ATƏT-in Aralıq Hesabatı: “Hökuməti əsəbiləşdirmək istəməyib”

ATƏT-in Aralıq Hesabatı: “Hökuməti əsəbiləşdirmək istəməyib”

31-01-2024 17:53 / Bu xəbər 723 dəfə oxundu

Prezidentliyə namizədliyi qeydə alınmayan namizəd isə hesabatı natamam adlandırır

Yanvarın 23-də ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu Seçki Müşahidə Missiyası (DTİHB) Aralıq Hesabat yayıb.

Dekabrın 23-dən yanvarın19-na qədərki dövrü əhatə edən hesabatda Seçki Məcəlləsinə edilən bir sıra texniki dəyişikliklərin DTİHB-nin əvvəlki tövsiyələrini əhatə etmədiyi və müşahidə edilmiş çatışmazlıqların aradan qaldırılmadığı qeyd olunur. 

Həmçinin Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarının icra olunmadığı bildirilir.

Sənəddə qeyd edilir ki, media və siyasi partiyalar haqqında iki yeni qanunun qəbul edilməsinin yaratdığı problemlərə də toxunulur.

Hökumət bu qanunlarla bağlı bəyan edib ki, məqsədi media və partiyalar üçün əlverişli mühiti təmin etməkdir.

"Lakin hər iki qanun ifadə və birləşməq azadlığı üçün məkanı daha da daralatmaq məqsədi daşıyan kimi qəbul olunur”, – deyə hesabatda vurğulanır.

Hesabatda namizədlərin arasında qadın olmadığı da açıq qeyd olunur və digər 6 namizədin hər birinin yaxın keçmişdə Əliyevi açıq şəkildə dəstəklədiyi bildirilir:

"Bu günə qədər kampaniya zəif keçib. Parlamentə daxil olmayan əsas müxalifət partiyalarından heç biri seçkiyə qatılmır, biri isə boykot çağırışı ilə çıxış edir. Xarici siyasət və ərazi bütövlüyünün bərpası hazırda kampaniyanın əsas mövzularıdır”.

Sənəddə o da bildirilir ki, Konstitusiya ifadə, media azadlığı və məlumat əldə etmək hüququnu təmin etsə də, qoyulan məhdudiyyətlər kifayət qədər müəyyən edilməyib: "Son üç ayda bir sıra onlayn media orqanlarının jurnalistləri və rəhbərləri ilə bağlı çoxsaylı saxlanma və həbslər baş verib ki, bunların da bir qismi hazırki hesabat dövrünə təsadüf edib”.

ATƏT-in Müşahidə Missiyası hesab edir ki, bu kimi hallar, habelə yeni media qanununun məhdudlaşdırıcı mahiyyəti, medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bir neçə mühüm tənqidi media saytlarının ölkə hüdudlarında bloklanması narahatlıq doğurur.

Müşahidə Missiyası qeyd edir ki, həmsöhbətləri "Media haqqında” Qanunun yaratdığı çətinliklərə xüsusi diqqət çəkiblər.

Onların fikrincə, xüsusən də media təşkilatlarının və jurnalistlərin de-fakto məcburi qeydiyyatı, 35 medianın xaricdən maliyyələşdirilməsinin qadağan edilməsi və bəzi mühüm tənqidi media saytlarının ölkə miqyasında bloklanması narahatlıq doğuran məqamlardır.

Hesabatda vurğulanır ki, Mərkəzi Seçki Komissiyasında (MSK) seçki şikayətlərini araşdırmaq üçün Ekspert Qrupu yaradılsa da, bu günə qədər heç bir şikayət daxil olmayıb: "Yanvarın 19-na olan məlumata görə, Apelyasiya Məhkəməsinə ümumilikdə beş apellyasiya şikayəti verilib ki, onlardan üçü imzatoplama prosesinin vaxtı ilə bağlı potensial namizədlər tərəfindən təqdim edilib. Bu günə qədər edilən bütün müraciətlər rədd edilib. DTİHB SMM-in bir sıra həmsöhbətləri mübahisələrin həlli sisteminə və məhkəmələrin müstəqilliyinə etibar etmədiklərini bildiriblər. Bəzi vətəndaş cəmiyyəti təşkilatları, o cümlədən əvvəllər seçki müşahidəsi ilə məşğul olanlar DTİHB SMM-nə qeyd ediblər ki, təmsil etdikləri təşkilatların qeydiyyata alınmasında inzibati maneələr və xarici maliyyələşdirmə məhdudiyyətləri onların müşahidə fəaliyyətini hazırlamaq və həyata keçirmək imkanlarını və akkreditasiyadan keçmək imkanlarını məhdudlaşdırır”.

