Gültəkin Hacıbəyli ilə məhkəmələrdə çəkişən keçmiş həyat yoldaşına yeni vəzifə verildiyi deyilir

Gültəkin Hacıbəyli ilə məhkəmələrdə çəkişən keçmiş həyat yoldaşına yeni vəzifə verildiyi deyilir

10-03-2021 14:02 / Bu xəbər 2332 dəfə oxundu

Müxalifətçinin apelyasiya şikayətinə baxılacaq

Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü, keçmiş deputat Gültəkin Hacıbəylinin 17 yaşlı oğlu Toğrul Almaniya universitetinə qəbul olunsa da, gedib təhsil almasına imkan verilmir. 

Gültəkin Hacıbəyli bununla əlaqədar məhkəməyə üz tutub. Şikayətə martın 10-da Bakı Apelyasiya Məhkəməsində baxılacaq.

Bundan əvvəl fevralın 17-də keçirilən məhkəmə iclasında Gültəkin Hacıbəyli oğlunun ölkə xaricində universitetə qəbul olunduğunu təsdiqləyən sənədi təqdim edib. Amma hakim bunu yetərli saymayıb, bildirib ki, növbəti məhkəmə iclasına uşağın atası dəvət olunacaq, övladının ölkədən çıxışına icazə verib-verməməsi haqda rəyi öyrəniləcək.

Gültəkin Hacıbəyli məhkəməyə keçmiş həyat yoldaşı Mahmud Mehdiyevin 2014-cü ildə Nəsimi rayon İcra Şöbəsinə yazdığı ərizəni də məhkəməyə təqdim edib. Ərizənin məzmunu bundan ibarətdir ki, işlərinin çoxluğu ilə əlaqədar oğlu ilə görüşə bilmir. Ona görə də hər dəfə görüş vaxtı icra şöbəsinin əməkdaşlarının onunla əlaqə saxlamasına ehtiyac yoxdur. Görüşmək istəyəndə özü məlumat verəcək.

"Özü öz əli ilə yazıb ki, uşaqla görüşmək istəmir. Uşağın böyüməsində, tərbiyəsində, təhsilində onun heç bir rolu olmayıb. Belə bir atanın rəyi ilə uşağın təhsil hüququnu məhdudlaşdırmaq nə deməkdir? Bu, hüquqa qeyri-ciddi yanaşmadır. Çünki təhsil hüququ valideynin səlahiyyətində olan məsələ deyil. Valideyn bu hüququ məhdudlaşdıra bilməz. Üstəlik, uşaqla maraqlanmayan, ondan xəbəri olmayan valideyn...”, - Gültəkin Hacıbəyli bildirib.

O, "Uşaq hüquqları haqqında” qanunu yada salaraq bildirib ki, bu qanunun 5-ci maddəsi hər bir halda, uşağın mənafeyinin üstün tutulmasını diqtə edir.

17 yaşlı Toğrul 2011-ci ildən ölkədən çıxa bilmir. Onun atası Mahmud Mehdiyev uşağın ölkədən çıxışına razılıq məqsədilə keçmiş həyat yoldaşına verdiyi etibarnaməni ləğv etdirib. O, Gültəkin Hacıbəylinin oğlunu xaricə aparıb, ondan gizlətmək ehtimalıyla izah edir.

"Özü uşaqla görüşdən imtina edən birinin belə bir arqument irəli sürməsi absurddur. Ən əsası, normal ata uşağın təhsilini, gələcəyini düşünər”, - sabiq deputat isə belə deyir.

Gültəkin Hacıbəyli hesab edir ki, oğlunun təhsil hüququnun pozulması da onun siyasi fəaliyyəti, tənqidi çıxışlarına görə məruz qaldığı təzyiqlərin tərkib hissəsidir: "Hər kəsə aydındır ki, mənə qarşı qondarma 50 min dollarlıq məhkəmə iddiasından tutmuş, övladımın təhsil hüququnun pozulmasına qədər baş verən proseslərin arxasında dayanan hakimiyyətdir. Sadəcə, bunu bir ailənin əli ilə həyata keçirib, sonra da mükafatlandırırlar. Ananın siyasi fəaliyyətinə görə uşağı cəzalandırmaq isə faşizmdir”.

Mahmud Mehdiyev vaxtilə "prokurorluq əməkdaşına yaraşmayan hərəkətlərə görə” işdən çıxarılıb. 

O, 2012-ci ildə Gültəkin Hacıbəyliyə qarşı ittihamlar səsləndirib, mətbuat konfransı keçirdikdən bir sonra Xətai Rayon Prokurorluğuna müstəntiq vəzifəsinə təyin edilib.

Meydan TV-nin əldə etdiyi məlumata görə, bir müddət əvvəl Mahmud Mehdiyev vəzifədə bir qədər də irəli çəkilərək Baş Prokurorluqda şöbə prokuroru təyin edilib. Baş Prokurorluqdan bununla bağlı sorğuya cavab verilməyib.

Mahmud Mehdiyevin anası Nəhayət Məmmədova Gültəkin Hacıbəyliyə qarşı iddia qaldıraraq, 2003-cü ildə evini təmir etdirmək üçün ona 50 min dollar pul verdiyini bildirib. Ötən il məhkəmə keçmiş qayınananın bu iddiasını təmin edib. Bununla əlaqədar Gültəkin Hacıbəylinin avtomobili iki ildir ki, cərimə meydançasındadır. Avtomobillə yanaşı, evinin də üzərinə həbs qoyulub.

Gültəkin Hacıbəyli bu iddianın yalan olduğunu deyir: "O vaxt mən deputat idim, təmir etdirməyə pulum yox idi ki, təqaüdçüdən borc alırdım? Üstəlik, həmin vaxt biz onun oğlu ilə ayrılmışdıq, münasibətimiz yox idi. Necə olur ki, bu adam oğlu ilə boşanmış gəlinə pul verir ki, get, evini təmir etdir? Bəs niyə elə oğlu üçün ev almırdı o pula?”

Mahmud Mehdiyevin bacısı Aynurə Mehdiyeva 2013-cü ildə insan alverində ittiham edilərək, saxlanmışdı. O, saxlandıqdan bir gün sonra anası Nəhayət Məmmədova Gültəkin Hacıbəyliyə qarşı 50 min dollarlıq məhkəmə iddiasını qaldırmışdı. Sözügedən iddiaya baxılması bir müddət təxirə salınsa da, 2019-cu ildə proses yenidən bərpa edildi.

Aynurə Mehdiyeva istintaq və məhkəmə dövründə həbsdə olmadı. Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə şərti cəza verildi.