Ərdoğan Sinan Oğanın şərtlərini rədd edib
19-05-2023 16:21 / Bu xəbər 1000 dəfə oxundu
"Seçimlərdə həlledici rolu Sinan Oğan yox, Türkiyə xalqı oynayacaq"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan I tur prezident seçkilərində iştirak edən Sinan Oğanın şərtlərini qəbul etməyəcəyini deyib.
Bu barədə Ərdoğan CNN-ə danışıb.
Sinan Oğan mayın 28-də keçiriləcək II tur prezident seçkilərində dəstəkləyəcəyi namizəd üçün 6 şərt irəli sürüb.
O, Konstitusiyanın ilk 4 maddəsinin dəyişdirilməməsini tələb edib.
"Güzəştsiz olaraq "FETÖ” və PKK ilə mübarizə aparılacaq. Təriqət və camaatların (dini icmalar) bürokratiyadakı hakimiyyətlərinə son qoyulacaq. Miqrantların 1 il ərzində ölkəsinə dönməsi təmin ediləcək”, - deyə o bildirib.
Konstitusiyanın birinci maddəsində qeyd olunur ki, Türkiyə dövləti Cümhuriyyətdir.
İkinci maddədə bildirilir ki, Türkiyə Cümhuriyyəti, toplumun rahatlığı, milli dayanışma və ədalət anlayışı içində, insan hüquqlarına hörmət, Atatürk milliyyətçiliyinə bağlılıq, demokratik, laik və sosial bir huquq dövlətidir.
Üçüncü maddədə qeyd olunur ki, Türkiyə dövləti, ölkəsi və millətiylə bölünməz bir bütündür. Dili türkçədir. Bayrağı, şəkli qanunda göstərilən bəyaz ay-ulduzlu al bayraqdır. Milli marşı "İstiqlal Marşı”dır. Paytaxtı Ankaradır.
Dördüncü maddə isə əvvəlki 3 maddənin dəyişdirilməzliyini ehtiva edir.
Ərdoğan deyib ki, Sina Oğan II turda həlledici rol oynamır: "Mən bu üslubda danışıqlar aparmağı sevmirəm. Seçimlərdə həlledici rolu Türkiyə xalqı oynayacaq".
Ərdoğan müxalifətin qaçqınların hərtərəfli deportasiyası ilə bağlı çağırışlarını rədd edib:
"Türkiyə QHT-ləri Suriyanın şimalında yaşayış məntəqələri tikir ki, buradakı qaçqınlar öz vətənlərinə qayıda bilsinlər. Bu proses artıq başlayıb. Biz bir milyon qaçqını öz vətənlərinə qayıtmağa təşviq edirik".
S.Oğan seçkilərdən sonra namizədlərlə (Ərdoğan və Kılıçdaroğlu) razılıq üçün 5 şərt açıqlamışdı ki, onlardan biri də 13 milyon qaçqının ölkələrinə göndərilməsi idi.
Mayın 28-də keçiriləcək II tur prezident seçkilərində Ərdoğanın əsas rəqibi "Millət İttifaqı"nın vahid namizədi, CHP sədri Kamal Kılıçdaroğludur.