"Üslub və ritorika baxımından əvvəlki hesabatlardan daha yumşaqdır”

III Respublika Platformasının spikeri Akif Qurbanov deyir ki, hesabatın yanvarın 23-də yayıldığı halda, medianın 7 gün sonra xəbər tutması anlaşılmazdır: "Mən bu barədə ATƏT-in nümayəndəliyinə də iradımı çatdırdım. Dedim, ictimaiyyətlə necə işləyirsiniz ki, 7 gün sonra xəbər tuturlar”.

Akif Qurbanov hesab edir ki, sənəd üslubu və ritorikası baxımından əvvəlki hesabatlardan daha yumşaqdır: "Bu dəfə texniki yanaşma daha çox qabarıq görünür. Problemlər sadalansa da, bunlara münasibətdə istifadə olunan dil üslubu və ritorika əvvəlki hesabatlardan daha yumşaqdır. Xüsusən, Frank Şvabenin "ATƏT-ə təzyiqlər var” açıqlaması bu mənada diqqət çəkir. Yəqin ki, almaniyalı deputat əlində məlumat olmadan həmin bəyanatı verməzdi. Məsələn, seçki komissiyalarının formalaşması mexanizminə bu dəfə texniki üslub seçilib, əvvəlki hesabatda belə deyildi. Yəni hesabatda komissiyanın bu cür formalaşmasının cəmiyyət tərəfindən etimadlı olub-olmaması əksini tapmayıb”.

"O cümlədən, namizədlərin qeydiyyatı hissəsində göstərilib ki, 9 dekabrdan bu məsələ açıq idi. Halbuki MSK 9 dekabrdan olan müraciətlərə baxmayıb. Bunun sadə sübutu odur ki, İlham Əliyevin namizədliyi ilə bağlı sənədlər 16 dekabrda komissiyaya verilib. Azərbaycanda oturuşmuş praktikaya görə Əliyevin sənədləri təqdim olunmadan heç bir namizədin sənədlərinin qəbulu mümkün deyil. Namizədlərin təsdiq prosesi ilə bağlı nə qədər əngəllər yaşanıb, amma bunların heç biri hesabatda yoxdur, sadəcə, bayram günündə qeydə alınmayla bağlı çətinliklərin olduğu vurğulanıb”, – deyə Qurbanov əlavə edib.

Onun sözlərinə görə, ATƏT-in hesabatında istər media, istər siyasi partiyalar haqqında qanunlar, istərsə də həbslər hissəsində müsahiblərin dilindən onların narahatlığı ifadə edilir: "Məsələyə çox texniki yanaşılır və istifadə edilən dil üslubu əvvəlki ritorikadan fərqlənir. Düzdür, bu, Aralıq Hesabat olduğundan vəziyyəti tam ifadə etməyə bilər. Amma seçilən üslub və təsbitlər texniki və seçki öncəsi sanki ATƏT-in hökuməti qıcıqlandırmadığı hiss olunur. İngilis dilinin imkanları genişdir, əsas hesabat da bu dildə yazılır. Bəzən sözlər eyni məna daşıya bilir, amma bir sözün vurğusu daha çox neqativ məna çalarını ifadə edə bilir. Amma seçilən sözlərin üslubuna baxanda görünür ki, ATƏT hesabatında hökuməti əsəbiləşdirmək istəməyib”.

Təşviqat mərhələsində müxtəlif binaların, poliklinikaların, məktəblərin önündə yerləşən lövhələrdə hazırkı dövlət başçısının şəklinin birinci asılması haqda yaranan suallara gəlincə, Akif Qurbanov deyir ki, namizədlərin şəkillərini tərəfdarları yox, məntəqə üzvləri asırlar: "Namizədlərin heç birinin təşviqat kampaniyasını aparanlar bu işlə məşğul olmur, plakatları məktəblərə, yəni məntəqələrə paylayırlar və komissiya üzvləri onları yapışdırırlar. Ona görə standarta uyğun yapışdırırlar, birinci hazırkı ölkə başçısının şəkli olmalıdır”.

