“Orqanik” dövlətçilik və ya hər şey bombadır!
04-07-2023 12:35 / Bu xəbər 2039 dəfə oxundu
Son zamanlar o qədər dəxlisiz və əlaqəsiz "dövlətçiyəm” sözünü eşidirəm, istər-istəməz yadıma "orqanik vodka” düşür.
Geydirmə "padval” arağı satan kafelərdə ofisiantların gözlərini bərəldərək, "mən ölüm, orqanik vodkadı, özüm də ondan içirəm” deyə and-aman etməsi qədər gözəl şey yoxdur… Orxan Pamuk demişkən, sanki həyatının ən mutlu anını yaşayırsan.
Maşallah, bərəkallah, bu "orqanik” sözü də xalqımızın dilinə yaman düşüb… Krant suyu ilə spirt qatanlar da şüşəyə "organic vodka” etiketini yapışdırdı, işlər düzəldi. Etiketin yaşıl olması vacibdir, "kontsa-kontsov”, müsəlman ölkəsiyik…
Hə, dövlətçilikdən danışacaqdıq axı!
Müharibə dövründə birləşdik, sanki cəmiyyət olaraq bir orqanizmə çevrildik..
Amma demə, ayaqları gildən olan nəhəngə dönmüşük biz. Birləşdikcə, bütövləşdikcə, aşağılardan çat veməyə başlayırıq.. Çünki ayaqlarımız – cəmiyyətimizin aşağı qatları çox kövrəkdir. Kiçik biznes dağılır, ərzaq ticarəti monopolistlərin əlində cəmləşib, qiymətlər qalxır, ailə institutu çökməkdədir, gənc ailələrdə boşanmaların sayı gündən-günə artır, gənclərin arasında narkomanların sayı artır, işsizlik isə kəlləçarxda…
Bunu görmürük, ya da görmək istəmirik.
Elə bil ki, cəmiyyətdəki problemlər həllini tapıb, mətbuatdakı həmkarlarımız da artıq geopolitik düşünməyə başlayıblar.
Azərbaycan rayonlarında baş verənlər artıq mətbuat səhifələrində az-az görünür. Sanki bürokratik süründürmələr də bitib, korrupsiyanın da kökü kəsilib, "eqalogiya” isə yüksək həddə çatıb.
Dünənə kimi jek müdirlərini, məktəb direktorlarını tənqid edən jurnalistlər də, indi olublar politoloq… Ukrayna müharibəsi, bölgədəki problemlər və s.
Belə baxanda, bu da normaldır. Hamıdan səmimiyyət gözləmək olmaz. Kim nə istəyirsə, ondan yaza bilər. Həqiqətən yaza bilərmi? Elədirsə, yazıya davam edək.
Köhnə yazılarımdan birində "ermənilər üçün yaşamaq” ifadəsini işlətmişdim. Bildirmişdim ki, artıq gələcək nəsillər üçün yaşamaq yaddan çıxıb.
Yaddaşı itiləməyin ən yaxşı yolu isə səsli düşünməkdir, problemləri dilə gətirməkdir. Necə deyərlər, təkrar biliyin anasıdır.
"Beynəlxal Bank” qalmaqalından illər ötür – o vaxt külli miqdarda vəsaitin "biznes krediti” adı altında dağıdılması halları mətbuatda qəzəb yaratmışdı. O hallar bu gün də bir sıra banklarda davam edir, kiçik biznes sahibləri kredit ala bilmir, alanda da bankdan aldığı pulun 15-20 faizini "şapka” kimi vasitəçilərə verir. Bank faizləri onsuz da yüksəkdir, hələ başqasının yediyi "şapka”nı da ödəməyə məcbur qalarsan… Ortaya ikiqat, üçqat artıq məbləğ çıxacaq. Nə biznesin sahibi olmalısan ki, o qədər pul qazanaraq kredit bağlaya biləsən?!
Bir çox banklar jurnalistlərə kredit vermək istəmir. Hətta bir bank işçisi mənə "pıçıldamışdı” ki, ödəmə gecikəndə jurnalistdən pul istəmək, məhkəməylə qorxutmaq çətin olur.
Bu hələ harasıdır? Bank sistemindəki problemlərdən yazmağa başlasaq, gərək kəllələr getsin… ən birinci də, bəndənizin kəlləsi. Bilmirəm bir çox sayt rəhbəri banklarla münasibəti korlamaq istəmir, nədir… hər nədirsə də belə, bu gün minlərlə insanın banklar tərəfindən soyulması danılmaz həqiqətdir.
İqtisadiyyat nazirliyində də, bəlkə, 20-30 dəfə "kadr islahatları” gedib… Bürokratiya, eqoizm, süründürməçilik… Ən əsası, inhisarçılıq da yüksək səviyyədə davam edir.
Böyük balıqların kiçik balıqları yediyi kimi, super marketlər mini marketləri yeyib, sür-sümüyünü də kənara atıb. Artıq "optovoy”ların da sayı azalıb, çünki ən böyük topdan satışçılar ya "supermarket” sahibləridir, ya da onlara yaxın olan şəxslər.
Qonşumuz dükanını evə çevirib, kirayəyə verib – deyir ki, heç olmasa, ayda 250 manat kirə haqqı alıram, qulağım dincdir. Bu da bizim kiçik biznesmenin praqmatizmi. Ya da, mövcud şərtlərə uyğunlaşaraq, vəziyyətdən çıxış yolu tapmaq.
Ekologiyamızdakı vəziyyətdən danışmaq istərdim… Amma bir dəfə başım ağrıyıb. Bir qoruq rəisindən yazdığıma görə, elə təzyiqlər gördüm ki, bir ara mətbuatdan acıq edib getmişdim də. Özünü "jurnalistlərin bacısı” adlandıran bir qadın məni açıq şəkildə təhdid etmişdi, utanmadan "peşman olacaqsan” deyə yüngülvari məsləhətlər də vermişdi.
Mətbuatda uzun illər çalışan insanlara sirr deyil ki, bu və digər qurumlarda oturan "bacı”lar ətraflarındakı "jurnalist qardaş”lara tək yazmağa görə yox, yazmamaq üçün "görüm-baxım” edir ("cari xərclər” deyirlər buna). Yəni, bir yerdən "aylıq” alırsansa, pres-relizləri ver, problemdən yazma.
Mən düşünürdüm ki, bir neçə icra başçısının həbsindən sonra, bölgələrdə vəziyyət bir az düzələcək.
Mənzərə olaraq düzəldi – sadəcə mətbuat bölgələr və bölgələrdəki insanlar barədə az danışmağa başladı. Hardansa eşitmişdim ki, insan varsa, problem var… Yalan söhbət imiş.
Danışmırıqsa, problem də yoxdur. Olmuşuq məsti-xumar, yenə gözlərimiz axır…
Rüfət Əhmədzadə (Pan Rufat)
Yazıdakı fikirlər müəllifin şəxsi mövqeyidir.