Bayden Polşada Putinə cavab verdi: çıxışın mətni

Bayden Polşada Putinə cavab verdi: çıxışın mətni

22-02-2023 17:58 / Bu xəbər 1318 dəfə oxundu

ABŞ Prezidenti Co Bayden Polşanın paytaxtı Varşavada çıxış edərək Ukraynaya yardımı davam etdirəcəyini vəd edib. 

O deyib ki, ABŞ hərbi cinayətkarların ədalət mühakiməsinə çağırılması üçün çalışacaq.

Bayden Rusiya Prezidenti Vladimir Putinin çıxışına da cavab verib.

ABŞ Prezidenti Belarus və Moldova xalqlarını demokratiya uğrunda, həmçinin Rusiyanın təsirinə qarşı mübarizədə dəstəkləyib.

"Bir il əvvəl dünya Kiyevin süqutuna hazırlaşırdı. Mən Kiyevdən təzə gəlmişəm – o, hələ də ayaqdadır, o, hələ də azaddır", - Bayden deyib. 

Arqument.az Baydenin çıxışının mətnini təqdim edir: 

• Rusiya işğala başlayanda təkcə Ukrayna deyil, bütün dünya sınaqla üzləşmişdi. Qarşımızda duran suallar eyni anda həm sadə, həm də mürəkkəb idi: biz cavab verməliyik, yoxsa susmalıyıq, güclü olacağıq, yoxsa zəif, biz, müttəfiqlər birləşəcəyik, yoxsa parçalanacağıq?. Bir ildən sonra biz bu sualların cavabını bilirik.

• Qələbə əvəzinə Putin Ukraynda yanmış tanklar və pərişan əsgərlərlə qaldı. NATO-nun finləşdirilməsinə nail olacağını düşünürdü. Əvəzində o, Finlandiyanın NATO-ya daxil olmasını təmin etdi, həm də İsveçin. NATO heç vaxt olmadığı kimi birləşib. Putin avtokratların sərt, demokratların isə yumşaq olduğunu düşünürdü. Lakin onun qorxu və gücə əsaslanan hakimiyyəti Amerika və digər xalqların dəmir iradəsi ilə üzləşdi.

• Birillik müharibədən sonra dünyada demokratiya güclənib, avtokratiyalar isə zəifləyib. Çünki qeyri-müəyyənlik dövründə nəyin tərəfdarı olduğunuzu və kimin sizi dəstəklədiyini bilmək ən vacib şeydir.

• Ona görə də cəsur Belarus xalqı demokratiya uğrunda mübarizəni davam etdirir, Moldova xalqı azad yaşamaq, Aİ-yə üzvlük yolunu tutmaq istəyir. Prezident Sandu bu gün buradadır və mən sizin və xalqınızın yanında olmaqdan qürur duyuram.

• Birillik müharibədən sonra Putin artıq bizim koalisiyanın gücünə şübhə etmir. Amma o, hələ də şübhə edir ki, biz Ukraynanı uzun müddət dəstəkləməyəcəyik. Amma bizim Ukraynaya dəstəyimiz zəifləməyəcək, NATO parçalanmayacaq və biz yorulmayacağıq. Putinin hakimiyyət və torpaq işğalı səyləri məğlub olacaq, ukraynalıların ölkələrinə sevgisi qalib gələcək.

• Avtokratın iştahasını doydurmaq olmaz. Avtokratın iştahasına meydan oxumaq lazımdır. Avtokratlar yalnız bir sözü başa düşürlər: "Xeyr”. "Xeyr, ölkəmi işğal etməyəcəksən”, "xeyr, azadlığımı əlimdən almayacaqsan”, "xeyr, gələcəyimi əlimdən almayacaqsan”. 
Bir il əvvəl dediyimi təkrar edirəm: diktator heç vaxt insanların azadlıq istəyini boğa bilməz. Qəddarlıq heç vaxt azad insanların iradəsini məhv edə bilməz. Rusiya heç vaxt Ukraynada qələbə qazana bilməyəcək.

• Hər cəhətdən qeyri-adi bir il oldu. Rus hərbçilərinin və muzdlularının qeyri-adi vəhşiliyi... Onlar utanmadan insanlığa qarşı cinayətlər törətdilər. Onlar dinc əhaliyə hücum ediblər, zorakılıqdan silah kimi istifadə ediblər, Ukraynanın gələcəyini oğurlamaq məqsədilə ukraynalı uşaqları oğurlayıblar, dəmiryol vağzallarını, doğum evlərini, məktəbləri və uşaq evlərini bombalayıblar. Rusiyanın ukraynalılara qarşı vəhşiliklərinə heç kim göz yuma bilməz.

