Abşeron gerçəkləri: Divara sürtünərək dünyaya çıxan insanların dramı
08-05-2023 11:31 / Bu xəbər 1802 dəfə oxundu
("8-ci döngədən qeydlər”, 1-ci yazı)
Nə qədər mühafizəkar olursanız olun, bu fikirlə razılaşacaqsınız: O dediyiniz çimməyi "bizdən öyrənən” Avropanı indiki - viza almaq üçün səfirlikləri önündə növbələr yaratdığınız Avropa İttifaqına çevirən məhz özünütənqid və acı gerçəkləri söyləmək tendensiyasıdır.
Onlar başa düşdülər ki, fərqli fikirlər ürəkdə qalanda, çörəkdə duz da olmur.
Əgər elə olmasaydı, indi bizə nə Viktor Hüqo tanış idi, nə Onore de Balzak, nə Kamyu, nə Remark...
AZTV-də inkişafdan danışan adamlar belə, ilk növbədə uşaqlarını Avropada oxutdurmağa can atmazdılar. Özündə bir az artıq savad və bacarıq hiss edənlər də, ailəsini dolandırmaq üçün Avropaya yol axtarmazdılar.
Əgər yazarların başını məişət problemlərilə, süründürmələrlə, ən yaxşı halda təqaüd və mənzil uğrunda çəkişmələrlə qatarsan... neftdən sonra ən çox ixrac etdiyin elə pomidor-xiyar olmalıdır.
İllərdir ki, Qarabağ həqiqətlərinin əsirinə çevrilmişik. Yanlış anlamayın, bir vətənpərvər yazar olaraq belə, hər zaman özüm də çiyinlərimdə bu yükü-vəzifəni hiss emişəm. Amma deyəsən, vəzifədən çox yük imiş.
Ermənilərə görə yaşamaq bizim yadımızdan ən vacib şeyi çıxara bilərmiş – gələcək nəsillər üçün yaşamağı!..
Bəzən öz yaşadığımız məhlənin, qəsəbənin və ya rayonun gerçəklərini də deməliyik, yazmalıyıq.
Hətta, oxucuya çox maraqlı olmasa da belə... Masazırda yaşadığım (illərlə həm ada, həm asfalta həsrət qalan) 8-ci döngənin hər yağışdan sonra gölə çevrildiyi kimə maraqlıdır ki?
Axı Bakının mərkəzində isti yerində oturub bu yazını oxuyan şəxs nə etsin ki, 8-ci döngədə yeni idman növü yaranıb: "divara sürtünərək məhlədən çıxmaq” üzrə də mütəxəssis olmuşuq.
Axı, Azərbaycanın ucqar bir kəndində qaz, işıq və digər sosial problemlərlə boğulan vətəndaş nəyə görə narahat olsun ki, 8-ci döngə az qala "Sovetski”yə çevrilib – kimlərsə 1 sotun içində 2 ev tikib satır... Kimlərsə qanuni torpağında tikdiyi, qeydiyyat vəsiqəsi və texniki pasportu olan evinə illərdir çıxarış ala bilmir?
Məsələn, Bakının hansısa qəsəbəsində hər gün şərlənmək, ya da hansısa narkoman tərəfindən bıçaqlanmaq riskiylə gününə başlayan vətəndaş niyə narahat olsun ki, Rüfət Əhmədzadə döyüldüyündə sorğulara cavab almaq üçün məhz onun özünü ora-bura göndərirdilər.
Yaxud DƏDRX 4 Saylı Abşeron Ərazi İdarəsi əməkdaşlarının 70 yaşlı qadını hər gün get-gələ salması, "biz nazirlikdən sorğumuza cavab ala bilmirik, sən get o məktubu al bizə gətir” deməsi... Uzaq Liviya səhrasında olanlar üçün hansı məna kəsb edir?
Bəli, bəli... bizim rayon çox unikal rayondur. Bu rayonda vəzifədən gedənlər öz ruhunu vəzifədə saxlayır. Məsələn, keçmiş memar Akif Əliyev illər əvvəl mənə verdiyi müsahibəni məhkəmədə danmışdı, sonradan səs yazısını paylaşmışdım deyə, mənlə ədavət saxlayaraq evimə sənəd almağa imkan verməmişdi... Həbs olundu, getdi...
Onun kabusu hələ də Abşerondakı idarələrin dəhlizində dolaşır.
Keçmiş başçı İradə Gülməmmədova müəllimlərlə görüşdə onların problemlərini dinləyir, "sabah yanıma gələrsiniz” deyirdi.
O "sabah”lar isə müəllimlərin günlərlə, həftələrlə RİH qarşısında boyun bükməsinə qədər davam etdi. Hələ də Abşeron RİH qarşısında boyun bükən vətəndaşları görə bilərsiniz.
İradə xanım indi başçı deyil, amma kabusu hələ bizimlədir.
Yenə də vətəndaşları süründürürlər, hər ay yeni bir sənəd yadlarına düşür, vətəndaşı yenə "get onu da gətir” göstərişiylə "gəzinti”yə göndərirlər.
Bu da maraqlı olmadı?
Nə edim, axı mən hardan bilim ki, sizin rayon bizimkindən də pisdir?
Hamının dərdi özünə böyükdür. Amma mərcə duraram... Mənim dərdim heç çəkiləsi deyil.
Gəlin, dərdlərimizi yarışdıraq... Formular-1 sayağı bir şey olsun, bəlkə, turistlər də cəlb edə bildik.
Rüfət Əhmədzadə