Əlizamin Salayev - Aclığın 50-ci günü

Əlizamin Salayev - Aclığın 50-ci günü

28-03-2023 22:41 / Bu xəbər 1756 dəfə oxundu

Çingiz Sultansoy

Əlizamin bəydən danışmazdan öncə bir müqayisə aparım. 

Bəxtiyar Hacıyev də tutulub, Əlizamin Salayev də. 

B.Hacıyev aclıq edirdi, indi Əlizamin Salayev aclıq edir. B.Hacıyev müxalifətçi deyil, vətəndaş fəalıdi, mövqeyi tədricən kəskinləşdi, hələ 4 il öncə: "Bəlkə, prezidentin xəbəri yoxdur?" - deyirdi, Ə.Salayev müxalifətçidir. 

Bəxtiyar Hacıyevin beynəlxalq dəstəyi dəfələrlə böyük idi, şəbəkədə dəstək aksiyası da daha geniş aparılırdı, Əlizamin Salayevun müdafiə kampaniyası, nisbətən, zəifdir... 

Nədən? 

NƏDƏNLƏR

Bəxtiyar Əlizamin bəydən artıq adam və müxalifətçi olmasa da, dəfələrlə, bəlkə də min dəfə tanınmış adamdır. Belə internet-kampaniyalarda  bu çox önəmli amildir. Cavanlığı, ona görə də şəbəkələrdə və həyatda daha fəal olan çoxlu cavan frendinin və dostunun olması, yüksək savadı, yazmaq, hətta jurnalistika, piar və reklam, o cümlədən özünüreklam  istedadı, ingilis dilini mükəmməl bilməyi, ingilis və azərbaycan  dillərində ünsiyyət qurmaq bacarığı, şəbəkələri və çağdaş texnolojiləri daha yaxşı bilməsi və istifadəsi və b. keyfiyyətləri də öz yerində. 

Elə təkcə səyahətləri və beynəlxalq siyasi tədbirlərə qatılması, oradakı fəallığı ona nə qədər tanınma, nüfuz, reytinq gətirmişdi? Təkcə Fb hesabında 40-45 000, bəlkə də, 50-60 000 izləyicisi vardı, Fan-pagesi öz yerində. Xanımlar arasında populyarlığı boş yerdən deyildi ki? 

Əlizamin Salayevdə bunların hansı var? Bu iki adamın PR və reklam, tanınmaq, tanıtım, imicmeykerlik istedadları və imkanları tam müxtəlifdir.  

Bəxtiyar sadaladığım şəxsi keyfiyyətlərinə hələ 10-15 il əvvəl  Azərbaycanın gəncləri, özəlliklə savadlılar arasında tanınırdı, Əlizamin Salayev hətta yaşlananda da, - dediyim bir istisnayla, - Səlyandan kənarda çox elə tanınmayıb. 

ŞƏXSİ MÜNASİBƏTİM

Məsələn, mən Bəxtiyarı 12 ildi tanıyıram, Bakıda az, qısa da olsa söhbətim olub, Facebookda ən maraqla izlədiyim adamlardan biriydi, Əlizamin bəyin isə əməlləri, hünəri haqda illər öncə eşitsəm də, yalnız indi, aclığa başlamasının 20-30-cü günü tanımışam, haqqında eşitdiyim adam olduğunu bilməmişəm.  

Günahımdır, əlbəttə, amma o qədər də təəccüblü deyil, bəy hərəkatçı olsa da, ADP-çi olub, yalnız 2018-ci ildən AXCP ailəsinə gəlib. 

Harvard universiteti, verdiyi imkanlar Səlyanda orta məktəblə eyni olmadığı kimi, 12 il və 30 gün də eyni şey deyil...

ƏLİZAMİN SALAYEVİN ÜSTÜNLÜKLƏRİ

Bütün bunları Əlizamin bəyi kiçiltmək üçün demirəm, Bəxtiyarın imkanlarının genişliyini, necə tanınmasının çapını obyektiv göstərmək üçün deyirəm. Amma Əlizamin Salayevin öz üstünlükləri var - əyalətdə yaşayan bir sadə və kişi adamdır. Yaşadığı rayonda xırda bizneslə məşğul olub, imkanı olanda kasıb-kusuba yardım edib, rayon İH-dən, polisdən çəkinməyib, ona görə də şərlənib həbs olunub, amma yenə də sosial qurumlardan kasıblara kömək etməyi tələb edib, müxalifətçi olmaqdan qorxmayıb. Kiməsə az görünməsin.

MÜQAYİSƏNİN SONUCU  

B. Hacıyevin və Ə.Salayevin İnternetdə müdafiə kampaniyalarının fərqi müəyyən dərəcədə Azərbaycan toplumunun və Azərbaycan müxalifətinin imkanlarının fərqini göstərir. 

Bəxtiyarın virtual aləmdə, İnternetdə aldığı dəstək düsturünu təxmini və kobud şəkildə yazsam, belədir.  

