Əfqan Muxtarlı Gürcüstan hökumətini məhkəməyə verib

Əfqan Muxtarlı Gürcüstan hökumətini məhkəməyə verib

12-03-2021 17:07 / Bu xəbər 3491 dəfə oxundu

O, Gürcüstana buraxılmamasından şikayət edir 

Almaniyada mühacirətdə yaşayan jurnalist Əfqan Muxtarlı Gürcüstan hökumətini məhkəməyə verib.

Bu barədə "Turan"a martın 12-də Əfqan Muxtarlı özü məlumat verib. 

O bildirib ki, Gürcüstan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət edib. Buna səbəb isə onun Gürcüstana buraxılmamasıdır. 

Jurnalist deyib ki, 2020-ci ilin oktyabrında pandemiya bəhanəsilə onu Tbilisiyə buraxmayıblar: "Ötən dəfə Gürcüstan parlamentinin spikeri Arçil Talakvadze bildirib ki, parlament seçkiləri öncəsi mənim səfərim siyasi qarşıdurmaya səbəb ola bilər. Əgər hakimiyyət mənim oğurlanmağıma cəlb edilməsəydi, mənə gəlməyə icazə verərdilər".

"Meydan TV" ilə əməkdaşlıq edən araşdırmaçı jurnalist Əfqan Muxtarlı 2017-ci ilin mayında Tbilisidə oğurlanıb və gizli şəkildə Azərbaycana göndərilib. 

Azərbaycanda onu qaçaqmalçılıq, sərhəddi qanunsuz keçmək və sərhədçiyə qarşı zorakılıqda ittiham edərək 6 il müddətinə azadlıqdan məhrum ediblər.

Avropa Parlamenti, beynəlxalq hüquq-müdafiə təşkilatları Əfqan Muxtarlının həbsini pisləyiblər.  

"Amnesty İnternasional" onu "vicdan məhbusu" kimi tanıyıb. 

Onun vəkilləri Gürcüstan və Azərbaycan hökumətindən Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ediblər.

17 mart 2020-ci ildə məhkəmə Əfqan Muxtarlını vaxtından əvvəl azad edib, dərhal onu təyyarəyə mindirərək Almaniyaya yola salıblar.