“CinemaPlus”da “Əyləncəli səyahət!”

“CinemaPlus”da “Əyləncəli səyahət!”

05-07-2023 16:36 / Bu xəbər 955 dəfə oxundu

İyulun 6-dan etibarən "CinemaPlus” kinoteatrlar şəbəkəsində "Əyləncəli səyahət” (Joy ride) macəra dolu Amerika filminin nümayişi başlayır.

Filmin prodüseri, məşhur ssenarist və aktyor Set Rogendir. 

Onunla birlikdə əfsanəvi "Superbad”, "The Boys”, "Pam&Tommy” kimi qlobal layihələrə imza atmış Evan Qoldberq bu filmdə də ortaq müəllif və prodüserdir. 

Set Rogen kino karyerasında ilk dəfə olaraq qızlardan bəhs edən layihə həyata keçirir. 

O, ssenarini çox bəyəndiyini bildirib: "Mən ayda yüzlərlə ssenari oxuyuram. Lakin "Əyləncəli səyahət”in ssenarisi şəxsən mənim üçün istənilən pulu ödəməyə hazır olduğum bir ssenari idi! Çox gülməli və eyni zamanda, ürəkdən yazılıb. Bu da, şübhəsiz hər bir prodüser üçün böyük uğurdur”.  

Qızların macəralarından bəhs edən komediya filminin rejissoru, ssenari müəllifi və prodüseri Adel Limdir. 

Onun Hollivuddakı böyük uğurlarından biri məşhur "Crazy Rich Asians” filmi hesab olunur (dünya üzrə gəliri 238 milyon dollardır). 

Limin rejissorluq debütünü etdiyi növbəti layihəsi isə "Disney”in animasiya blokbasteri "Raya və son əjdaha”dır.

"Əyləncəli səyahət” unudulmaz səyahətə çıxan dörd rəfiqənin həyəcanlı və gülüş dolu macəralarından bəhs edir.
 
Odrinin işgüzar səfəri uğursuzluğa düçar olur və o, kömək üçün ən yaxın rəfiqəsi Loloya (Şerri Kola), Çin televiziya ulduzuna çevrilmiş kollec rəfiqəsi Ketiyə və Lolanın ekssentrik əmisi qızı Mamiyə (Sabrina Vu) müraciət edir. 

Dörd dost birlikdə Asiya üzrə səyahətə çıxır və yol boyu özünü qəbul edib, sevməyin nə demək olduğunun kəşf edirlər.

Baş qəhrəman Odri obrazını "Emily in Paris” şousundan sonra sevilən aktrisa, rəqqasə və müğənni Eşli Park canlandırıb. 

O, "Mean girls” musiqili layihəsindəki roluna görə nüfuzlu "Tony” mükafatına namizəd olub.

Onun rəfiqəsi Ket rolunu isə "ailəvi seriallar” ulduzu Stefani Syui canlandırır. 

O, bu il "Hər şey hər yerdə və bir anda” elmi-fantastik komediya filmində baş qəhrəman Mişel Yeohun qızı roluna görə "Oskar” mükafatına namizəd olub. 

Syui həmçinin "Möcüzəli missis Meysel” və "Şan-Çi və on halqa əfsanəsi” super qəhrəman blokbaster filmlərində yaratdığı obrazları ilə tanınır.

Ülviyyə