddət göstərəndə susan, buna göz yuman Azərbaycan vətəndaşısan, unutma!

Sizin qapıya gələnə kimi, sus! Amma o an gələndə təəccüblənmə! Çünki siz illərdir ki, hər şeyə göz yumursunuz. Özünüz hər türlü oğurluğu edib, hörmət adı altında rüşvətlə uşaq böyüdürsünüz. 

Ölkəsini, vətənini sevmək belə olmur.
Ölkənizi o jurnalistlər kimi sevmirsiniz.

Sevinc, Nərgiz, Elnarə  və digərləri qədər cəsarətiniz yoxdur!

Səndən sonra gələn ölkə Türkmənistan və Afrikada hansısa qəbilədir. Artıq qəbullanmısan bunu, amma mən sənə təkrar xatırladım. Səni o qədər adam yerinə qoymurlar ki, hələ də COVİD-19 adı ilə quru sərhədlərini bağlayıblar. Başqa səbəb belə, uydurmağa layiq görmürlər səni...

Biz sayılı ölkələrdənik ki, təyyarə ilə harasa getmək ancaq varlılara məxsusdur. Elə diktaturanın da məqsədi budur ki, başqa ölkələri görüb gözünüz "açılmasın".

Bizə məktəb dərsliklərində tarixi sərkərdələrdən, qəhrəmanlardan, ictimai-siyasi xadimlərdən danışardılar. 30 il sonra bu hakimiyyət dəyəşəndə (Hər diktatorun Qəddafi kimi sonu mütləq ki, var), təsərvvür edin, utanc dolu, üz qarası bir nəsil olacaq. Və o kitablarda həbsdəki jurnalistlər, hüquq müdafiəçiləri, aktivistlər, hüquqşünaslar olacaq...

Ölkədə heç bir sahənin adamına hörmət qalmayıb. Sonra da deyinirsiniz ki, TV-lər nə gündədir... İncəsənətimizi nə günə salıblar və s.

Əzizim, incəsənət azad mühitdə inkişaf edir. Sənin ölkəndə beyin köçü yaşanılır. Viza ala bilən qaçır ölkədən. Sən jurnalistinə, aktyoruna, rəssamına, bəstəkarına, yazarına hörmət edirsən ki, sənin üçün yaratsın?

Bu arada Amerikada bir azərbaycanlı tanışım dedi ki, sənin atan zəif adam olub, pul qazana bilməyib. 
Niyə?
Çünki onun günahı ədəbiyyatçı-jurnalist olmaq idi Azərbaycanda. O, kitab redaktəsindən, korrektədən, media ekspertliyindən başqa heç nə bacarmırdı. Alver edə, onun atası kimi rüşvət ala bilmirmiş, ailəsini düşünmürmüş...

Mənim qonşularım da atama elə uğursuz baxırdılar, düzü... İndi vətəndaşını adam yerinə qoymayan, ölkəni çapıb-talayan, məmurlar, haqqsızlığa fərman verən məhkəmə hakimləri, bu hakimiyyətin sonu gələndə ailələriylə bu ölkədə yaşaya bilməyəcəklərini heçmi düşünmürlər?

Bu ölkə sənindir də, niyə bunu düzəltmək yerinə, talayırsan axı?

Amerika təhsilli təhsil naziri, istəsə hər cür programı həyata keçirər, amma insanların savadsız olmasında sanki birbaşa maraqlıdır. Bütün çıxışlarını diqqətlə izləyirəm. Deyirəm, ya İQ-sü aşağı düşüb, ya da korrupsiya çox şirin şeydir, "canları cəhənnəmə bu uşaqların" deyib, işini bildiyi kimi görür.
 
2024-cü ildə autizmli uşaqlar üçün bir proqram yaratmamısansa, Sütçü İmam Universitetinin məzunu olsan da, nazirliyin eyni zibilə yarayar...

TV demişkən, efirdə Zaurla, Xoşqədəm Hidayətqızı şou göstərirlər. Emosional manipulyasiyalar, xalqa hər sahədə "dərs"  keçmələr və s. 
Zauru başa düşdük. Bu X. Hidayətqızı Azərbaycanın ilk qadın qəzet baş redaktorlarındandır. Əminəm ki, "Üç nöqtə" qəzeti sağ olsaydı, özü efirdəki Xoşqədəmi gic-gic danışıqlarına görə yıxıb, sürüyərdi.

Şəklin içindən özünüzü bir saatlıq çıxardın, özünüzə kənardan baxın, görün ölkənin neçənci əsrə qayıtmasına göz yummusunuz. 

2024-cü ildə olduğunuzu da tez-tez özünüzə xatırladın.

Adamı yandıran, sənin erməni, gürcü, ukrain qədər belə, cəsarətinin olmamasıdır.  
Öz ölkənə, vətəninə sahib çıxa bilməməyindir.
Sən müharibədə qalib gəlmiş, ölkəndə məğlub xalqsan!

Gözləyirsən ki, qonşun çıxsın sənin üçün yüksək maaş, neftdən pay, keyfiyyətli təhsil, tibbi xidmət tələb etsin. Qonşuların bunu almaqdan ötrü meydanlarda yatıb. Sən isə evdə oturub ölkəndəki son azad jurnalistlərin, hüquqşunasların, aktivistlərin həbsini izləyirsən...
 
Ölkəndə müxalifət də, yoxdur...
Artıq Azərbaycanda yeni dövr başlayır...

Biz bu həbsləri sizə bağışlanmayacağıq!

P.S. Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. "Arqument.az"la müəllifin mövqeyi üst-üstə düşməyə bilər.