Əli Kərimli: "İlham Əliyev bayram təbrikində bu həbslərin anonsunu vermişdi"

Əli Kərimli:

22-03-2020 17:58 / Bu xəbər 1797 dəfə oxundu

"Əslində, İlham Əliyev Novruz bayramı təbrikində bu repressiyaları və həbsləri anons etmişdi". 

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli Arqument.az-a açıqlamasında son inzibati həbslərə münasibət bildirərkən deyib.

O bildirib ki, AXCP Ali Məclisinin üzvü Anar Məlikovun İnzaibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 10 sutka həbs olunması və Milli Şura üzvü Tofiq Yaqublunun təxribatla üzləşməsi bu repressiyaların tərkib hissəsidir. 

Əli Kərimli deyib ki, hakimiyyət koronavirus bəhanəsi ilə fövqəladə vəziyyət elan edib müxalifətə qarşı təzyiqləri artırmaq niyyətindədir: "İlham Əliyev çox açıq şəkildə ifadə etmişdi ki, koronavirus bəhanəsi ilə fövqəladə vəziyyət təyin edib. Bundan istifadə edərək düşmən, "beşinci kolon", qeyri-milli ünsür adlandırdığı müxtəlitçiləri cəmiyyətdən təcrid edəcəklər. Artıq həmin planın icrasına başlanılıb, həm də həmin o fövqəladə vəziyyətin elan olunmasını gözləmədən. Əlbəttə, çox absurd hərəkətlərdir". 

"Azərbaycan hakimiyyəti dünyada heç kimin etmədiyini edir. Çünki bütün dünya bu ümumbəşəri bəla ilə mübarizə apararkən Azərbaycan hakimiyyəti hətta koronavirusu da bəhanə kimi istifadə edir, bundan əsas problemi hesab elədiyi Azərbaycan müxtəlifi ilə, Milli Şura və Xalq Cəbhəsi ilə amansız mübarizə aparır. Yaranmış virus təhlükəsindən belə sui-istifadə edirlər, cəbhəçiləri və Milli Şura üzvlərini həbs etməkdən ötrü hər bir mənfi addımı atırlar", - AXCP sədri qeyd edib.

Qeyd edək ki, martın 22-də AXCP Ali Məclisinin üzvü Anar Məlikovun İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə 10 sutka həbs edilib.

Milli Şuranın sədr müavini Tofiq Yaqublu isə təxribatla üzləşdiyini deyib. O bildirib ki,  "8-ci kilometr" bazarında park halındakı maşını qəsdən vurulub, öyrədilmiş şəxslər ona hücum edirb.

Bundan sonra Tofiq Yaqublu Nizami Rayon Polis İdarəsinə aparılıb.