Anar Məmmədli: "Bu, diplomatiyamızın uğursuzluğudur"

Anar Məmmədli:

26-11-2020 14:22 / Bu xəbər 1496 dəfə oxundu

Fikrət Cəfərli: "Ciddi hüquqi əsası olmasa da, Azərbaycanı şantaj etmək üçün istinad edilə biləcək bir sənəddir"

"Fransa Senatının qəbul etdiyi qətnamə siyasi sənəddir və heç bir hüququ qüvvəsi yoxdur. Amma xeyli amma var bu işdə. Bu sənədə cəmi 1 nəfər qarşı çıxıb, 300-dən çox deputat dəstəkləyib. Bu Fransanın siyasi elitasında həmrəyliyin göstəricisidir. Belə bir həmrəyliyin yaranması, həm də bizim diplomatiyanın uğursuzluğudur".

Bunu Senatın qətnaməsini şərh edən siyasi şərhçi Anar Məmmədli yazıb.

O bildirib ki, müharibə başlayandan bəri dəfələrlə diplomatik tədbirlərin zəif olduğunu qeyd edib: "Müharibə bitəndə aydın oldu ki, ölkə rəsmiləri ancaq Moskva-Ankara təmaslarına üstünlük veriblər. Regiondakı güclərlə hesablaşıb, "zərif güclərə" məhəl qoymayıblar. Məsələn, Fransaya QHT, siyasi partiya, müharibə veteranı və məcburi köçkündən ibarət heyətlər səfər eləsəydi, bəlkə də, sənədi dəstəkləyən deputatın sayı azalardı. Elə isə Parisdəki səfir nə işlə məşğuldur? Doğrudanmı, o cəmi bircə deputatı inandıra bilib ki, Azərbaycan Fransa üçün önəmli ölkədir?".

 "Yeri gəlmişkən, iyulda ATƏT-in Media Azadlığı üzrə təmsilçi postunu tutat Harlem Desirin mandatının uzadılmasına qarşı Azərbaycan və Türkmənistan veto qoydu. O zaman bunu yanlış addım sayaraq, qərarın fransızları narazı salacağını yazmışdım. Harlem Desir zəngin karyerası olan fransız siyasətçidir. ATƏT-dən öncə Fransanın Avropa Əlaqələri üzrə dövlət naziri vəzifəsində çalışıb, sosialistlər partiyasının katibi olub. Belə nüfuzlu şəxsin əleyhinə veto hüququndan istifadənin bir adı vardı - onun media azadlığı ilə bağlı tənqidçi mövqeyindən rahatsızlıq. Şübhəsiz ki, fransalı təmsilçiyə qarşı nümayiş etdirilən bu mövqe Fransanın siyasi çevrələrində rəsmi Bakıya qarşı rəyin artmasında rol oynayıb", - Anar Məmmədli qeyd edib. 

Onun sözlərinə görə, hələlik faciəli durum yoxdur: "Bu fiaskodan ciddi nəticə çıxarmaq lazımdır. Xüsusən də Xarici İşlər nazirliyi və diplomatik korpuslarda yeni siyasi situasiyaya uyğun islahatlar getməli, yeni siyasi kurs hazırlanmalıdır".

Siyasi şərhçi Fikrət Cəfərli də isə hesab edir ki, sənədin ciddi hüquqi əsası olmasa da, Azərbaycanı şantaj etmək üçün istinad edilə biləcək bir sənəddir: "Fransa prezidentinin bir müddət əvvəl Dağlıq Qarabağla bağlı açıqlamalarının ardınca Fransa Senatının qəbul etdiyi şantaj xarakterli qətnamənin ilk baxışdan heç bir ciddi hüquqi əhmiyyəti olmasa da, gələcək də digər erməni sevdalılarının Azərbaycanı şantaj etmələri üçün istinad edilə biləcək bir sənəddir.

Rəsmi Bakı qəbul edilmiş bu sənədə elə bir sərt və birmənalı etiraz bildirməlidir ki, şimaldan tutmuş qərbə qədər bütün erməni sevdalıları üçün görk olsun. Əks-təqdirdə bu kimi sənədlərin artmasının şahidi olacağıq". 

O, Arqument.az-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyü hər hansısa dövlət tərəfindən mübahisələndirilə bilməz: "Suveren ölkənin sərəhədlərin dəyişdirilməsinə çalışan dövlətlə bütün hüquqi, siyasi-diplomatık əlaqələr kəsilməlidir. Ölkəmizin ərazi bötövlüyünə qarşı yarana biləcək bu kimi presedentlər bəzilərinin dediyi kimi heç də təsadüfən ortaya çıxmayıb. Unutmayaq ki, bir müddət əvvəl də Fransa prezidentinin Senat tərəfindən qəbul olunmuş qətnamənin mahiyyətinə uyğun sərsəm açıqlamaları olub". 

Fransa Senatı noyabrın 25-də Dağlıq Qarabağdakı qondarma rejimin "müstəqilliyinin” tanınmasının zəruriliyi barədə qətnamə qəbul edib. Senatın 305 senatoru qətnamənin qəbulunun lehinə səs verib. Cəmi bir nəfər əleyhinə çıxıb, 30 senator isə bitərəf qalıb. 

Azərbaycanın Xarici İşlər Nazirliyi qətnamənin qəbulunu pisləyib.