Türkiyədə səsvermə başa çatdı: Ərdoğan və Kılıçdaroğlu çağırış etdi

Türkiyədə səsvermə başa çatdı: Ərdoğan və Kılıçdaroğlu çağırış etdi

14-05-2023 19:27 / Bu xəbər 949 dəfə oxundu

Türkiyənin Yüksək Seçki Qurumu (YSK) sədri Ahmet Yener səsvermənin başa çatdığını bəyan edib.

"Prezident və parlament seçkilərində səsvermə tamamlandı və indiyə qədər idarə heyətinə əks olunan hər hansı bir mənfi hal yaşanmadı”, – deyə YSK sədri əlavə edib.

64 milyon seçicinin olduğu Türkiyədə seçkilərdə fəallıq müşahidə olunub.

YSK-nın qərarlarına əsasən, saat 18:00-dək KİV-də seçkilər və onların nəticələri ilə bağlı xəbər proqnozları və şərhlər vermək qadağandır.

Saat 18:00-21:00 arasında YSK tərəfindən seçki ilə bağlı xəbərlər və bildirişlər dərc olunacaq.

Bu arada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və "Millət İttifaqı"nın prezidentliyə namizədi Kamal Kılıçdaroğlu tərəfdarlarına çağırış edib.

Bu barədə hər iki namizəd "Twitter" səhifəsində yazıb.

"Səsvermə prosesi, Allaha şükürlər olsun ki, demokratiyamıza yaraşacaq şəkildə başa çatıb. İndi hər zaman olduğu kimi, qutuların qayğısına qalmaq vaxtıdır. Nəticələr qəti olana qədər millətimizin iradəsini qorumağa davam edirik!..", - deyə Ərdoğan bildirib. 

Kamal Kılıçdaroğlu da tərəfdarlarını seçki məntəqələrini tərk etməməyə çağırıb:

"Demokratiya qəhrəmanlarımıza səslənmək istəyirəm. Nə olursa-olsun, yekun imzalanmış seçki qutularının protokolları çatdırılana qədər seçki məntəqələrini tərk etməyin”.