Drezin və ya analoqu olmayan inkişaf perspektivi
30-07-2023 15:10 / Bu xəbər 2856 dəfə oxundu
Çingiz SULTANSOY
Azərbaycanda yaşayanların tez-tez rastlaşdığı müxtəlif mənfi hallar, məsələn, təhsilin ya səhiyyənin, hər hansı xidmətin aşağı keyfiyyəti, məmur özbaşınalığı, qudurğanlığı, rüşvətxorluğu, korrupsiya, təqsiri-günahı olmayan adamların həbsi, saxta ittihamlı saxta məhkəmə, gerçək həbsxana və başqa belə olaylar haqqında söhbətlərdə "Bir az da dözmək lazımdır”, "Bütün bu neqativ zamanla aradan qalxacaq” kimi fikirləri 20-25 ildi eşidirəm.
Facebookda və real həyatdakı diskussialarda belə adamlar mövqelərinə müxtəlif tutarqalarla əsaslandırırlar. "Hər şeyin zamana ehtiyacı var”, "Bazar iqtisadiyyatı, bazar münasibətləri hər şeyi yoluna qoyacaq”, "150 il Rusiyanın əyaləti olmuşuq, müstəqil dövlətçiliyimizi təzə-təzə qururuq”, "Demokratik ölkələrdə də demokraiya birdən-birə qurulmayıb” və başqa bu kimi arqumentlər. 20-25 il əvvəl "Bunlar yeyib doyublar, təzə gələnlər təzədən (yeməyə) başlayacaq” da deyirdilər, indi daha demirlər. Birdən biri tapılar, belə ağ yalana görə başına yağlı qapaz salar, şillə dartar? "Məni gic yerinə qoyursan? Bunlar yeyib doyublar, ay kopoyğlu, yoxsa zamanla iştahları artıb, bir da acıblar?” deyər...
Başqa tutarqalar da beləcə yalandır. Təzə deyəndə ki, müstəqil dövlətçiliyimizi 30 ildən çoxdu qururuq, az vaxtdı?
Kimsə desə ki, tarixi baxımdan o qədər də çox vaxt deyil, sualım var - bəs niyə Gürcüstan, Ukrayna az vaxt saydığın bu 30 il ərzində dövlət qura bildilər, amma Azərbaycan yox? Niyə bizdə durum getdikcə pisləşir? Daha üç Baltia respublikasını demirəm, Atatürkü demirəm - Mustafa Kamal paşa 1923-1938-ci illərdə dağılan, cürümüş Osmanlı imperiyasının yerində respublika qura bildi, nəhənf islahatlar həyata keçirdi. Atatürk də elə demokrat deyildi, avtoritar lider idi, amma monarxiya qurmurdu, monarxiyaya qarşı mübarizə edirdi. Niyə ona cəmi 15 il bəs elədi, bunlara neft-qaz gəlirləri ola-ola 30 il də azdır?
Niyə dövlət qurumlarına işi düşən kəslərin çoxu oradan əsəbi, ürək ağrısıyla ya söyə-söyə çıxır? Bazar iqtisadiyyatı hər şeyi yoluna qoyacaqsa, niyə bizdə bazar iqtisadiyyatını ləğv edib, hər yerdə monopoliya qurdular? Bütün ölkələrdə demokratiya birdən-birə qurulmayıbsa, niyə bizdə demokratrik azadlıqlar artmır, əksinə, azalır və yox olmağa doğru gedir? Niyə seçkilər şit və biabırçı şouya döndü? "Niyə”lər çoxdur, hansını deyəsən? Bu boyda yalan danışmaq olar?..
Televiziyada "Zamana ehtiyacı var” deyənlər heç, onlar belə danışmaqlarına görə tulapayı paket, honorar alır ya da almırlar hələ, amma gələcəkdə deputatdan-zaddan olmağa ümid edirlər. Bəs qalanları? Qalanları, yəni Facebookda belə yazanlar doğrudan bu dediklərinə inanır, yoxsa qorxudan, özlərini cəncələ salmamaq üçün yalan danışır, ikiüzlülük edirlər?
