Bizim "Peçorin"lər

Bizim

19-04-2023 13:15 / Bu xəbər 2248 dəfə oxundu

Şəmşad Ağa

Uzun illərdir ki, Azərbaycanda təhsil ekspertləri, təhsillə bağlı şəxslər məktəblərin məzmununun və təhsil standartlarının dəyişdirilməsindən danışırlar. 

Amma təhsildə islahatlar Azərbaycandakı avtoritar sistemin mahiyyətinə uyğun gəlmir. Ona görə də mövcud idarəetmə sovetdənqalma standartlara üstünlük verir.

Bir dəfə təhsil eksperti Nabatali Qulamoğlu efirimdə belə bir fikir səsləndirmişdi: "Mən Azərbaycanın təhsil nazirlərini Peçorinə bənzədirəm”.

Bizim Peçorinlər - istər Misir Mərdanov, istər Mikayıl Cabbarov, istər Ceyhun Bayramov, istərsə də Emin Əmirullayev təhsildəki problemlərin köklü səbəblərini bilirlər, bəzən bunu dilə də gətiriblər, amma Əliyev avtoritarizmi bu köklü problemləri həll etmək iqtidarında deyil, buna binadan kərpicin qopardılması və nəticəsinin qəzaya səbəb olacağını anlayırlar. Çünki mövcud sistem yeniliklərə hazır deyil, ona görə də heç bir sahədə islahat olmayacaq, mümkünsüzdür. 

Məsələn, bu gün nazir Emin Əmirullayev məktəblərin məzmununun dəyişdirilməsinin, 70 ildir ki, dəyişməyən fənlərin yenilənməsinin vacibliyini qeyd etdi.

Bundan sonra mövzu ilə bağlı Nabatəli müəllim Meydan TV-yə açıqlama verdi ki, çox güman, nazirə təzyiq edib bu fikirlərini dəyişdirəcəklər, çünki əvvəl də olmuşdu belə bir hal…

Yeri gəlmişkən, uzun illər avtoritarizmin ideoloqu olan Ramiz Mehdiyev də təhsil idarələrinin regional idarələrlə əvəzlənməsinə qarşı çıxırdı, inandırmağa çalışırdı ki, regional idarələr prosesə tam nəzarət edə bilməyəcək, qısaca, direktor vəzifəsi siyasi statusdan çıxacaq, müəllimlər seçki saxtakarlıqlarına aktiv cəlb edilə bilməzlər. 

Təsəvvür edin, bunlar hansısa kadra get filan sahəni düzəlt deyirlər, adam da gedib döngədəki daşı yolun üstündən götürmək istəyəndə, ”dayan, a kişi, nə edirsən, o daşı götürmə, sistem dağılacaq”, - deyə adama təzyiq edirlər. Nəticə nə olur: yenə rüşvət, yenə korrupsiya, yenə qazamat, ay brat, ay brat…

Əslində, Əmirullayev də gerçəyi anlayır, başa düşür ki, özəl məktəb və repetitor institutu olmasa, Azərbaycan təhsilində hansı mənzərənin olduğu aydın görünəcək. Dediklərinin də, sadəcə, sözdə qalacağını bilir. 

Bu gün də eyni reaksiya oldu. Bir neçə deputat Əmirullayevin fikrini topa tutdu ki, "özümüzdən təzə fənlər kəşf etməliyik?” 

Yəni otur yerində, sənə o qədər səlahiyyət verilməyib, həm də bunu smartfonla Milli Məclisə girə bilməyən deputatlara dedizdirdilər. 

Qısaca, dünyanın heç bir ölkəsində bu qədər zəkasız adamı parlamentə, idarəetməyə yığmayıblar…

Ona görə də növbəti Peçorinin taleyini seyr etməyə davam… 

Hə, bir də bu sistemdən islahat gözləyən və bunu dilə gətirən istənilən ictimai xadim, jurnalist, siyasətçi, VC nümayəndəsi və s. şəxs ən riyakar adamdır, bunu da biləsiniz…