Jurnalist "Tovuz işi"ndən yazdı
30-03-2023 22:03 / Bu xəbər 1384 dəfə oxundu
Tovuzda 10 yaşlı Nərminin itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işində üzə çıxan bir sıra yeni saxtakarlıqlardan danışım.
Məhkəməyə Ədliyyə Nazirliyinin Aysel adlı eksperti gəlib. Deyir ki, meyit yanan gün (6 yanvar) oradan götürülən paltarlar və başqa predmetlər yanvarın 17-dən fevralın 17-nə qədər məndə olub, onları tədqiq eləmişəm, rəy vermişəm. Rəydə də göstərib ki, hadisə yerindən tapılan bəzi paltarlarda İlkinin gödəkçəsinin lifi tapılıb.
Vəkillər Ayselə işin içində olan, Səhiyyə Nazirliyinin ekspertiza rəyini göstərdilər. O rəydə göstərilib ki, həmin paltar və predmetlər yanvarın 13-dən fevralın 21-nə qədər Səhiyyə Nazirliyinin ekspertlərində olub.
Yəni eyni paltarların, əşyaların faktiki eyni müddətdə müxtəlif yerlərdə olması mümkün deyil. Deməli, ya Aysel yalan danışır, ya da Səhiyyə Nazirliyinin ekspertləri...
O da məlum olub ki, Aysel hadisə yerindən tapılmayan, protokollarda olmayan parça, paltarlarla bağlı rəy verib. Məsələn, Ayselin əlinə necə gəlib çıxdığı bəlli olmayan bir cins şalvar qalığıyla bağlı rəy verib ki, bu, meyitin əynində olub, üstündən də İlkinin gödəkçəsinin lifi tapılıb.
Vəkillər də deyir ki, ay Aysel xanım, meyitin üstündə olubsa, bəs niyə müstəntiq onu hadisə yerində görməyib, oradan paltarları toplayanda bunu da protokollaşdırmayıb, orada tapılan hər şeyin fotosu çəkilib, arasında bu şalvarın şəkli yoxdur...
Aysel xanım deyir ki, mənə yanğın yerindən tapılan kisə gətirilib verilmişdi, onun içini açanda orada gördüm...
Vəkillər də deyir ki, Aysel xanım, həmin kisənin şəkli açıq şəkildə iş materialında var, orada cins şalvar-filan görünmür, olsaydı, müstəntiq də görərdi.
İkincisi, ekspertiza mərkəzində Zemfira adlı ekspert də o kisəni açıb, bu haqda rəyi var, sizdən fərqli olaraq, onun içində cins parça-filan görməyib...
Aysel xanım o torbanın içindən hadisə yerində olmayan, başqalarının görmədiyi, üstündə qan ləkəsi olan qırmızı əski parçası da "tapıb".
Və rəy də verib ki, o parça ilə İlkin Süleymanovgilin evindən götürülən yorğan üzü eyni parçadandı...
Məsələ burasındadır ki, cinayət işində İlkin Süleymanovun Nərmini başından daşla vurduğu, qan axmasın deyə başına qırmızı parça bağladığı yazılıb...
Məhkəmədə sübutlara baxış keçiriləndə vəkillər etiraz etdi ki, maddi sübutlar saxlanılan torbaların ağzı möhürlü, bağlı olmalıydı. Bunlar isə açıqdır, sübutlara müdaxilə olunub, nələrinsə dəyişdirilmə ehtimalı var...
Süleymanovlar evlərindən götürülmüş yorğan üzünə baxanda göründü ki, onun bir hissəsi kəsilib və kəsilmiş hissə də üzərində qan ləkəsi olan, yanmış parçanın ölçüsünə uyğun gəlirdi...
Vəkillər iddia edir ki, Süleymanovların evlərindən yorğan üzü götürüləndən sonra onun bir hissəsi kəsilib və yandırılıb, saxta sübut düzəldilib.
Onlar hesab edir ki, əgər doğrudan da əvvəldən belə bir əski parçası olsaydı, o zaman hadisə yerində olardı, oradan tapılıb, protokola da daxil edilərdi...
Yada salım ki, bundan öncə telefonla bağlı ekspert rəyində bənzər ziddiyyətlər ortaya çıxmışdı. Məsələn, ekspert rəy vermişdi ki, yanvarın 8-də səhər saat 10.30 radələrində İlkin Süleymanov telefonunda çılpaq qadın fotosuna baxıb.
İşin faktiki hallarından, məhkəmədə dindirilən çoxsaylı şahid ifadələrindən, hətta Nərminin öz valideynləri və digər qohumlarının dediklərindən məlum olur ki, İlkin yanvarın 6-da axşamdan artıq polis şöbəsində olub.
Faktiki telefon artıq özündə yox, polislərdə olub. Ən asası, cinayət işinin materiallarında dindirmə protokolu var. Oradan görünür ki, həmin gün - yanvarın 8-də həmin saatda İlkin Süleymanov müstəntiqin yanında dindirmədə olub.
Bu üzdən vəkillər də deyir ki, ya ekspert saxtakarlıq edib, ya da İlkin Süleymanov o çılpaq qadın şəklinə müstəntiqlə birlikdə baxıb - iki variantdan biridir...
Bir işdə nə qədər saxtakarlıq olar?!
Aytən Məmmədova