"Sənəd ümumi mənzərəni qismən ifadə edir, dili yumşaqdır”

Seçki Müşahidə Alyansının rəhbəri Məmməd Məmmədzadə əvvəlcə missiyanın Bakıya gec gəldiyinə diqqət çəkib.

O qeyd edib ki, Aralıq Hesabat hələ seçki ilə bağlı tam təfsilat sayıla bilməz: "Sənəd ümumi mənzərəni qismən ifadə edir, dili yumşaqdır. Əsas rəyini ilkin və yekun hesabatlarda verəcək. Praktikada Yekun Hesabat vəziyyəti tam təfsilatı ilə ifadə edir. Yəni vaxt baxımından belə hesabat yaymasını normal sayıram. Hələ seçki günü 280 nəfər də gələcək. Hazırda uzunmüddətli müşahidəçilər işləyir”.

Məmmədzadə sənədin yumşaq olmasını indiki siyasi mühitə görə normal hesab edib: "Amma əminən ki, 8 fevralda ilkin rəyin seçki durumunu daha tam şəkildə ifadə edəcək. Onlar öz metodologiyası var, peşəkar komandayla o cür gedirlər”.

"Sənədə Məzahir Pənahovun cümlələrini əlavə ediblər”

Prezidentliyə namizədliyi qeydə alınmayan Mətləb Mütəllimli hesabatı natamam və birtərəfli adlandırıb.

Onun sözlərinə görə, missiya seçkinin ilkin mərhələsi başa çatandan sonra Azərbaycana gəlib: "Biz ilin əvvəlində onlarla görüşəndə qanun pozuntuları haqqında sənədlər təqdim etdik və namizəd olmaq istəyənlərə etinasız yanaşıldığını bildirdik. Aralıq Hesabatda yazılıb ki, 17 nəfərin arasında qadın yoxdur, halbuki Ulduz xanım adlı elmi işçi vardı, onun ümumiyyətlə, namizəd olmaq üçün sənədlərini qəbul etmədilər. Hesabatda bu barədə heç nə yoxdur. Sənəddə şikayətlərin araşdırılması ilə Ekspert Qrupunun məşğul olduğu və heç bir şikayətin daxil olmadığı qeyd olunur. Ancaq 4 nəfər namizəd olmaq istəyən biz qrupa bəyanatımızı və qanun pozuntuları haqda sənədləri vermişik, yazmayıblar”.

Mətləb Mütəllimli bildirib ki, bütün hallarda hesabat obyektiv deyil: "Aralıq Hesabatda lazımsız məqamlara toxunublar, guya 101 mindən çox erməni Qarabağdan köçürülüb, halbuki adamlar özləri gedib. İndidən artıq məcburi köçkünlər ifadəsini işlədirlər. Əvvəla, bu ifadənin seçkiyə aidiyyatı yoxdur. Baxın, bizim onlarla görüşümüzdə dediklərimiz haqda susurlar. Sual yaranır, niyə görə apelyasiya şikayətlərinin təmin olunmamasından yazmırlar, həmin şikayətləri kimlər verib? Bütün hallarda hesabat obyektiv deyil və sənədə Məzahir Pənahovun cümlələrini əlavə ediblər”.

Seçkilər nə vaxt keçiriləcək və kimlər namizəddir?

2024-cü ilin fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkisi keçiriləcək.

İlham Əliyev ötən il dekabrın 7-də bununla bağlı sərəncam imzalayıb.

Prezidentliyə namizədlər – ölkə başçısı İlham Əliyev, deputatlar Fazil Mustafa, Zahid Oruc, Qüdrət Həsənquliyev, Razi Nurullayev, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev və Fuad Əliyevdir.

Namizəd Səfərov, Sərvan Kərimov, Mətləb Mütəllimli, Abutalıb Səmədov, Fikrət Yusifov, Yusif Bağırzadə, Arzuman Abdulkərimov, Yunus Oğuz, Qulamhüseyn Əlibəyli namizədliklərini irəli sürsələr də, onlar qeydə alınmayıblar.

Prezidentliyə namizədliyini verən şəxslərin hər biri hakimiyyətyönümlü kimi tanınır.

AXCP, Müsavat və Klassik Xalq Cəbhəsi partiyaları seçkini boykot edəcəklərini açıqlayıblar.

Azərbaycanda sonuncu dəfə Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilib.

Həmin seçki də növbədənkənar olub.

İlham Əliyev 20 ildir ki, Prezident vəzifəsini icra edir.