AŞPA-da rüşvət qalmaqalı: Elxan Süleymanov da istintaqa cəlb olunub

AŞPA-da rüşvət qalmaqalı: Elxan Süleymanov da istintaqa cəlb olunub

05-02-2024 20:00 / Bu xəbər 814 dəfə oxundu

Münhen Respublika Prokurorluğu seçilmiş məmurların korrupsiya və rüşvətxorluq şübhəsini təsdiqləyib

Almaniya mediası Azərbaycan hakimiyyətinin Avropa Şurası parlamentarilərinə milyonlarla rüşvət verməsi məsələsindən yazıb.

Məqalədə bildirilir ki, "kürü diplomatiyası” kimi tanınan bu məsələdə Bundestaqın iki keçmiş deputatının adı hallanır.

İddialar 2009-cu ildə vəzifəsini tərk edənə qədər Bundestaqda xidmət etmiş, uzun müddət deputat olmuş Eduard Lintner və 2021-ci ilə qədər Avropa Parlamentində iştirak edən Aksel Fişerlə bağlıdır.

2021-ci ildə gözlənilmədən həyatını itirən siyasətçi Karin Strenzin də adı rüşvət qalmaqalında hallanır.

Dörd il davam edən istintaqın sonunda Münhen Respublika Prokurorluğu seçilmiş məmurların korrupsiya və rüşvətxorluq şübhəsini təsdiqləyib.

2017-ci ildə "Süddeutsche Zeitung və Organized Crime and Corruption Reporting Project” (OCCRP) araşdırma təşkilatının araşdırmaları nəticəsində məlum olduğu kimi parlamentarilər Azərbaycandakı avtokratik rejimdən pul alıb.

Söhbət 19 xarici poçt qutusu şirkəti vasitəsilə Lintnerə göndərilən bir neçə milyon avrodan gedir.

Prokurorluq bildirir ki, dövlətə məxsus Azərbaycan şirkəti ilə Lintnerin iki şirkəti arasında şirkətlər tərəfindən göstərildiyi iddia edilən xidmətlərə görə aylıq ödənişləri nəzərdə tutan çərçivə sazişləri imzalanıb.

Məlumatda deyilir ki, Linter pulla bağlı iddianı təsdiqləyib.

Məqalədə vurğulanır ki, "kürü diplomatiyası”nın aparıldığı dövrdə Lintner, Fişer və mərhum siyasətçi Strenz Avropa Şurası Parlament Assambleyasının üzvləri olub.

Xəbərdə bildirilir ki, Münhen Prokurorluğu və Federal Kriminal Polis İdarəsinin birgə açıdığı cinayət işi üzrə istintaqa Azərbaycandan olan sabiq parlament üzvü Elxan Süleymanov da cəlb olunub.

Avropanın ikinci ən qədim hökumətlərarası təşkilatı 46 dövlətdən ibarətdir. 

Məqsədləri insan hüquqlarını, demokratiyanı və qanunun aliliyini qorumaqdır.

Azərbaycan da Avropa Şurasının üzvüdür. 

"Ölkə illərdir Formula 1 yarışları, Avropa Olimpiya Oyunları və ya "Eurovision” mahnı müsabiqəsi kimi beynəlxalq kütləvi tədbirlərə ev sahibliyi etməklə öz imicini inkişaf etdirir. Növbəti Ümumdünya İqlim Konfransı COP29 da Azərbaycanın paytaxtı Bakıda keçiriləcək. Eyni zamanda hakim Əliyevlər ailəsi avtokratik və korrupsioner hesab edilir, siyasi müxalifət və mətbuat azadlığı vəhşicəsinə sıxışdırılır”, – məqalədə vurğulanır.