Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır

Bakı, Sumqayıt, Gəncə, Şəki və Abşeronda məktəblər bağlanır

01-04-2021 16:49 / Bu xəbər 2257 dəfə oxundu

Mövcud pandemiya şəraiti ilə əlaqədar olaraq, növbəti həftədən etibarən tədrisin təşkili ilə bağlı yeni normaların tətbiqi planlaşdırılır. 

Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bu barədə aprelin 1-də Təhsil Nazirliyindən məlumat verilib. 

Məlumata görə, yeni qərar məktəbəqədər tədris müəssisələrini (uşaq bağçalarını) əhatə etməyəcək.

Fevralın 1-dən ölkə üzrə ümumi təhsil müəssisələrində karantin rejiminin qaydalarına əməl edilməklə ənənəvi tədris mərhələli şəkildə qismən bərpa edilmişdi 

Təhsil Nazirliyi ictimaiyyətə sanitar-gigiyenik qaydalara əməl etməyi, maska taxmaqla və sosial məsafəni gözləməklə "COVID-19” virusundan qorunmağı tövsiyə edib.

Bildirilib ki, distant tədris zamanı dərslər "Virtual məktəb", eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin şagirdlərə "Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunub.

Ümumi təhsil müəssisələrinin yaşı 50-dən yuxarı olan müəllim və texniki heyətinin martın ilk həftəsindən vaksinasiya prosesinə başlanılıb. Məlumata görə, bugünədək proses çərçivəsində 55 faizdən çox müəllim və texniki heyət "COVID-19” əleyhinə peyvənd olunub. 

Təhsil prosesinin səmərəli təşkili üçün müəllim, o cümlədən texniki heyətin vaksinasiya prosesində iştirakının zəruri olduğu vurğulanıb.