Danışmaq qızıldır, susmaq qorxaqlıq

Danışmaq qızıldır, susmaq qorxaqlıq

20-06-2023 02:26 / Bu xəbər 3106 dəfə oxundu

Səməd Şıxı

"Niyyətin hara, mənzilin ora” deyirlər, görəsən, bizim mənzil haradır?! 

Getmək istədiyimiz yer haradır?! Nə əldə etmək istəyirik?!

Səhər 6-da yuxudan oyanıb işə qaçan dayının ölkənin siyasi vəziyyəti bir qram da vecinə deyil. O düşünür ki, hakimiyyətdə kim olsa, onun üçün heç bir fərqi olmayacaq. Yenə səhər 6-da yuxudan oyanacaq, yenə işə gedəcək, yenə avtobusda insanların tər qoxusundan bezəcək. 

Ayın 20-si çatan kimi cibindəki son manatlarla ay sonunu çatdırmağa çalışacaq. Bəxti gətiribsə, rayonlu çıxar, rayondan ona bir az kartof, lobya, biraz qatıq yollayarlar, onunla 2-3 gün yola verər, bəxti yoxdursa, arvadına gedərkən vəziyyəti izah edər, "1-2 günü makaronla yola ver" deyər. 

Vay o günə ki kimsə evə toy üçün dəvətnamə göndərsin. Məcbur qalacaq ki, getsin. Yoxsa ona nə deyərlər?! Axı o da övladına toy edəcək nə vaxtsa, onları da dəvət etməyə üzü olsun. Bir bayramı gözləyir. Müdirinin kefi yaxşı olsa, bir maaş əlavə verər, bazarlıq edib, bacanağını da çağırar, bir az siyasətdən danışar, deyinib bu hakimiyyətin necə rüşvətxor olduğunu deyər, sonra müxalifəti də söyər...

 İllərdir heç nə edə bilmir deyə deyinər, amma heç vaxt siyasiləşməkdən, ölkədə nəsə etməkdən danışmaz. Vaxtı ilə özünün də meydana çıxdığını, etiraz etdiyini deyər. Yəqin, bu 90-cı illərdə olub, bəlkə də, olmayıb, qonşusundan, dostundan 1-2 səhnə eşidib, bütün bayramları elə yola verib. Sonra övladına baxar, çünki həyatındakı tək ümidi odur. Onun nə zamansa, universitetə girəcəyinə, daha sonra bir vəzifəyə düzələcəyinə, onun da harınlamış məmur olacağına bel bağlayıb. O zaman görəcək bütün xalq, əsl pul necə yeyilir, hər kəsə göstərəcək. 

Yaxşı bilir ki, etiraz etməməyinin əsl səbəbi oğlunun gələcəkdəki vəzifəsi üçün problem yaratmamaqdır. Yoxsa "atan müxalifdir, sən də eləsən” deyərlər ona. Bax beləliklə, xalq olaraq hakimiyyətdən qurtulmağın deyil, hakimiyyətin parçası olmağı düşünürük. Bina görünür, amma mənzil seçmək qalıb...

"Demokratiya - dərdim mənim”

Dərdimiz çox, həllimiz yoxdur. Bilmirəm, bəlkə, həllini axtarmaq yerinə həll etməməyə bəhanə gəzirik deyə problemlərin sayı azalmaq əvəzinə artmaqdadır. 

Adi bir müzakirəni düzgün aparaq bilmirik. Ölkədə müzakirəni kiçik sosial məsələrə fokslayaraq əsas siyasi məsələlər kənar saxlayıb və ya onlar sanki siyasətin bir parçası deyilmiş kimi göstəririk. 

"Prezident yaxşıdır, ətrafı pisdir”, - çox uğurlu bir təbliğatdır bu. İnsanların beynində ali rəhbərin toxunulmazlığını qəbul etdirib, şahın günahının olmadığına, vəzirlərin pis, oğru olduğuna inandırıb...

