Hərb və sülh
17-11-2022 23:21 / Bu xəbər 1566 dəfə oxundu
Ənnağı Hacıbəyli
Müharibə insanlığın əzəli və əbədi mövzularındandır. Ondan min illərdir yazırlar. Hələ çox yazılacaq. Əfqanıstan, İraq, Suriya, Qarabağ, nəhayət, Ukrayna hadisələri belə düşünməyə əsas verir.
İnsanlıq hələ də quzğun siyasətçilərin, alçaq və uzun boylu qansızların əlində əsirdir. Onu nə çağdaş liberal dəyərlər, nə mənəviyyat qanunları, nə də din xilas edə bilir.
Özəlliklə rusun baş keşişinin Putinin qəddar çıxışlarını təkrar edən müraciəti xilas gününün çox uzaqda olduğunun göstəricisi sayıla bilər.
Tolstoyu, başqa rus klassiklərini, bəzi çağdaş rus ziyalılarını oxuyanda adam qəribə hisslər keçirir. Putinizm nə oxuyur, hardan qaynaqlanır, kimə xidmət edir?
Rusiyanın təkcə tolstoyçulardan ibarət olmadığı bəlli. Onun bolşevizmi, kommunizmi, leninizmi-stalinizmi var. Amma hətta bunlar da qardaş xalqı – ukraynalıları bombalamağa, şəhər və kəndləri viran qoymağa əsas vermir.
"Hərb və sülh”dən danışırdım.
Tarixçilər, adətən, retrospektiv qiymətləndirmələrlə məşğul olurlar. Tarixdə şəxsiyyətin rolu da əbədi dartışılacaq mövzulardandır. Putinlərin meydana gəlməsində tarixçilərin də payı yox deyil.
"Tarixi hadisələrin izahını bir adamın iradəsində axtaran bütün tarixçilər nəzərə almırlar ki, müharibə oyunu nə qədər mürəkkəbdir və burada hər şey insan iradəsindən asılı olmayan müxtəlif vəziyyətlərin saysız-hesabsız toqquşmasından meydana gəlir”. Amma müharibə qərarı adətən bir adamın iradəsi ilə verilir.
Tolstoyun hökmləri də mübahisəsiz deyil, lakin onun böyüklüyünü mübahisələndirmək ciddi söhbət sayıla bilməz.
Müharibənin təsvirlərində olan ustalıq onu çox tarixçidən yüksəyə qaldırır. Austerlits, Borodino döyüşlərinin, Moskvanın təslim edilməsinin təsvirlərində o, sadəcə rus yazıçısı deyil, nəhəng qələm sahibi, böyük humanist və obyektiv təsvir ustasıdır.
Napoleona münasibətində o, vətəni işğal olunmuş vətəndaşdan çox obyektiv təsvirçidir. Çünki o, psevdo patriotizmdən çox yüksəkdə dayanan dahi şəxsiyyətdir. O həm də rusdur.
Moskvanın işğalı onun mənliyinin, heysiyyətinin işğalıdır: "Hər bir rus Moskvaya baxanda onun ana olduğunu hiss edir, lakin hər bir əcnəbi ona baxanda və onun ana olduğunu hiss etməyəndə bu şəhərin qadın gözəlliyini duymalıdır, Napoleon da bunu duyurdu”.
"Düşmənin tutduğu şəhər bəkarətini itirmiş qıza oxşayır”.
Bu, Şuşaya da, Donetskə də, Luqanska da aiddir. Çağdaş psevdonapoleonlar xalqların namusuna toxunmaqda davam edirlər. Üstəlik, sələfləri kimi guya sifətlərini saxlamaq üçün əməllərinə haqq qazandırmaq cəhdlərindən də əl çəkmirlər: "Mən müharibə istəmirəm, mən ancaq sizin sarayın riyakar siyasəti ilə mübarizə aparıram”.
"Mən qardaş ukrayna xalqına qarşı deyil, neonasizmə qarşı mübarizə aparıram”.
"Boyarları yığıb qalibiyyət nitqi söyləmək istəyən Napoleon "ölən və ana arısı olmayan pətək kimi boş Moskva” ilə qarşılaşır. Pətəkdə həyat var, lakin diqqətlə baxdıqda aydın olur ki, bu pətəkdə artıq həyat yoxdur”.
Ukraynanın bombalanmış şəhərləri kimi... Dağıdılmış binalarda həyat yoxdur, amma ukrayna xalqı var, yaşayır, mübarizə aparır və mütləq qalib gələcək.
