Alatavadan Füzuliyə uzanan "yol": Alıyevin müəmmalı tenderləri

Alatavadan Füzuliyə uzanan

11-05-2020 21:29 / Bu xəbər 1579 dəfə oxundu

Horadiz qəsəbəsi hazırda ərazisinin böyük hissəsi işğal altında olan Füzuli rayonunun inzibati mərkəzidir. 
 
1994-cü ilin yanvar ayında eməni işğalından azad olunan Horadiz qəsəbəsində indiyədək Dövlət Proqramları çərçivəsində geniş tikinti-bərpa və abadlıq-quruculuq işləri aparılıb.
 
2016-cı ildə Horadiz qəsəbəsində abadlıq-quruculuq işlərinin davam etdirilməsi, habelə şəhərin mənzil fonduna daxil olan 27 çoxmənzilli binanın əsaslı təmiri məqsədilə dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Füzuli Rayon İcra Hakimiyyətinə üç milyon manat ayrılıb. Lakin dövlət büdcəsindən qəsəbənin abadlıq-quruculuq işlərinə ayrılan vəsaitlər bununla yekunlaşmır. Belə ki, hər il Füzuli rayon İcra Hakimiyyəti və Füzuli rayon Kommunal Müəssisələr Kombinatı çoxsaylı satınalmalar həyata keçirir. 
 
Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Kommunal Müəssisələr Kombinatının sifarişçi olduğu satınalmalarda "sair xərclər", "müxtəlif mal-materialın alınması" lotları ilə yanaşı, "abadlıq işlərinin görülməsi, "yolların təmiri" kimi smetasına görə iri tenderlər yer alır. 
 
Füzuli Rayon İcra Hakimiyyətinin və Kommunal Müəssisələr Kombinatının sifarişçi olduqları tenderlərdə böyük vəsaitlər xərclənən sahələrdən biri də Horadiz qəsəbəsində yerləşən Bayraq meydanıdır. 
 
Ancaq maraqlıdır ki, İcra Hakimiyyətinin istər rayonun ərazisində, istərsə də Bayraq meydanında abadlıq-quruculuq, təmir-tikinti işləri lotları üzrə sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin böyük əksəriyyəti qeyri-şəffaf fəaliyyət göstərən, formal nizamnamə kapitalı olan şirkətlərdir. 
 
Füzuli rayon İcra Hakimiyyətinin müxtəlif lotlar üzrə sifarişçi olduğu tenderlərdə qalib olan Məhdud Məsuliyyətli Cəmiyyətlərin (MMC) bəzilərinin hüquqi ünvanlarının eyni olması isə ciddi şübhələrə yol açır. 
 
Qlobal.az Füzuli rayon İcra Hakimiyyətinin üç lot, Füzuli rayon Kommunal Müəssisələr Kombinatının isə bir lot üzrə sifarişçi olduğu 729.690 (yeddi yüz otuz dörd min altı yüz doxsan) manatlıq satınalmalar üzərində araşdırma aparıb. 

 
Qeyd edək ki, 2020-ci ilin aprel ayının 17-də Füzuli rayon İcra Hakimiyyəti 3 tenderə yekun vurub: "Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri" lotu üzrə tenderin (199.326 manat) qalibi "ÇİNAR-N" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri" lotu üzrə tenderin (199.221 manat) qalibi "XƏMSƏ-M.X" Məhdud Məsuliyyətli Cəmiyyəti, "Sair xərclər" lotu üzrə tenderin (140.143) qalibi isə "AĞÇALA-LM" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. Füzuli rayon Kommunal Müəssisələr Kombinatının "Füzuli rayon Kommunal Müəssisələr Kombinatına müxtəlif adda mal-materialın satın alınması" lotu üzrə keçirdiyi 191.000 manat məbləğində tenderin qalibi isə "QədımYURD" Məhdud Məsuliyyətli Cəmiyyəti olub. 


 
"Alatava"dan Füzuliyə yönələn MMC-lər...
 
Füzuli rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərin qalibi olan şirkətlərin hüquqi ünvanları eynidir.

"Horadiz Şəhərində Bayraq meydanı ərazisində yolun təmiri" lotu üzrə tenderin (199.326 manat) qalibi "ÇİNAR-N" Məhdud Məsuliyyətli Cəmiyyəti bu ilin - 2020-ci ilin fevral ayının 6-da dövlət qeydiyyatına alınıb. 
 
