Müharibəyə yaşlıları göndərin...
26-05-2023 15:40 / Bu xəbər 1513 dəfə oxundu
Əsəd Qaraqaplan
Bu gün şəhidlərlə bağlı bir kitabı çap üçün hazırlayırdım. Baxdım, aralarında elələri var ki, lap uşaqdır. 2004-cü il təvəllüdlü şəhid gördüm, ilahi... 2004!
Təsəvvür edirsiniz? Mən həmin il II kursda oxuyurdum, o isə az qala doğulmamışdı...
Həm də bir ana gördüm, bir şəhid anası şəkli, 1977-ci il təbəllüdlü. İnanın, ona 45-46 yox, ən azı 60-65 yaş vermək olardı.
Nə isə...
Onda ağlıma bir fikir gəldi. Düşündüm, məncə, müharibəyə, məsələn, gənclər (18-35 yaşlılar) yox, qocalar (60 yaşdan yuxarılar) göndərilməlidir.
"Bunun nə kimi faydaları ola bilər?" özüm üçün düşünməyə başladım...
Birinci, gənclər daha çox yaşamaq haqqına sahib olar. Yaşlılar da yaşadqılarının çoxunu yaşamış, gördüklərini görüblər də. Ölsələr də, o qədər ağırılı olmaz.
İkinci, müharibələri yaradan da yaşlılar olur, 18 yaşlı gənclər yox. Belə olanda mühariblər də azalar, ya da heçə enər. Axı özləri-özlərini ölümə aparmazlar.
Üçüncü, müharibələri təbliğ edən kitablar əvəzinə, daha gözəl şeylər yazarlar. Kresloda oturarkən gəncləri ölümə göndərməyin bu qədər asan olmadığını düşünərlər...
Dördüncü, bütün yeniliklərin, yeni düşüncənin əleyhinə olan bu adamlar, əvvəlki kimi hər şeyə qarşı gəlib, bütün gözəl və yeni şeylərin qarşısını kəsməyə çalışmazlar.
Və bu yerdə:
Təsəvvür edin, yaşlılar müharibəyə gedir, qarşı tərəfin yaşlıları da gəlir onlarla savaşmağa. Və onlar döyüş bölgəsində üz-üzə gəlirlər. Sizcə, belə olanda nələr ola bilər?
1. Bu yaşlı və tənbəl adamlar belə məqamda - ölümlə üz-üzə gəldiklərində aftomatik olaraq düşünməyə başlayacaqlar: doğrudan biz niyə müharibə edirik? Niyə öldürürük bir-birimizi? Niyə bir parça torpaqdan ötrü bu qədər həngamə qopardırıq? Axı dünyada hamıya çatacaq qədər torpaq, hamını xoşbəxt edə biıəcək imkan var.
2. Burda bir düşüncə qatı da açılacaq, o da bəzilərinin hərislikləri ilə bağlı. Düşünəcəklər, niyə birinin o qədər mülkü, torpağı varkən, niyə hələ də yersiz-yurdsuz, ac-yalavac insanlar var?
3. Bu ölüm-dirim qarşısında durmaq hələ onlara çox şey deyəcək. Məsələn, gənclərin niyə öldüyünü daha yaxşı başa düşəcəklər. Ölümün nə qədər pis - hər şeyin bitdiyi bir şey olduğunu da düşünəcəklər, istər-istəməz.
4. Silaha gücləri çatmayanda, ya da dağları-dərələri aşmağa, onda daha da düşünməyə başlayacaq, fikirlər ürətəcəklər və görəcəklər ki, hər şeyin sözlə həll eləmək, əslində, çox asan imiş.
5. Yanlarında biri tikə-tikə olub yox olanda növbənin onlara gəlməsini gözləmədən düşünəcəklər, əslində, dünyanı gözəlləşdirmək o qədər də çətin deyilmiş.
6. Bu məqamda, bəlkə də, hər iki tərəf orda bir ağac kölgəsinə çəkilib sərinləməyə başlarkən bu dünyanı gözəlləşdirməyin, insanların heç nədən ölməsinin qarşısını almağın bir oyun qədər asan olduğunu görəcəklər. Məsələn, bir nərd oyunu kimi.
7. Və hər iki tərəf ortaq yerdəki bir ağacın kölgədinə bir baş bilənini göndərib, deyəcək ki, oturun, məsələn, nərd oynayın. Onsuz da ən sevdiyimiz işdir. Uduzan da torpaqları qaytarsın, hərə dağılışsın öz evinə.
8. Və bir də kimsə kiminsə ərazisinə təcavüz edib, kiminsə evini başına yıxmasın. Bu dünyada hər kəsin öz sahib olduğunda yaşamaq və xoşbəxt olmaq haqqı var...
9. Belə olanda gənclər də onlara baxıb örnək alacaqlar, həyatlarını bu qədər qaramaq, bu qədər sıxıntılı, bu qədər çəkinə-çəkinə yaşamaqdan vaz keçəcəklər, artıq "ölümün qaldırıldığı" bir dünyada daha gözəl şeylər arzusunda, rahatlığında olacaqlar.
10. Bütün bunlar olandan sonra hamı istər-istəməz bir şeyi düşünəcək: ağrımız müvəqqəti, sevgimiz əbədidir...