Həbsdə olan AXCP üzvü: "Sudan da imtina etmişəm"

Həbsdə olan AXCP üzvü:

07-08-2021 12:06 / Bu xəbər 1211 dəfə oxundu

Zamin Salayev: "Bunları dilə gətirdiyimə görə məhkəmədən sonra həyatıma təhlükə artacaq”

Xəzər Rayon Məhkəməsində Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan şöbəsinin üzvü, 1 il 4 aydır həbsdə olan Zamin Salayevin vaxtından əvvəl azadlığa buraxılmaq barədə ərizəsinə baxılıb. 

17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan cəbhəçi oradan məhkəməyə onlayn qaydada – video-konfransla qoşulub.

Hakim Əkrəm Qəhrəmanovun sədrliyilə keçirilən məhkəmə prosesində çıxış edən Zamin Salayev bildirib ki, o, avqustun 3-dən aclıq aksiyası keçirir. 

Avqustun 5-dən isə quru aclığa başlayıb, su da qəbul etmir: "Sudan da imtina etmişəm. Çünki burada mənim hüquqlarım pozulur. Mən burada çox bərbad, ölü vəziyyətindəyəm. Təhlükə altındayam”, - deyən Zamin Salayev vəkilindən xahiş edib ki, onun durumu haqda müvafiq dövlət strukturlarını məlumatlandırsın. AXCP fəalı vurğulayıb ki, əgər onunla bağlı hər hansı hadisə baş versə, buna görə məsuliyyət 17 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin üzərindədir: "Burada özbaşınalıq baş alıb gedir. İşgəncələr, rüşvətxorluq, adam döymə... "Kars”da bir nəfər başqa məhbus da aclıq edir. Bütün bunları dilə gətirdiyimə görə bu məhkəmədən sonra mənim həyatıma təhlükə daha da artacaq”.

Vaxtından əvvəl azadlığa buraxılma barədə ərizəsinə gəlincə, Zamin Salayev bildirib ki, o, siyasi mənsubiyyətinə görə sifarişlə həbs olunub.

Vəkil Elçin Sadıqov da müvəkkili haqqında hökmün əsassız olduğunu vurğulayıb. 

Müdafiəçi xatırladıb ki, Xamin Salayev Salyanda polis əməkdaşının şikayəti əsasında Cinayət Məcəlləsinin 147 (böhtan) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib: "Hökmü əsassız hesab edirik, apelyasiya və kassasiya şikayətləri vermişik. Düzdür, yuxarı instansiya məhkəmələri qüvvədə saxlayıb. İstənilən halda, bunlar zorakılıqla bağlı əməl hesab olunmur, onun cəmiyyət arasına çıxması heç bir təhlükə yaratmır”.

Vəkil əlavə edib ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyinin Zamin Salayev haqqında mənfi mülahizə qərəzlidir.

Müəssisənin rəisi də məhkəmə prosesinə qoşulub və Zamin Salayev haqqında mənfi rəyi müdafiə edib. Onun sözlərinə görə, rəy yetərincə əsaslıdır. Çünki o, penitensiar müəssisələrə gətirildiyi vaxtdan rejim qaydalarını pozmağa meylli olub, buna görə dəfələrlə inzibati tənbeh cəzası alıb: "Vaxtından əvvəl şərti azad edilməsi məqsədəmüvafiq hesab olunmur”.

Hakim təxminən yarım dəqiqəlik müşavirədən sonra ərizənin təmin olunmadığını elan edib.

Elçin Sadıqov bildirib ki, qərardan apelyasiya şikayəti veriləcək. Müdafiəçinin sözlərinə görə, müvəkkilinin durumunun ağır olması, onun aclıq etməsi haqda bir neçə gündür ailə üzvlərindən məlumat alsa da, gedib özüylə görüşüb, deyilənləri dəqiqləşdirə bilmir. Çünki Zamin Salayevlə görüşməyə icazə vermirlər. Elçin Sadıqov avqustun 3-də həm məhkəmə öncəsi məsləhətləşmələr, həm də Zamin Salayevin vəziyyəti barədə ailə üzvlərinin dediklərini aydınlaşdırmaqdan ötrü 17 saylı cəzaçəkmə müəssisəsinə getsə də, onunla görüşə buraxılmayıb: "Vəkil orderini, vəkil vəsiqəsini də təqdim etdim. Dedilər ki, Penitensiar Xidmətdən məktub gətirməliyəm. Amma qanunda belə bir şey yoxdur. Vəkili olduğumu sübut edən orderi təqdim edirəmsə, bu kifayətdir”.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Mehman Sadıqov bildirib ki, vəkillərin məhkumlarla görüşməsində heç vaxt problem olmur. Sadəcə, prosedur qaydalar var və onlara əməl olunmalıdır.

Zamin Salayev 2020-ci il aprelin 20-də Cinayət Məcəlləsinin 147.2 (ağır cinayətdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələrilə 2 il 3 ay azadlıqdan məhrum edilib. O, Salyan Rayon Polis İdarəsinin əməkdaşı Həmzə Əzizovun şikayəti əsasında cəzalandırılıb.

Zamin Salayev həbsindən bir müddət əvvəl sosial şəbəkələrdə adıçəkilən polis əməkdaşıyla mübahisəsinin videosunu yaymışdı. Həmin videoda cəbhəçi Həmzə Əzizovu rayonda yaşayan qadına qarşı təcavüzə görə ittiham edirdi.

Video yayılandan sonra Zamin Salayev inzibati qaydada 30 günlük həbs olundu. O, həmin vaxt saxlanılarkən işgəncəyə məruz qaldığını, nəticədə səhhətində ciddi problemlər yarandığını bəyan etmişdi.

İnzibati həbsdən sonra səhhətindəki problemlərlə əlaqədar əməliyyat olunmuşdu.

Daha sonra Həmzə Əzizov ona qarşı məhkəmədə xüsusi ittiham qaydasında iddia qaldıraraq, həbsini tələb etmişdi.

Videoda haqqında bəhs olunan qadın Həmzə Əzizova bıçaqla xəsarət yetirdiyinə görə 7 il azadlıqdan məhrum edilib. 

O, qarşı tərəfin ona qarşı zorakı hərəkətlərindən müdafiə olunmaq üçün onu vurduğunu bildirib. Polis əməkdaşı isə haqqında deyilənləri təkzib edib.///Meydan TV