Həbib Müntəzir: "Oliqarx neftçi 3 hektarlıq ərazidə 5 imarət ucaldıb"

Həbib Müntəzir:

04-02-2021 18:45 / Bu xəbər 698 dəfə oxundu

"Yadınızdadırsa, bu yaxında SOCAR Tarif Şurasına tövsiyə etmişdi ki, qazın qiymətini qaldırsınlar. Tanış olun, Xəzər rayonu, Türkan qəsəbəsində SOCAR-ın 16 illik vitse-prezidenti Mikayıl İsmayılovun hasarlanmış iri sarayıdır". 

Bunu bloger Həbib Müntəzir yazıb.

O bildirib ki, Azərbaycan xalqının sərvəti sayılan neftin-qazın maqnatına çevrilən məmur milyonlar xərcləyərək Türkanda, Xəzərin sahilində bir neçə imarət ucaldıb: "6 metr hündürlüyündə hasarlanan, əraziyə heç kimin keçməsinə icazə verilmir. Hasarın dəniz tərəfində, 3 hektarlıq ərazidə, oliqarx neftçi, ailə üzvlərinin hamısı üçün 5 imarət ucaldıb. İmarətlərin hər birinə milyonlarla manat xərcləyən Mikayıl İsmayılov həmçinin dənizin bir hissəsini də həyətinə salıb. Villada həm yaxtalar üçün liman, həm tennis meydançası və hovuz da mövcuddur. Villanı oğlu Orxan İsmayılzadənin adına rəsmiləşdirib".

"Neft maqnatının villasını mühafizə edən dəstə Mikayıl İsmayılovun qardaşı, Pirallahı rayon Polis İdarəsinin rəisi Cümşüd İsmayılovun işçiləridir. Adı polisdə vəzifədə gedən bu şəxslər gecə-gündüz Mikayıl İsmayılovun villalarının qorunması ilə məşğuldur. Qorumalar üçün də ayrıca istirahət yeri mövcuddur", - bloger yazıb.

"Qeyd edim ki, bu Mikayılın sadəcə bir malikanəsidir. Onun Bakıda ən az 4 villası var, onları da zamanla yayımlayacağam. Paylaşın, İlham Əliyev deyir ki, xəbəri yoxdur, ictimai nəzarət lazımdır... Buyursunlar, ölçü götürsünlər xalqı talayanlardan... Google Maps: https://goo.gl/maps/7vEj52noUYais3yy8", - Müntəzir qeyd edib.