"Xəbəri yoxdur, xalqın problemini ona çatdırmırlar, mane olurlar, nəticədə məsələ həll olmur” da başqa bir uydurulan fikirdir. Başa düşüldüyü kimi xalqımız "demokratiya”nın nə olduğunu bilmir, ya demokratiyanın, sadəcə, səs vermək hüququndan ibarət olduğunu düşünür. 

İnsan haqlarını genişləndirib tərkibini göstərəndə isə faciə qopur. Amma belə də ki səs vermə hüququndan da məhrum insanların insan haqlarından danışması elə də effektli olmur. 

Evimizdə bişməyib, qonşudan gəlməyib. Bura filan filosof bu haqda filan söz deyib deyə sitat gətirməyəcəyəm, çox istəyirsinizsə, açıb oxuyun. Bir gənc olaraq mənim işim sizə ayna tutmaqdır. Heç çıxıb "məmur müxalifətçiliyi” də etməyəcəyəm sizə. Çünki bunu edən AĞ, QARA partiyalarınız var...

Uzaq tarixə gedib, tozlu səhifələrdə itməyək, yaxın korona dövründən bəri gələk. Yaşadığımız, gördüklərimiz bu qədər baş verənlərin qarşısında "nə etdik?” deyə baxsaq, sadəcə, əzildik, bir də müharibə etdik... 

Yasamalda "dovşan" olduq, Parlament önündə "şir", Qarabağda "qartal", Bakıya dönəndə quzu. İllərdir ki, quru sərhədləri bağlı olan ölkənin vətəndaşı buna sakit qalmağı seçir, səs çıxarmaq əvəzinə bu haqsızlığa susmağı üçün bəhanə axtarırsa, məncə, əlavə nəsə deməyə ehtiyac yoxdur. Quru sərhədlərin bağlı olmasına səbəb, sən demə, xarici düşmən imiş. Hansı ki bu xarici düşmənlər sərhəddimizə gələrək gömrük postuna daxil olub, ölkəyə girəcəklərmiş. İranlı bir agent Azərbaycana daxil olmaq üçün gömrükdən keçə bilər, amma bunu inanmıram ki, Gürcüstan gömrüyündən etsin...

DİNdar demiş...

Dindarların vəziyyəti müzakirə ediləndə daha çox dini təsirin yox edilməsi, dövlətin dindarların əzməsinə haqq qazandırmaq kimi fikirlərə rast gəldik. Azərbaycanlılar içən dindardılar. Əgər dinlərini öyrənsələr, dindar olmadıqlarıın görəcəklər, bu hesabla ölkədə müsəlman tapılmayacaq. Dindarların həbsinə buna görə heç kəs etiraz etmir, tam tərsi haqq qazandırır ki, "onlar dindar deyil”. Çünki dindar olaraq özlərini ideal görürlər və bu reallığın onlardan uzaqlaşması onları narahat edir. Cənnətə içərək gedə biləcəklərinə özlərini inandırıblar ki, Allah onları "əməllərinə görə” dəyərləndirəcək.

 Dindarın çıxıb, daha radikal fikir səsləndirməsi, əlbəttə, narahat edəcək. Buna görə dindara DİN qarşır. Bizdə DİNdarlar çox güclüdür, toxunulmazdır, müqəddəsdir. Onlara qarşı çıxmağın cəzası isə cəhənnəm odunda yanmaqdır. Onları tanrının şəxsən özü qoruyur və heç bir bəndəsinin, mələyinin ona toxunmasına icazə verməz. Bilir ki, sabah işlər qarışarsa, qatıq çönüb, ayran olarsa, bu işə yeganə əl atan olacaq. 

Heç bir DİNdar istəməz ki, ona yaradılan şərait məhv olsun: yaxşı maaşı, yağlı aşı, brilyant qaşı əksik olsun. Əlindəki son qəpiyi sayıb, boş yerəmi haqq yoluna gəlib?! 

"Növbəti stansiya – Gənclik”

Bu yazını ələ keçirən xarici bir şəxs soruşa bilər ki, bəs gəncliyin mövqeyi, fikri nədir? (İnanmıram bu sualı azərbaycanlılar soruşsun, ona görə maksimum Azərbaycanı tanımayan bir turist, ya ölkəsinə turist qalan azərbaycanlı ola bilər). 

