Azərbaycan və Ermənistan atəşkəsə razılaşdılar

Azərbaycan və Ermənistan atəşkəsə razılaşdılar

10-10-2020 10:52 / Bu xəbər 833 dəfə oxundu

Rusiya Xarici İşlər Nazirliyində (XİN) Dağlıq Qarabağa dair Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirləri – Sergey Lavrov, Ceyhun Bayramov və Zohrab Mnatsakanyan arasında keçirilən üçtərəfli danışıqlarda Bakı və Yerevan Qarabağda atəşin dayandırılmasına razılaşıblar.
 
Görüş 12 saat davam edib. 

Bu barədə RİA Novosti agentliyinə Sergey Lavrov məlumat verib.

Lavrovun sözlərinə görə, Xarici işlər nazirləri bəyanat qəbul ediblər. 

Bəyanatda Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin müraciətinə cavab olaraq, eləcə də Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və Ermənistan Respublikasının Baş naziri N.Paşinyan arasında əldə olunmuş razılığa əsasən, hərbi əsirlər, saxlanılan şəxslər və meyitlərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə dəyişdirilməsi üçün humanitar atəşkəs elan olunur. Atəşkəs oktyabrın 10-da saat 12:00-da qüvvəyə minir.

Atəşkəs rejiminin konkret parametrləri əlavə olaraq razılaşdırılacaq; 

Həmçinin Azərbaycan və Ermənistan ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə münaqişənin tezliklə sülh yolu ilə həlli məqsədilə "substantiv danışıqlara" başlamağa razılığa gəlib.

Tərəflər danışıqlar formatının dəyişilməzliyini təsdiq edirlər.