Putin 123 ölkədə həbs oluna bilər

Putin 123 ölkədə həbs oluna bilər

18-03-2023 00:44 / Bu xəbər 1091 dəfə oxundu

Beynəlxalq Cinayət Məhkəməsi (Haaqa) Ukraynada törədilən müharibə cinayətlərinə görə Rusiya Prezidenti Vladimir Putinin həbsi barədə order verib.

Haaqa məhkəməsini onunla eyni şəhərdə (Lahey və ya bizdə bilinən adı ilə Haaqa) yerləşən BMT-nin Beynəlxalq Məhkəməsindən fərqləndirmək lazımdır.

Haaqa – Beynəlxalq Cinayət Məhkəməsi 1998-ci ildə imzalanmış Roma Statutu əsasında təsis edilərək 2002-ci ildə fəaliyyətə başlayıb.

Bu məhkəmənin qərarları yalnız Roma Statutuna qoşulmuş dövlətlər üçün keçərlidir.

Rusiya həmin sənədi imzalasa da, ratifikasiya etməyib. Ona görə də Putin haqqında qərar Rusiya tərəfindən tanınmır və icra olunmayacaq.

Roma Statutu iştirakçısı olmayan ölkələr də qərara əməl etmək məcburiyyətində deyil. Lakin Roma Statuna üzv olan 123 ölkədə bu qərar icra oluna bilər.

Bundan başqa, Roma Statutunu ratifikasiya edən dövlətlər başda olmaqla, ümumilikdə xarici tərəfdaşlar üçün Putinlə görüşmək, danışıqlar aparmaq asan olmayacaq.

Qərarın Çin liderinin Rusiyaya səfəri öncəsi çıxarılması da maraqlı detaldır.

Beynəlxalq Cinayət Məhkəməsinin qərarını Meydan TV-yə şərh edən hüquqşünas Fuad Ağayevin sözlərinə görə, Vladimir Putin bundan sonra 123 ölkəyə gedə bilməz: "Həmin ölkələr arasında postsovet məkanında Gürcüstan və Tacikistan da var, o cümlədən Venesuala da Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu imzalayıb. Beləliklə, Putin adıçəkilən ölkələrə getsə, onlar Rusiya Prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməlidirlər”.

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Rusiyanın Roma Statutunun iştirakçısı olmadığını deyib.

Fuad Ağayevin qənaətincə, Zaxarova bu iddiasında haqlıdır: "Rusiya illər əvvəl həmin sənədi imzalasa da, 2016-cı ildə təsdiqləməyib statutu rəhbər tutmayacağını bəyan etdi. Ona görə məhkəmənin qərarları Rusiya ərazisində işləmir. Amma bugünkü qərar çox ciddi hadisədir. Çünki Rusiya Prezidenti barəsində belə qərar verilib. Eyni zamanda, Rusiyanın Uşaq Hüquqları üzrə Müvəkkili Mariya Alekseevna Lvova-Belova haqda da eyni qərarı verib. Söhbət yüzlərlə ukraynalı uşağı Rusiyaya aparıb onların beyinlərinin pozulmasından gedir. Bu, XXI əsr üçün çox əxlaqsız hərəkətdir”.

2008-ci ildə Sudan Prezidenti Ömər əl-Bəşir haqqında da Darfur soyqırımına görə eyni məhkəmə tərəfindən həbs qərarı çıxarılmışdı. Lakin əl-Bəşir 2019-cu ilə qədər vəzifəsində qalmış və çevriliş nəticəsində hakimiyyətdən uzaqlaşdırılaraq həbs olunmuşdu.