Gənclər özlərini siyasi aktivliyi yoxmuş kimi göstərib, turist cildinə girir. Soruşsaq, "siyasətə qarışmayan gənc donuna girəcəklər”, amma Türkiyə siyasəti ilə maraqlandıqlarını, aktivliklərini görmək mümkündür. Bunun səbəbi demək siyasətə maraqsızlıq deyil, qorxaqlıqdır. 

Ona görə də daxili siyasət heç müzakirə edilmir. Bəhanə kimi "ölkədə siyasi mühit yoxdur” deyə bilərlər, amma heç kəs yaratmağa da cəhd göstərmir. Hamı ölkə üçün çox idealdır, burada özünü məhv etmək istəmir, onların yerinə Nyu Yorkdur. Burada istedadlarını başa düşən, onları anlayacaq beyin yoxdur. Özlərini niyə Azərbaycanda məhv etsinlər? 

Ölkədə ən güclü resurs tələbələrdir. Yüz minlər kiçik say deyil. Toplasaq bir ordudur. Bu ordu nə edir? Yuxarıdakı day-dayın oğludurmu hamısı, yoxsa ölkədən qaçmaq istəyən bu ölkənin layiq olmadığı övladlar?  

Diqqətimi çəkən bir məsələ isə xaricə gedənlərin daha çox Azərbaycana bağlı olmalarıdır. 

Diasporlarda "Sarı gəlin” dinləyərək daha çox radikallaşırlar sanki. Əliyevin daxili siyasətinin pis olduğunu, amma xarici siyasətdə uğurlu olduğunu dilə gətirir, əvvəl başı aşağı gəzdikləri halda, müharibədən sonra başlarını dik qaldırdıqlarını deyirlər. Deməli, 3 mindən artıq ölən insan sən demə, ölkəsində yaşamağa özünü layiq bilməyib, xaricdə başı aşağı gəzən azərbaycanlıların başlarını yuxarı qaldıra bilməsi üçün ölübmüş. 

Həqiqətən, nə deyə öldü həmin uşaqlar? Torpağa görəmi? Bəlkə, mən səhv edirəm, siz düzəliş edin, mən insan həyatını varlığına sahib ola bilmədiyimiz, dəyişilə bilən, sübut edilə bilinməyən bir şeylə ölçə bilmirəm. Torpağın kiməsə aid olduğunu, sahiblənildiyini başa düşə bilmirəm. 100 ildə 100 dəfə dəyişən adın, 100 dəfə fərqli əməl üçün ölən insanların hansının doğru olduğunu ayırd edə bilmirəm. 

Xarici siyasətini dəstəklədikləri Əliyevin İranla münasibətləri pisləşdirməsi İsraillə yaxınlığına görə doğan etirazı, cəmiyyətdə "İran-Ermənistan” görüntüsünü yaradaraq Ermənistan qədər İrana da nifrət yaradıb. 

Hər kəs "Güney Azərbaycan və 40 milyonluq azərbaycanlı” ritorikasına inanıb. Buna görə həbs edilən dindarlara qarşı cəmiyyət daha sərt reaksiya verir, dövlətin repressiv addımını alqışlayır. Düşünürlər ki, bu dindarlar İranın dövlət marağını qoruyaraq Azərbaycanı "Güney”dən uzaqlaşdırır, həmçinin "Kuzey”ini də təhlükə altına atır.

Nə istəyirik?

Azərbaycanlıların demokratiya istədiyini düşünmürəm, çünki yanaşmaları demokratiya istəyindən daha çox "mənim mənafeyim qorunsun, qarşı tərəfə nə olursa, olsun”dur. 

Demokratiya istəyi bir aktdır. Şəraitə görə yaranmır. İnsanların ideologiyalaşmasından, fikirlərinin, düşüncələrinin artıq əmələ keçməsindən yaranan prosesdir. Demokratiya, sadəcə, seçki ilə də təmin olunmur, olunmamalıdır. 

