Gömrük polkovnikləri necə azadlığa çıxdılar?

Gömrük polkovnikləri necə azadlığa çıxdılar?

10-03-2023 11:47 / Bu xəbər 924 dəfə oxundu

Rəşad Babayevin nazir Sahil Babayevin əmisi oğlu olduğu bildirilir

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) generallar da daxil olmaqla, gömrükçülərə qarşı əməliyyatları çərçivəsində həbs olunanlardan gömrük polkovnikləri Şükür Səfərov və Rəşad Babayev azadlığa buraxılıb. 

Külli miqdarda rüşvət ittihamıyla həbs olunub, bir neçə ay DTX-nın istintaq təcridxanasında saxlanılan bu polkovniklərin pul ödəyərək azadlıq əldə etdikləri bildirilir.

Məlumatı Meydan TV yayıb. 

Məlumata görə, Dövlət Gömrük Komitəsinin (DGK) Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin sabiq rəis müavini Rəşad Babayev və Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş İdarəsinin Yol vergiləri və icazə blanklarına nəzarət şöbəsinin keçmiş rəisi Şükür Səfərov cinayət işində müəyyənləşdirilmiş ziyanı – 300 min manata yaxın məbləği tam ödəyib. 

Bu əsasla da onların barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılmayıb və adları çəkilən polkovniklər təxminən bir ay əvvəl azadlığa buraxılıb.

Rəşad Babayev və Şükür Səfərov haqqında həbs qərarı 2022-ci il iyulun 1-də Səbail Rayon Məhkəməsində çıxarılıb. 

Onlar ölkə ərazisinə xüsusi icazə ilə daxil olan iriölçülü və ağırçəkili xarici yük maşınlarının sərhəddəki gömrük nəzarət postlarından buraxılması üçün sahiblərindən rüşvət almaqda ittiham olunurdu. 

Rəşad Babayev və Şükür Səfərova qarşı Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar külli miqdarda rüşvət alma) maddələri ilə ittiham irəli sürülmüşdü.


Rəşad Babayev və Şükür Səfərov.

Rəşad Babayevin əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevin əmisi oğlu olduğu bildirilir. 

O, bundan öncə DGK-da Maliyyə-Tarif və Valyuta Nəzarəti Baş İdarəsinin rəis müavini, Tovuz Gömrük İdarəsinin rəisi vəzifələrində çalışıb.

Onun qardaşı Ramiq Babayev də prokurorluq əməkdaşıdır.

Şükür Səfərov 2014-cü ildə Prezident İlham Əliyev tərəfindən "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.

DGK-nın yüksək vəzifəli şəxsləri ətrafında həbslər 2022-ci ilin iyununda başlamışdı. 

Əvvəlcə DGK yanında "Azərterminalkompleks” Birliyinin direktoru, general Ehtiram Xəlilov həbs olundu. Polkovniklər Rəşad Babayev və Şükür Səfərovdan sonra DGK-nın Əməliyyat-İstintaq Baş İdarəsinin rəisi, general Məsum Rəsulov və digərlərilə həbslər davam etdirildi.

Adları çəkilən gömrük generalları və digər vəzifəli şəxslərin özlərini təqsirli bilib-bilmədikləri, ittihamlara münasibəti məlum deyil.