• Ancaq ukraynalıların cavabı da qeyri-adi oldu. Bir il əvvəl Ukraynaya bombalar uçdu. Ukrayna hələ də azaddır. Xersondan Xarkova qədər Ukrayna qüvvələri öz torpaqlarını geri alır. Ukrayna Rusiyanın işğal etdiyi ərazilərin yarıdan çoxunu geri qaytarıb. Bütün dünya BMT Baş Assambleyası da daxil olmaqla, bir neçə dəfə Rusiyanın təcavüzünü pisləməyə səs verib.

• Mən Rusiya xalqına müraciət etmək istəyirəm: ABŞ və Avropa ölkələri Rusiyaya nəzarət etmək və ya onu məhv etmək istəmir. Putinin bu gün dediyi kimi Qərb Rusiyaya hücum etməyi planlaşdırmırdı. Qonşuları ilə sülh şəraitində yaşamaq istəyən milyonlarla rusiyalı isə düşmən deyil. Bu müharibə heç vaxt qaçılmaz olmayıb. Bu, faciədir. Putin onu seçdi və müharibənin davam etdiyi hər gün onun seçimidir. Amma o, bir sözü ilə müharibəni bitirə bilər.

• Əgər Rusiya Ukraynaya hücumu dayandırsa, bu, müharibənin sonu olacaq. Əgər Ukrayna özünü müdafiə etməyi dayandırsa, bu, Ukraynanın sonu olacaq. Ona görə də biz birlikdə çalışırıq ki, Ukrayna özünü müdafiə edə bilsin.

• Dünya Putinin müharibəsinin nəticələrinə cavab vermək üçün bir araya gəlib. Putin Qara dəniz limanlarını mühasirəyə alaraq dünyanı aclıqdan öldürməyə çalışdı və qlobal ərzaq böhranı xüsusilə inkişaf etməkdə olan ölkələri vurdu. Amma artıq ABŞ və G7 ölkələri qlobal ərzaq tədarükünü artırıblar.

• Varşavaya yenicə gəlmiş ukraynalı qaçqınlarla keçənilki görüşü heç vaxt unutmayacağam. Onların üzlərini gördüm; yorğun, amma azad, uşaqlarını qucaqlayırdılar, atalarını, ərlərini, qardaşlarını, bacılarını bir daha görməyəcəklərindən narahat idilər. Həyatlarının bu ən qaranlıq anında siz Polşa xalqı onların təhlükəsizliyin təmin etdiniz və onları qəbul etdiniz.

• Biz səy göstərəcəyik ki, Rusiya öz qəddarlığının əvəzini ödəsin. Biz tarixdə istənilən ölkəyə qarşı tətbiq edilən ən genişmiqyaslı sanksiyalar rejimini dəstəkləməyə davam edirik. Və bu həftə tərəfdaşlarımızla birlikdə daha çox sanksiyalar elan edəcəyik. Müharibəyə cavabdeh olanları məsuliyyətə cəlb edəcəyik. Biz rusiyalıların davam etdirdiyi hərbi cinayətlər və insanlığa qarşı cinayətlər üçün ədalət axtaracağıq.

• Qürur duyacağımız çox şey var, amma dürüst olmalıyıq. Müdafiə bir ilin işi deyil, bu, həmişə çətindir. Ukrayna özünü müdafiə etməyə davam edir və öz hücumlarına başlayır. Qarşıda çətin və acı günlər olacaq. Qələbələr və faciələr...

• Ancaq Ukraynanı hələ qarşıda döyüş gözləyir, ABŞ və tərəfdaşları onun arxasındadır və dəstəkləməyə davam edəcək.
 
• Gələn il biz dünyanın ən güclü müdafiə ittifaqı olan NATO-nun 75 illiyini qeyd edəcəyik. Qoy ABŞ-ın müttəfiqliyə sadiqliyinə heç bir şübhə olmasın. NATO Nizamnaməsinin 5-ci maddəsi sarsılmazdır. NATO-nun hər bir üzvü bunu bilir. Rusiya da bunu bilir. Birinə hücum hamıya hücumdur, bu, NATO ərazisinin hər qarışını müdafiə etmək üçün müqəddəs anddır.

Rəsul Rəsulov