Napoleon boş Moskvaya daxil olur. Bütün Avropanı, Asiya və Afrikanın bir hissəsini işğal edib yüz minlərlə insanı qanına qəltan eləmiş, uşaqları yetim qoymuş, ölkələri viran etmiş məxluq düşünür ki, ruslar heç olmasa zahiri ədəb qaydalarına görə onu qarşılamağa nümayəndə heyəti göndərməli idi.
Zahiri ədəb qaydalarını isə fransızlar özləri qovub Moskvadan çıxarmışdılar...
Tiranları yırtıcı heyvanlarla müqayisə etməyin. Onlar heç vaxt əməllərinə bəzək vurmurlar. Bu, ancaq insan təbiətinə xas vəhşilikdir. Ən şüurlu varlıq olan insana.
Napoleon Parisə yazdığı məktubda qeyd edirdi ki, döyüş meydanı çox gözəl idi, orada 50 min meyit var idi.
Müqəddəs Yelena adasında yazdığı memuarda isə onun təsvir etdiyi statistika sadəcə insanlığa qarşı cinayətlərin manyakal təsviridir: "Rus müharibəsi Fransanın özü üçün 50 min adamdan da az tələfatla başa gəldi. Moskvanın yanması nəticəsində meşələrdə acından və dilənçilikdən 100 min adam tələf oldu”.
Vislanı 400 min adamla keçən Napoleon üçün avstriyalı, prussiyalı, alman, polyak, italyan, ispanların ölməsi itki deyildi. Onun başı Fransaya "əzəmət və şöhrət gətirməyə” qarışmışdı. Belə böyük məqsəd qarşısında yüz minlərin ölümü nədir ki?! Üstəlik, hamı bilir ki, böyük məqsədlər hər cür vasitələrə haqq qazandırır – antik dövrdə də belə idi, indi də belədir, nə qədər ki, insan vasitədir, belə də olacaq.
Səksən mindən çox gənci qardaş Ukrayna torpağında mənasız qırğına vermiş Putin üçün də bu rəqəm bir az qəmli statistikadan başqa bir şey deyil. Başlıcası Rusiyanın geopolitik maraqlarının təmin edilməsidir. Artıq illüziyaya çevrilməkdə olan bu maraqlar hər cür itkilərə haqq qazandırır.
"İnsan ölümsüzlüyü gözləmək üçün yaradılıb” – döyüş ərəfəsində Tolstoyun qəhrəmanları böyük alman mütəfəkkiri İ. Gerderin bu kəlamını dartışırlar. Fransızların hücumu mübahisəni yarımçıq qoyur. Ölümsüzlüyü gözləmək üçün yaradılan insanlar ölüm-dirim savaşına başlayırlar.
Bu hökmə çox tərəfdən baxmaq olar. Döyüş meydanında düşmənlə üz-üzə dayanmış əsgər ölümsüzlük barədə deyil, daha çox yaşamaq barədə düşünür. Cəbhə xəttinin əks tərəflərində dayanmış əsgərlərin bu hökmə münasibəti də əks istiqamətlərdədir.
Vətəni müdafiə edən əsgər üçün ölümsüzlük dəyərdir, taledir, fəxarətdir, gerçəklikdir. Cəbhənin o tayında dayanan işğalçı üçün başqa dəyərlər var. Onların da arasında fanatiklər, komandanına sədaqəti ölümsüzlüklə eyniləşdirənlər olur. Amma bu ölümsüzlüklərin mahiyyəti və dəyəri eynidirmi? Sırf insan taleyi baxımından, bəli. Lakin kimin hansı dəyərlər üçün öldüyünü düşünəndə fərq görməmək mümkün deyil.
Bir də ölümsüzlüyə müharibə qərarı verənlərin gözü ilə baxmaq olar. Burda da fərqlər var. Döyüş meydanında qan içində can verən gəncləri görəndə Kutuzov da, Napoleon da ağlayır.
Onların göz yaşlarını eyniləşdirə bilirsinizmi? Bu an onların hər ikisi səmimidir, hər ikisi müharibənin pis bir şey olduğunu anlayır və etiraf edirlər. Amma bu etirafların da dəyəri, motivi sonucları eyni deyil.
Vətəndə ölən vətən üçün ölsə də, vətən təkcə ölmək üçün deyil. Vətən həm də yaşamaq üçündür.
Gerçək Vətən məhz yaşamaq üçün olan Vətəndir.