Düzdür, birdən birə heç nə olmur, dəyişikliklər də birdən olmur. Amma insanlar niyə düşünür ki, çalışmasan, səy göstərməsən, elə zaman keçdikcə mətbəxdəki boş soyuducun öz-özünə dolacaq? Boş portmanata pul qoymasan, yavaş-yavaş öz-özünə dola bilər? Əsla! Kim istəyir inansın, belə mənasız sözlərə, "Ölmə eşşəyim, yaz gələr, yonca bitər” vədlərinə inanmıram. Üstəlik, gözümüzün qabağında durum getdikcə pisləşir deyə, hər şeyi zamanla düzələcəyini yox, tam əksini düşünürəm. Həərəkət vektoru tərəqqiyə, yaxşılaşmağa deyil, geriləməyə, tənəzzülə yönəldi.
Bu "Zamanla düzələr” söhbətiylə bağlı məlum və köhnə, smartfonlar bir yana qalsın, hələ mobil telefon, peycerlər olmayan zamandan qalan lətifə yadıma düşdü.
Qüzey Avropanın adamları təmkinli, azdanışan ölkərlərinin birində qalın meşə içində, ucqar kənddəki bağ evində işləməyə gəlmiş, bu yerlərə nabələd iki dost, iki şəhər sakini şəhərə qayıtmaq üçün yola çıxır. Meşədəki dəmiryol stansionuna aparan çığırı itirib, azıb, xeyl gəzib-dolaşıb, yorulub, axşam qatarına da gecikib qaş qaralanda axır ki, meşənin ortasıyla gedən dəmiryoluna çatırlar Hər iki tərəfə uzanan, ucsuz-bucaqsız, sıx ağaclı meşə və polad relslər.
Sonuncu qatar çoxdan gedib, növbəti qatar bir də səhər saat altıda olacaq, qaranlıq düşür, hava da soyuyur. Bu tərəflərdə payızda gündüz nə qədər günəşli, ilıq olsa da, gecələr soyuq olur. Gecələmək üçün gəldikləri evə qayıtmaq barədə söhbət ola bilməz, bir də azmaq təhlükəsi tam gerçəkdir. Ətrafda da ins-cins yox ki, yolu soruşub hansısa yaxın kəndə, evə getsinlər, ya maşın tapsınlar, ya gecələməyə yer.
İki şəhərli dost qatar gələcəyini gözləmirdilər daha, gözləməyin mənası yox idi, bilirdilər. Hava da soyumağa davam edirdi. Tərs kimi, heç birinin kibriti də yox ki, heç olmasa çır-çırpı yığıb buradaca balaca tonqal qalasınlar. İsinsinlər.
Hava da get-gedə soyuyur. Neyləməli?
Biri çantasında olan ikinci çirkli köynəyi çıxarıb geyindi, o biri rükzakında çoxdan qalıb yaddan çıxan qəzeti iki bülüb bir hissəsini köynəyinin altına, belinə, o biri hissəsini qarnına qoydu. Xeyir elədi, azca isindi, amma az. Hava daha da soyuyurdu.
Bir az atlanıb-düşdülər, bir az o tərəf-bu tərəfə qaçdılar ki isinsinlər, amma meşədə azıb yol axtaran, bəlkə də, gün ərzində 15-20 kilometr yol getmiş adamlarda qaçmağa hey qalır? Əlbəttə, böyük təhlükə, ölüm təhlükəsi-filan yox idi, amma soyuqlamaq, xəstələnmək ehtimalı tam real idi.
Gecəni burada qalmaq perspektivi ilə barışmış, yağış yağacağı halda daldalanacaq üçün yaxındakı böyük palıd ağacını seçmişdilər ki, relslər üzərində uzaqda işıq göründü. Amma qatar da deyildi - həm işıq zəif, solğun idi, həm səsi, uğultusu gəlmirdi, həm də sürəti az idi. Hər nə idisə, yaxınlaşırdı.
Dostlar ümidləndilər. On-on beş dəqiqə keçəndən sonra təkər tıqqıltısı səsi gəldi, işıq da yaxınlaşıb böyüdü, gurlaşdı. Drezin idi.