DS=DT+DM 

DS - dəstəyin cəmi deməkdir, cəm riyaziyyatda S işarələnir, latın Summa sözündən. 

DT - toplumun dəstəyi, Azərbaycan toplumunun fəal bir hissəsinin və beynəlxalq dəstəyin birgə ifadəsidir.  

DM - müxalifətin dəstəyi,   yəni əsasən AXCP-Müsavat cütlüyünün və bəzi başqa partiyaların və ayrı-ayrı üzvlərinin toplam dəstəyinin işarəsidir. 

Təbii ki, toplum və onun imkanları müxalifətin imkanlarından daha böyük və güclüdür. Hərəkətə gələndə. 

Bəxtiyar toplumun gücündən və imkanlarından yararlana bilmişdi, amma bəlli səbəbdən sonacan olmadı. 

Əlizamin Salayevin xaricdən və Azərbaycan toplumundan belə dəstəyi olmayıb, yoxdur, onu müdafiə edən yalnız müxalifətdir, AXCP-Müsavat cütlüyü, ona görə Bəxtiyarın kampaniyası ilə müqayisədə uduzur.   

Buradan bütün Azərbaycan toplumu, Azərbaycan xalqı öz müxalifətinə kömək edəndə öz problemlərinin həll edə biləcəyi qənaətinə gəlmək olar. 

ÖNƏMLİ XATIRLATMA 

Bu yerdə Əlizamin Salayevin az qala unudulan, amma çox önəmli və cəsarətli əməlini, o yadınıza salım - 3 il əvvəl Salyanda baş verən səs-küylü, şəbəkədə yayılan faciəli olayı, daha doğrusu, cinayəti. 

Salyan Polis İdarəsinin əməkdaşı, kapitan Həmzə Əzizov rayonda yaşayan gənc qadına təcavüz etmişdi, cinayətdən sonra da heç nə olmamış kimi azad və sərbəst gəzib dolanırdı. Nəinki cinayət məsuliyyətinə cəlb olunmamışdı, bir söz deyən, qınayan yox idi.  

Qadının qohumları, rayon camaatı, kişiləri, əzilmiş toplum susurdu. 

Nədənlərindən biri Əzizovun polis kapitanı olması idisə, ikinci və daha önəmlisi AR DİN naziri Vilayət Eyvazovun qohumu olduğu deyilir. 

Necə də tanış, anormal və acı mənzərə! Polis cinayət edir, cəzasını çəkmir, zərərşəkmiş qadın cəzalandırılır, rayon ictimaiyyəti, ahıl-cahıl susur...

Bu vahiməli və alçaq sükutun içində yalnız cəbhəçi Əlizamin Salayev cinayəkar polis kapitanı Əzizovu arxasız qadına təcavüzdə ittiham etmişdi! O boyda rayonda irəli çıxıb öz qohumları susan, namusu tapdanmış, zərərşəkmiş qadının hüquqlarını müdafiə edən yenə də cəbhəçi, müxalifətçi oldu! Bu azmış kimi, bəy ittihamının, mübahisənin videosunu şəbəkələrdə canlı yaydı! 

Cinayətkar cinayətinin və ittihamedici sualların ictimailəşdirilməsindən, həmişə qorxar. Medianın gücü həm də bundadır. 

Bu əsil kişi hərəkəti, qəhrəman sayılmalı əməl cinayətkarlar azadlıqda gəzən, günahsızlar həbsdə yatan məmləkətdə cəzasız qala bilməzdi, təbii. Qalmadı da.  

Əzizovun şikayəti əsasında Əlizamin Salayev böhtan və təhqir maddələriylə 2 il 3 ay müddətinə azadlıqdan məhrum edildi, və  xalq arasında çox hörmətli "namus məhbusu” adı qazandı. 

Namuslu-qeyrətli azərbaycan kişisinin bu hərəkəti şəbəkədə yayıldı və... unudulmasa da sanki keçmişdə qaldı. Piarın öz qanunları var, bizim toplumun da özəllikləri məlum. 

Sadalanan nədənlərdən həbsdən 2 ildən bir qədər az yatıb amnistiya ilə çıxan, amma sınmayan, gözünün odu alınmayan, alına bilməyən Əlizamin Salayev öz rayonunda daha böyük nüfuz qazandı. Bu nüfuz arta-arta gedirdi və hakimiyyəti rahatsız etməyə bilməzdi, elə ona görə də onu ikinci həbs etdi, yenə də şərləyərək, bu dəfə xuliqanlıqda... 

Qalanını bilirsiniz.  Uzunmüddətli etiraz aclıq aksiyası, Tofiq Yaqublu, Saleh Rüstəmli, Bəxtiyar Hacıyev və b. elədiyi kimi.

Allah eləməmiş, Əlizamin bəy aclıqdan ölsə, diktaturaya qarşı dirəniş rəmzi, mübarizə simvolu olacaq. Bunu heç kim unutmasın!..

Əlizamin Salayevi azad edin!

Niyaməddin Əhmədovu, Bəxtiyar Hacıyevi, bütün siyasi məhbusları azad edin!