Əfruzə müəllimin sonu
12-06-2023 00:22 / Bu xəbər 5715 dəfə oxundu
Çingiz SULTANSOY
"Elə yaşa ki, öləndə sevinməsinlər" silsiləsindən
Seçki zamanı saxtakarlığıyla tanınan, müstəqil media və sosial şəbəkələrin məşhurlaşdırdığı Əfruzə Hacıyeva dünyadan köçdü.
Saytlara baxdım, heç kim haçan, harada doğulduğunu, harada təhsil aldığını, hansı xəstəlikdən öldüyünü, həyatda daha nələr etdiyini, necə idman müəllimi olduğunu yazmır. Xəbər hazırlanması, jurnalistika baxımından ciddi qüsur sayılsa da, konkret bu dəfə, bəlkə də, düz ediblər - adam yaddaşlarda belə qalıb.
"Allah rəhmət eləsin!" demirəm, "Allah günahlarını bağışlasın" deyirəm. Şəbəkədə neçə adam "Allah rəhmət eləməsin, günahlarını bağışlamasın!" yazıb.
Bəşəriyyətin yüzlərlə məşhur, sözü eşidilən insanları müəllim və müəllimlik haqqında qiymətli sözlər desə də, yalnız birini gətirəcəyəm.
Cəsarəti və dürüstlüyü ilə tanınan, Ağ Evdə məmur olanda ABŞ prezidentini tənqid edən və buna görə vəzifəsini itirən, amma özünü, dəyərlərini itirməyən, tarixdə qalan qaradərili jurnalist Ralf Tayler (1860-1921) deyib: "Müəllimlik təkcə peşə deyil. Bu, bəşəriyyətə xidmətdir və onu missiya kimi dəyərləndirmək lazımdır. Bu, o qədər yüksək məsuliyyət tələb edir ki, bütün peşələrin fövqündə durur, deyərdim. İkinci şərəfli peşə həkimlikdir".
Müəllim ailəsində böyüdüyüm üçün müəllimliyi bütün peşələrin artıq sayırdım. Ralh Taylerin bu sözlərindən xəbərsiz atam-anam uşaqlarına, şagirdlərinə və tələbələrinə belə öyrədirdilər.
Çağdaş Azərbaycanda belə düşünən neçə müəllim tapmaq olar?
"Facebook"da bir Bakı məktəbindəki olayın şəkilləri və videosu yayılıb. Dördüncü sinif şagirdlərinin gözü qarşısında valideyn səhnəyə çıxıb sinif müəllimin qulağına qızıl sırğa, barmağına qızıl üzük taxır.
Nişan taxılan qız kimi səhnədə oturan müəllimə valideynlərdən pul yığdırıb özünə qızıl aldırmasından utanmır, çəkinmir, hələ şagirdlərinin gözü qarşısında sırğaları qulağına taxdırıb şou düzəldir.
Bu video müəllimənin şagirdləri qarşısında kankan rəqsini ya striptiz oynamasını xatırladır.
Striptizə pis baxmıram, amma özünə müəllimə deyən kəs onu oynamamalıdır.
Bu müəllimə və atalar, analar "sırğataxma şousu"nun iyrəncliyini, pozucu təsirini anlayırlarmı?! Anlasaydılar, belə eləməzdilər.
Tofiq Yaqublu Ə.Hacıyevanın yaxınlarına başsağlığı verərək yazıb: "Əfruzə müəllimin bəxti onda gətirmədi ki, onun saxtakarlıq uğrunda savaşması kameralara düşdü və bütün ölkə bunu gördü. Düşünürəm ki, Əfruzə müəllim bu sahədə fenomenal "istedad" sahibi deyildi, o, çoxminlik saxtalaşdırıcı müəllimlər ordusunun sıradan bir döyüşçüsü idi. Onun kimi minlərlə belə "fədakar" müəllimlər var...".
Frendlentimdə Əfruzə Hacıyevanın doğmaları üçün faciəli olayla bağlı yüzlərlə zarafat edən, atmaca atan, kinayəylə, sarkazmla yazan, gülənlər var, arasında dəyərli dostlarım da var. Təbiidir. Məsələn, keçmiş siyasi məhbus, qazi Əfqan Muxtarlı yazıb ki, Əfruzə Hacıyeva ilə vida mərasimi MSK-nın konfrans zalında olacaq. Bəstəkar Hatəm Nəbioğlu: "Allah yanındakılara rəhmət eləsin!" - yazıb.
Neçə dostum belə zarafat, atmaca və kinayəyə etiraz edib, qəzəb və nifrət emosiaları sərgiləyənləri qınayıb. Mən isə kinayə, sarkazm, qəzəblə yazanları qətiyyən qınamıram.
Kimsə düşünür ki, Əfruzə Hacıyevanın elədiyi, videoya düşən cinayəti xırda, önəmsiz şeydir? Ya eləsə də bu sayaq qınanmamalıdır? Niyə? Bu ölkə seçki saxtakarlığının ən ağır cinayət olduğunu anlayanda düzələcək.
Bəli, şəbəkələrdə Ə.Hacıyevanı və onun rəhbəri Məzahir Pənahovu da ələ salır, gülürlər. Bu möhtərəm zatlar - seçki saxtakarlığının başında duran sağı və dünyadan köçən sıravisi belə münasibəti haqq ediblər, gülüş, kinayə, nifrət də əməllərinin bədəlidir. Hələ yüngül.