Bilənlər bilir, bilməyənlər üçün deyim ki, drezin dəmiryol relsləri üzərində hərəkət edən, amma qatar vaqonundan dəfələrlə kiçik, çəkisi cəmisi 600-700 kq olan, şəkildə gördüyünüz kimi bir arabadır və yolu, relsləri, yol işarələrini yoxlayan, təmir edən dəmiryol işçiləri qısa məsafələrdə bu arabadan istifadə edir. Drezinin adı 1817-ci ildə ilk velosipedi icad etmiş alman alimi, baron Karl fon Draisin adından götürülüb, baronun adı Drez kimi oxunur. Yenə də alman alimi... XIX yüzilliyin ortalarında drezin icad olundu, əvvəllər velosiped kimi əl və ya ayaq gücü hesabına hərəkətə gətirilib, çox sonralar motor da qoyulub. Sürəti də saatda 20-30 kilometrə çatır.
Nə isə, drezin yaxınlaşanda iki dost relslərin ortasına çıxıb əl eləməyə başladılar ki "Saxla!”, "Saxla!!”
Drezindəkilər sürəti azaldıb saxladılar. İki dostdan biri drezində oturanlardan soruşdu:
- Şəhər uzaqdadı?
- Elə də yox.
- Bizi götürərsiniz?
- Oturun!
Əvvəldən demişəm, azdanışan bir şimal xalqının nümayəndələri idilər, daha "Sizi Allah yetirdi!”, "Qalmışdıq meşənin ortasında” və başqa belə sözlər demədən drezinə dırmaşdırlar və əl pedallarından tutub işlətməyə başladılar. Bayaqdan iki adamın gücü hesabına gedən drezin indi dörd adam, səkkiz əlin hesabına sürətini artırdı.
Yarım saat belə işlədilər, bir saat işlədilər, amma şəhərə yaxınlaşmaqları hiss olunmurdi –yaxınlaşanda meşə seyrələr, bağ-bostan, bağ evləri, stansiya işıqları görünər...
Görünmürdü. Azdanışan iki şəhərli balası drezinçilərdən heç nə soruşmadılar, əl pedallarına bir az da güc verdilər. Amma meşə qurtarmır, şəhərin işıqları görünmürdü. Hər tərəf qalın, sıx, qaranlıq meşə...
Bir saat da belə keçdi, iki saat da. Nə qədər az danışan olsa da, şəhərlilərdən biri dözməyib soruşdu:
- Şəhərə çox var?
- İndi əvvəlkindən də çox.
Nə demək istədiyim anladınız, təbii ki... Azərbaycanda insan haqları, demokratiya, bazar münasibətlərinin inkişafıyla bağlı durum da belədir. Hərəkət vektorunun istiqaməti yaxşılaşmağa, irəliyə deyil, tənəzzülə, geriyə yönəlidirsə, zamanla nə düzələcək? Bazar iqtisadiyyatı, bazar münasibətləri yoxdursa, hər şey yoluna necə düşəcək?
Monopoliyaları artırmaqla bazar münasibətləri inkişaf edər? Demokratik ölkələrdə də birdən-birə qurulmayan demokratiya avtoritarizm get-gedə artan ölkədə göydən göy zənbillə düşəcək? Bəlkə ağzınız halva-halva deməklə şirin olacaq?
Bilmirəm, "zamanla düzələr” deyənlər giclik dərəcəsində naiv, bəsitlik dərəcəsində sadəlövhdülər, yoxsa yuxarıdan tapşırılanı riyakarlıqla deməklə, özlərini gic yerinə qoymaqla pul qazanırlar? Özləri bilər, maraqlı deyil. Fakt faktlığında qalır, əks tərəfə gedən drezinlə qaranlıq gecədən işıqlı şəhərə, səhərə çata bilməyəcəyik. Nahaqdan ümid eləməyə dəyməz...
Hərəkət istiqamətini dəyişmək gərəkdir.
P.S. Məqalədəki fikirlər müəllifin baxışlarını əks edir və redaksiyanın mövqeyinə uyğun gəlməyə bilər.