10 manat nizamnamə kapitalı olan "ÇİNAR-N" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə 1959-cu il təvəllüdlü Hümbətov Məmmədhüseyn Məmmədhüseyn oğludur. 
  
"Horadiz Şəhərində H.Əliyev prospektindən Horadiz şəhər qəbiristanlığına qədər olan avtomobil yolunun təmiri" lotu üzrə tenderin (199.221 manat) qalibi "XƏMSƏ-M.X" Məhdud Məsuliyyətli Cəmiyyəti də 2020-ci ilin fevral ayının 13-də təsis edilib. 
 
20 manat nizamnamə kapitalı olan "XƏMSƏ-M.X" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131, qanuni təmsilçisi isə Mustafazadə Xəyal Aqil oğludur.
 

 

 
Füzuli rayon İcra Hakimiyyətinin "Sair xərclər" lotu üzrə tenderinin (140.143 manat) qalibi "AĞÇALA-LM" Məhdud Məsuliyyətli Cəmiyyəti də 2020-ci ilin fevral ayının 27-də reyestrdə qeydiyyatdan keçib.
 
"AĞÇALA-LM" MMC-nin hüquqi ünvanı Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95, nizamnamə kapitalı isə 20 manatdır. 
 
Şirkətin qanuni təmsilçisi 1984-cü il təvəllüdlü Bayramov Emin Elşad oğludur. 
 
Füzuli rayon İcra Hakimiyyətinin sifarişçi olduğu tenderlərin qalibi olan şirkətlərin hamısı eyni "statusdadır": Maddi-texniki baza, işçi sayı, müvafiq qurumlardan tələb olunan lisenziya və sertifikatlar barədə heç bir məlumat verilmir!
 
Yuxarıdakı məlumatdan göründüyü kimi, Füzuli rayon İcra Hakimiyyətinin eyni gündə yekun vurduğu iki tenderin qalibi olan iki şirkət - "XƏMSƏ-M.X" MMC və "ÇİNAR-N" MMC-lərin hüququ ünvani eynidir - Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 131.
 



 
İlginc məqam Füzuli Rayon İcra Hakimiyyətinin "Sair xərclər" lotu üzrə tenderinin (140.143) qalibi "AĞÇALA-LM" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı ilə, Füzuli rayon Kommunal Müəssisələr Kombinatına "müxtəlif adda mal-materialın satın alınması" (191.000 manat) lotu üzrə tenderin qalibi olan "QədımYURD" MMC-nin hüquqi ünvanının eyni olmasıdır - Bakı şəhəri, Yasamal rayonu, Alatava 1, ev 95!
 



 
Qlobal.az Füzuli rayon İcra Hakimiyyətinin və Füzuli rayon Kommunal Müəssisələr Kombinatının sifarişçi olduğu tenderlərdə qalib elan edilən şirkətlərin eyni hüquqi ünvanda olmalarının təsadüf olub-olmaması ilə bağlı Füzuli Rayon İcra Hakimiyyətindən mövqe öyrənməyə çalışıb. İcra Hakimiyyəti məsələyə münasibət bildirməyib.
 
Ölkədə keçirilən tenderlər barədə yerli mətbuatda yazılanlara diqqət etdikdə isə eyni ayda, eyni ildə təsis edilən, eyni hüquqi ünvanda "fəaliyyət" göstərən şirkətlərin eyni gündə eyni qurumun tenderlərinin qalibi olmasının təsadüf olmağıdı ortaya çıxır. 
 

 
Hələ ötən il «Neuron Technologies» şirkətinin sahibi İsmayıl Ələkbərov dövlət qurumları tərəfindən elan edilən tenderlərin əksəriyyətinin nağdlaşdırma məqsədi ilə keçirildiyini, sifarişçi olduqları tenderlərin 50%, bəzən isə hətta 70-80% «otkat» formasında geri alındığını bildirmişdi. 
 
Dövlət Təhlükəsizlik Xidmətinin may ayının 6-da İmişli Rayon İcra Hakimiyyətinin başçısı Vilyam Hacıyevin həbsi istiqamətində həyata keçiridiyi xüsusi əməliyyatın videosunda danışan tikinti şirkətinin sahibi Səyalı Səfərova qalib olduğu tenderin məbləğinin 30 %-ni icra başçısına "otkad" formasında verdiyini deyirdi.