Bakıda pilləkəni olmayan bina

Bakıda pilləkəni olmayan bina

06-01-2024 01:16 / Bu xəbər 1804 dəfə oxundu

  

Çingiz Sultansoy

Bakının mərkəzində tikilib artıq sakinlərin istifadəsinə verilən çoxmərtəbəli bir binanın bir blokunun pilləkəni yoxdur. 

Bəli, səhv eləmədiniz, düz oxudunuz, pilləkanı  yoxdur, lifti var deyə pilləkan tikməyi unudublar, ya da lazım bilməyiblər. Yəni lift işləməsə, mənzilinizə qalxa, ya da düşə bilməzsiniz...

Söhbət "Pilot Residence" adlı şirkətin Sabail rayonunun Rostropoviç küçəsində tikib təhvil verdiyi binasından gedir. Amma narahat olmağa dəyməz, həmin bloka başqa blokdan "körpü" qoyulub, oradan keçmək olar. 

Bundan başqa, hamı bilir ki, Bakıda liftlər gecə-gündüz, bir dəqiqə də dayanmadan, xarab olmadan işləyir, Almaniyadakı kimi. Məsələn, Bayerndə yaşadığım bina liftinin bu 5 ildə cəmi bir dəfə dayanan görmüşəm, təmir-profilaktika işləri gedirdi.

"Pilot Residence" şirkətinə sualım çoxdur, amma yalnız birini deyim: birdən Bakıda zəlzələ, ya da binada yanğın olsa, sakinlər binadan necə çıxacaq? Axı bilmək olmaz, zəlzələ və yanğın zamanı qonşu blok, yada o keçid-körpü dağıla, ya yana bilər. Bu hallarda liftdən istifadə yasaqdır?
Düzdür, Bakıda zəlzələ və yanğın elə də tez-tez olmur, amma bəzən, nadir  hallarda?..
 
Yadıma 1995-ci ildə mikrorayonda, doqquzuncu mərtəbədə yaşayan xəstə və qoca qadının lift üç il işləmədiyinə görə aşağı düşməməsi hadisəsi yadıma düşdü. Qadın ürəyi zəif olduğundan 3 il mənzilində  dustaq qalmışdı. Düşünürdü ki, aşağı düşüb-qalxsa, ürəyi dayana bilər. 

Onun 3 həyət-baca, küçə üzünü görməməsini eşidib AzTV-də "Jurnalist təhqiqatı” proqramımda Bakının lift təsərrüfatına həsr olunmuş "Bakı liftləri” adlı  veriliş çəkdim. Qadının, o blokun problemi ilə yanaşı, bu sayaq xeyli məsələ də həll olundu. 

Maraqlıdır, 30 il öncə yuxarı mərtəbələrdə yaşayan qocalar evlərində illərlə dustaq qalırdılarsa, görəsən, indi vəziyyət necədir?..

Aidiyyəti dövlət qurumları "Pilot Residence" şirkətinin memarlıq əsərinin işinə qarışmasa, bina pilləkənsiz qalsa, birincidən dördüncü, lap beşinciyə qədər mərtəbələrinin sakinləri yerə çatacaq qədər uzun və 90-100 kiloluq adamı saxlayacaq qədər möhkəm kəndir alıb, bərayi-ehtiyat evlərində saxlaya bilərlər. 

Yanğın zamanı kəndiri haraya, nəyə bağlayıb aşağı sallayacaqlarını da əvvəldən düşünsələr, pis olmaz. Bağlamaq üçün eyvanda yer yoxdursa elə indidən "balkon"un, ya mənzilin divarına yetərincə möhkəm metal qarmaq yeritmək olar, sonra yanğın başlayanda gec olacaq. 

Elə indidən o ipə hər yarımmetrədən, bir metrədən bir düyün salmaq gərəkdir, yanında bir cüt əlcək dıə qoymaq olar, beşinci mərtəbədən sallana-sallana düşmək heç olmasa bir az asan olsun, əlləri sümüyəcən siyrilməsin...

Beşinci mərtəbə deyirəm, bəs beşdən yuxarı mərtəbələrin sakinləri neyləsin? Bilmirəm, ağlıma gələn bir odur ki, yaşlarına, xəstəliklərinə baxmadan alpinizm, ya qayayadırmanmaq kimi idman növlərini öyrənməyə, məşqlərə başlasınlar. Hələ ki gec deyil. Həm də cana faydadır. 

Alpinist olmaq istəməyən, ya bacarmayanlar özləri bilər. Mən o sakinləri  özlərindən çox istəyə, qayğılana bilmərəm ki? Məndən ağıllı,  pullu adamlardır. 