"Xaos istəmirik, sabitlik olsun” kölgəsinə gizlənərək əslində mövcud sistemə dəstək oluruq, onu qidalandırırıq. Bizim radikallaşa bilməyəcəyimizi, bundan ehtiyatlandığımızı bildikləri üçün istədikləri qədər üstümüzə gələcək, buna qarşı sadəcə bizdən "sivil mübarizə” gözləyəcəklər. Biz mitinq edə bilmərik, işdir bir səhv edib, mitinqə çıxsaq polisə müqavimət göstərə bilmərik. Onun bizi burub, aparmasına, yolda da bir-iki yumuruq vurmasına, sadəcə, boyun əyməliyik. Biz həm azıq, həm də zəif...

Azərbaycan polis ölkəsidir. Bir mitinq iştirakçısından çox ora polis gəlirsə, buna başqa ad verə bilmərik. Kənardan baxan şəxs polislərin etiraz etdiyini, xalqın da onlara dəstək olduğunu düşünəcək. Təki elə olsun deyəcəyəm də, polis heç zaman xalqın yanında olmayıb. Xalqdan çıxıb, amma özünü xalqdan saymayanlardılar. Xaricə qaçıb, özünü Azərbaycana layiq görməyənlər kimi, polislər də xaricə qaça bilməyən, amma xalqdan görməyənlərdir. 

Düşünən beyinlər...

Azərbaycanda bir çox məsələnin müzakirə edilməməsinin bir səbəbi, məncə, təşkilatların olmaması, təşkilatlanmaya qarşı çıxılması, müzakirələrin təşkil olunmamasıdır. İnsanlar toplaşmadan, hər hansısa mövzu ətrafında fikir mübadiləsi aparmadan bir qənaətə gələ bilməzlər. Bu, sadəcə, düşünüb, müzakirə etməklə də bitmir. 

Ölkədə araşdırma mərkəzləri yox dərəcəsindədir. Olanların isə resursları yoxdur. Bir araşdırma etmək istəyən şəxs üçün təşkilat tapmaq, mənbə tapmaq müşküldür. Düşün, dövlətin gördüyü işi yoxlamaq istəyirsən, amma əlində dövlətdən başqa mənbə yoxdur. 

Müzakirələr, əsasən, sosial mediada mümkün olur ki, buna da dövlətin şəxsi müdaxiləsi və troll dəstə yaradaraq hücum edilməsi oranı da təhlükəli yerə çevirir. Birbaşa hədəfə çevirmək həbs etmək qədər təhlükəli bir məsələdir. 

Cəmiyyətdə yaratmaq istədikləri görüntü ilə həmin şəxsin nüfuzunu aşağı salmaqla, səhv ötürülən, yayılan məlumatlarla ona qarşı aqressiya yaratmağa çalışırlar ki, kariyerası bitsin, bir şəxs üçün bu daha pis bir şeydir. İnsan var qarın toxluğu üçün hər işi görür, onun üçün qarnı daha önəmlidir. 

Adının harada və necə hallanması elə də önəmli deyil, amma prinsipial, ideoloji insan üçünsə, adı, nüfuzu daha önəmlidir. Bir hədəf üçün yaşayır, iş görürlər. 

Yüzlərlə, minlərlə insana özünü sübut etməyə çalışıb, doğruluqlarını insanlara inandırıb, dediklərini etməsinə səy göstərirlər. Buna görə işlətdikləri hər kəlmənin hökmü var, bu bir şəxsin artmasına və ya azalmasına səbəb ola bilər, orada var olan hər şəxs qənimətdir. 

İnsanları gələcək maraqlandırmır. Nə öz aqibətləri, nə də övladlarının yaşayacağı cəmiyyətə görə nəsə etmək istəmirlər. 

Yaşamaqla, yaşamağa çalışmaq arasında problemsiz qalmağa çalışırlar. Düşünməliyik: biz nə istəyirik?

Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir. Arqument.az-ın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilmərəm.