Ədəbiyyatın əbədiyyəti

Ədəbiyyatın əbədiyyəti

04-10-2022 14:30 / Bu xəbər 2615 dəfə oxundu

Ənnağı Hacıbəyli

Frensis Skott Fiscerald iyirminci yüzil dünya ədəbiyyatının klassiklərindəndir. Məşhur "Böyük Getsbi” və "Zərif gecə” romanları ona bu şöhrəti təmin etməyə yetərli olub. 

Fiscerald yaradıcılığının tədqiqatçılarının fikrincə, ikinci roman birincinin şöhrətini kölgədə qoyan daha möhtəşəm əsərdir. 

Psixoloji nəsrin və epistolyar janrın klassik örnəyi olan "Zərif gecə” romanı yazıçıya dostu və rəqibi Ernest Heminqueylə birlikdə amerika ədəbiyyatının böyük yazıçıları sırasında yer almaq haqqı verib.

Əsərin süjeti daha çox iki adamın – Dik və Nikolun münasibətləri üzərində qurulub.

Yeniyetmə Nikolun atası ilə isti münasibətləri məcrasından çıxır. 

Yataqda atasına sığınıb yatmağı xoşlayan Nikolla atası bir gün sevgiliyə çevrilirlər. 

Qəfil yaxınlıqdan diksinmiş atasını sakitləşdirən Nikol bir müddətdən sonra ağır ruhi travma yaşayır və xəstələnir. 

Amerika həkimlərinin səyləri nəticə vermir və atası onu İsveçrəyə gətirir. 

Özəl klinikada müalicə alan Nikol orada həkimlik praktikasına başlamış psixonevroloq Dikə vurulur. 

Hərbi formalı, yaraşıqlı Dikdən xahiş edir ki, ona məktublar yazmağa icazə versin. 

Məktublaşmanın xəstəyə müsbət təsirini hiss edən həkimlər Dikdən xahiş edirlər ki, xəstənin məktublarına cavab versin və bunu müalicənin tərkib hissəsinə çevirirlər. 

Bir müddətdən sonra həkimlər müalicənin növbəti fazasına keçmək üçün Dikdən xahiş edirlər ki, Nikolu klinikadan çıxarıb bir müddət səfərlər etsinlər, birlikdə yaşasınlar. Həkim xəbərdarlıq edir ki, münasibətlərdə çox da dərinə getmək olmaz, sonralar əlaqələrin kəsilməsi xəstəyə əks təsir göstərə bilər.

Bir müddətdən sonra Dik anlayır ki, Nikolu sevir və onunla evlənmək qərarına gəlir. 

Həkim Diki çəkindirməyə çalışır – sən bütün həyatını heç vaxt tam sağalmayacaq xəstəyə qurban verməyin məsuliyyətini dərk etmirsən. Lakin gec idi. Məhəbbət artıq qurbanını müəyyən eləmişdi.

"Qəlbində boşluq və əzablardan başqa heç nə qalmayan” insanı sevmək insanlığın zirvəsi deyilmi? Heç vaxt, heç bir insan əli yetməyəcək zirvə. Pənbə buludlara dirənmiş ağappaq, tərtəmiz, heç nə ilə ləkələnməmiş zirvə...

On ildən artıq xoşbəxt ailə həyatı zaman-zaman şizofrenik tutmalarla müşaiyət olunur. Dik bu çətinliklərə qəhrəmancasına dözür, xəstə məhəbbətinin bütün acılarını və şirinlərini eyni səbir və zövqlə yaşayır. 

Günlərin bir günü həyatın acılarından bezmiş Dik gənc aktrisaya vurulur. 

Nikol bir neçə il özünü görməzliyə vurur. Axı Dik bütün həyatını ona qurban verib! 

Nikol bunu qiymətləndirir və düşünür ki, onun bu xəyanətə cavab vermək haqqı yoxdur. Buna xəyanət demək olarmı? Əzablardan bezmiş insan qəlbinin boşluqlarını sevgidən başqa nə doldura bilər?! 

Nikol bunu anlayır və qəbul edir.

Getdikcə aralarındakı məsafənin artdığını görən Nikol bir gün ərini cəzalandırmaq üçün ailə dostu Tommi ilə ona xəyanət edir. Bunu çoxdan hiss edən Diklə münasibətlər pozulur, onlar Tomminin təkidi və Nikolun qərarı ilə ayrılırlar: 

"Xəstə beyin zirək və bicdir, o, su kimi hardansa çağlayıb çıxmağa çalışır, bu mümkün olmayanda isə aşıb-daşır”. 

Bu, təkcə şizofreniyanın növbəti tutmasıdırmı? Fiscerald o qədər də sadəlövh deyil. O, Dikdən daha güclü psixoloqdur: "Özgəsinin qəlbinə sonadək nüfuz etmək heç kimə nəsib olmayıb”. 

Ümumiyyətlə, kiminsə belə bir haqqı varmı?

İnsan qəlbi hamıdan, hətta onu daşıyanın özündən də özgür, heç kimə boyun əyməyən, kimsənin diqtəsini qəbul etməyən qutsal bir ərazidir. 

Onun sərhədləri heç bir ölkənin sərhədlərinin qorunmadığı bir qüvvətlə qorunur. Ora kimi, haracan buraxmağı o özü müəyyən edir. Ora istənilən adam, istədiyi vaxt girə bilməz: vizalı, ya vizasız... 

Bəzən Dik bütün həyatını həsr elədiyi, əslində qurban verdiyi varlığı – Nikolu atıb getmək istəyəndə də dərhal bu fikrindən daşınır. Bu incə, gözəl, günahsız varlıq onun taleyidir – qaçılmaz, əbədi tale... 

Vurulduğu aktrisa ilə yaxınlıqdan uzun müddət imtina edən Dik bu halında sədaqət nümunəsidir. Amma bu sədaqəti müqəddəslik məqamına ucaldan onun təmənnasızlığı, günahkarın günahsız insana, onun taleyinə və acılarına sevgi qarışıq anlayışıdır.

"Kədərdən uzaqlaşmaq üçün bəzən adama elə gəlir ki, ona doğru başlanan yolun əvvəlinə öz izinlə qayıtmalısan”. 

Amma hər yolun qayıdışı olmur. İnsan bəzən ən çox sevdiyindən də bezir, usanır. Onda həyat əzaba çevrilir. Belə həyatın davamı varmı? Tapmalısan. Yoxdursa, ən yaxşısı ayrılmaqdır. 

Sevgi - müalicə də əbədi deyil. 

Hippokrat andı içmiş adamların da onu bitirmək haqqı var. 

Gerçəyi bir-birindən gizlətməyin sonu çatanda müalicə bitir. Yadlaşmış doğmaların ayrılması onların azadlığıdır: hər ikisinin azadlığı...

Azadlıq şirin sözdür.