Düşünürəm ki, gülənlər düz eləyir. El ağzı - çuval ağzı, yığıb bağlaya bilməyəcəsən. Müşahidə etdiyimiz fenomen tənqidi boğulmuş, tənqidçilər yumruq, bıçaq, güllə, həbsxana, işgəncə, işsizqalma və başqa belə yollarla susdurulmuş toplumda, olduqca zəhərli mühitdə hələ də qalan ictimai rəyin təzahürüdür. Olanı bu. Müstəqil ictimai rəyin varolması, yaşamasının nəyi pisdir ki?
Ölkədə ən azı internetdə, şəbəkədə azad ictimai rəy var. Heç olmasa bu formada.
Əfruz Hacıyeva özü əməlindən, cinayətindən utanmırdısa, bəlkə övladları və nəvələri, qohum-əqrəbası qınaqdan utanar? O da hələ vicdanları qalıbsa…
Yetkinlik yaşına çatan insan, müəllim olan kəs gərək Əfruzə Hacıyeva kimi əməl, daha doğrusu, cinayət eləməsin. Hətta cəzasız qalacağını 100% bilsə də, yuxarıdan sənə əmr etsələr də. Cəza qorxusundan əvvəl insanı çəkindirən vicdanın səsi olmalıdır. Əlbəttə, vicdan varsa.
Azad ictimai rəy olmayan dövlətlərdə insanların normal həyatı da olmur: Türkmənistan, Şimali Korea, Əfqanıstan…
Bəlkə, Tofiq bəyin yazdığı çoxminlik müəllimlər ordusunun minlərlə belə fədakar ya sadəcə, susaraq tapşırığı yerinə yetirən müəllimləri bu olaydan – öləndən sonra da lənət qazanmaqdan, insanların münasibətindən bir nəticə çıxarar? Ya heç olmasa düşünər?
Əlbəttə, təqsir yalnız müəllimlərdə deyil, bu məlum. Müəllimin maaşını müəyyən edənlər sanki ondan qisas alır, uşaqlıq komplekslərinin hayıfını çıxırlar. Təqsir müəllimdə yox, daha çox müəllimi bu hala gətirəndədir, ölkənin siyasi-iqtisadi-korrupsion durumundadır. Bu barədə çox deyilib, yazılıb.
Heç kim düşünməsin ki, Əfruz Hacıyeva kimi müəllimlər onminlərlə, onun təfəkkürlü adamlar milyonlarladır deyə ictimai qınağın da heç bir təsiri yoxdur, olmayacaq.
Əvvəla, cinayətin geniş yayılması hələ onun legitimləşməsi deyil, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi də hələ ləğv olunmayıb.
İkincisi, məşhur deputat Anar Məmmədxanıl və ya gənclər və idman nazir Azad Rəhimovun örnəyi göz önündədir. Bir sıra nədəndən hələ A.Məmmədxanlı və A.Rəhimova Əfruzə müəlliməyə kimi gülən, aşağılayan yox idi. Amma onlar dünyadan gedəndə dostları, qohumları şəbəkədə tənqidin qarşısını almaq üçün xahiş edirlər ki, ölən haqqında pis heç nə yazmayın.
Deməli, dünyadan köçmüş əzizlərinin pisliklərini, qəbahətlərini, korrupsion əməllərini bilir, anlayırdılar ki, bunun dilə gətirilməsindən utanır, çəkinirdilər?.. Nə qədər zəiflədilmiş, boğuq olsa da, ictimai rəyin gücü və təsiri qalıb, var.
Ölkədə azad ictimai rəy varsa, demokratiya da olacağına ümid var, yoxdusa… Türkmənistanda, Şimali Koreada, Əfqanıstanda müstəqil ictimai rəy yoxdur, prezident nə deyibsə, odur. Çağdaş Rusiyada vəziyyət bizdəki kimi idi, indi xeyli pisləşib…
Avtoritar liderlər, diktatorlar əbəs yerə ictimai rəyi öldürmək itəmirlər ki?
Qayıdaq Əfruzə Hacıyevaya. Fb dostum Aybəniz Cabbarova qısaca və aydın yazıb: "Elə yaşa ki, öləndə ardınca lənət oxumasınlar".
Mirbaba Babayev Mark Tvendən sitat gətirib: "Gəlin elə yaşayaq ki, biz öləndə hətta tabut ustası da heyfslənsin".
Dəqiq bilirəm ki, əmri yerinə yetirərək seçki zamanı saxtakarlıq edən, bəzi müəllimlərin, həkimlərin vicdanı sızlayır, ürəyi ağrıyır. Bakıda yaşayanda bir neçə etiraf eşitmişəm. Deməli, hələ vicdanlarını itirməyiblər, dilsiz-ağızsız rəiyyət, əclaf, həşərat olmayıblar...
İnsanın belə zəhərli mühitdə hələ də insan qalması sevindirici haldır.
Onu da anlayıram ki, məsələn, Tofiq Qasımov, Həsən Kərimli, Gözəl Bayramlı, Vurğun Əyyub, Hikmət Hacızadə və başqa belə mübariz, dəyərli, ləyaqətli insanlar dünyadan köçəndə, bəlkə də, onlara gülən, lağ edən, aşağılayan, lap bəlkə, söyən də olub, ola bilər. Lağ edənlər sayca dəfələrlə az olsalar da, istisna eləmək də olmaz.
Yəni hər iki halda insanın ölümü kiminsə sevinci, zarafatı ya lağlağısıyla qarşılanır. Amma bu iki hal zahirən bir-birinə çox oxşasa, eyni olsa da, böyük fərqi var.
Tofiq Qasımov, Həsən Kərimli ya Hikmət Hacızadənin ölümünə, həyatına lağ edənlər adam deyil...