"Pilot Residence" şirkətinin mənziləri 150 000 manatdan başlayır.  Belə mənzil sahiblərinin arasında  YAP üzvü, vəzifədə olanlar, uğurlu xarici və daxili siyasətimizi dəstəkləyənlər də az olmaz. Kasıbın o binada nə iti azıb? 

"Pilot Residence" niyə pilləkən tikməyib? 

Sakinlər deyir ki, əvvəl binanın projesində pilləkən olub, sonra ixtisara salınıb, onları aldadıblar. Olay haqqında süjetdən daha artığını bilmək olmur, şirkətin nümayəndəsi anlaşılan cavab vermədi. Dedi ki, bəs bayramdan sonra düzəldəcəyik. Necə düzəldəkcən, Alış? 

Bu gülməli və eyni zamanda ağlamalı olayla bağlı ciddi hüquqi araşdırma olacağına, şirkət sahiblərinin heç olmasa sanballı cərimə ediləcəyinə çox da ümid etmirəm. İstənilən halda bu sadəcə qəribə  hadisə deyil, Bakı və Azərbaycanda inşaat sahəsinin normativ  və standartlarının çoxsaylı və çox təhlükəli pozuntularının biridir. Gözəgirən örnək, durumu göstərən lakmus kağızıdır...

Qənaət üçün pilləkəni ixtisara salanlar səfeh yeniyetmə deyil, bahalı mənzillər satan sanballı, bığlı-saqqalı kişilərdir, çörəyi də qulaqlarına yemirlər. Onlar Bakıda inşaat şirkətlərində işləri, bu sahədə və ölkədədurumu, korrupsion mühiti yaxşı bilirlər və bu pozuntuya görə cəzasız qalacaqlarına əmin olmasaydılar, bu işi görməzdilər…

O bina sahibinin, projesini təsdiqləyən tikinti məmuru, habelə tikintisinə icazə verən FHN məmurunun sıfatlarına baxmaq, müsahibə almaq istərdim. Kimsə çıxıb deyə bilər ki, onlar da, onları o vəzifələrə təyin edən də bizim xalqın övladlarıdır. Hə, doğrudur!  Belə deyənlərə Allah o binada yaşayıb yanğına düşməyi, ya da "Pilot Residence" bənzər tibb  şirkətində müalicə olunmağı qismət eləsin!

"O məmurlar da bizim xalqın övladlarıdır. Bunlar yeyib doyublar, təzələri gəlsə, təzədən başlayacaq, zamanla hər şey düzələcək. Hər xalq öz hakimiyyətinə layiqdir, bütün dünya bizə həsəd aparır. Yaralı və əlil qazilər taleyin ümidinə qalsa da, əsas odur ki, biz Qarabağı qaytara bildik", - deyənlər gərək anlasın ki, ağıll-savadlı, dürüst, təmiz adam həmişə, tarix boyu kütbeyin, qanmaz, əxlaqsız, fırıldaq və rüşvətxor olanlardan az olub. 

Bu məlum. Amma ölkəni Quranda yazılan dəyərləri itirməyən o azlar idarə eləməlidir, qanmazlar və fırıldaqlar yox. Əks halda binaların pilləkəni olmayacaq, qocalar infarkt olanda, ya uşaqlar pəncərədən-balkondan yerə yıxılanda təcili tibbi yardım gəlməyəcək. İnsanlar yol qəzalarında, ya nadan həkimin müalicəsindən, eləcə cərrahın bıçağı altında öləcək, polis və hakim cinayətkdan rüşvət alıb buraxacaq, heç bir təqsiri olmayan adamın cibindən narkotik tapıb həbs edəcək və s. belə şeylər...  

Cibindən nəşə cıxan gənc, maşın altıtnda qalan gənx xanım siz ola bilərsiniz, sizin övladınız ola bilər…

Görəsən, Bakıda yaşayan 4 milyon, Azərbaycanda yaşayan 6-7 milyon adamdan neçəsi harada, hansı şəraitdə yaşadığını, özü, uşaqları üçün təhlükəsini anlayır? 

Qurular niyə yaşın oduna yanmalıdır? 

Axı bu olaylar hamının, hamının başına gələ bilər? 

Hamı da mühacirətə gedə bilməyəcək, qəbul etməyəcəklər…

Redaksiyadan: Azərbaycanda uzun illərdir ki, yeni tikilən binalarla bağlı şikayət və problemlər aktual olaraq qalır. Vətəndaşlar dəfələrlə şirkətlər tərəfindən ya aldadıqlarını deyir, ya da tikinti şirkətlərinin tələblərə cavab vermədiyini bəyan edirlər. Amma bütün bununla yanaşı, jurnalistin yazıda ünvanladığı suallara sözügedən şirkət cavab vermək istəsə, ona cavab haqqı tanıyacağıq.