"Hikmət Hacızadə müasir Azərbaycan liberalizminin atası idi"

20-11-2020 15:47 / Bu xəbər 1351 dəfə oxundu

"Azərbaycan xalqına ağır itki üz verib. Tanınmış ziyalılarımızdan biri, Milli Azadlıq Hərəkatının öncüllərindən və Azərbaycanın Rusiyada səfiri olmuş Hikmət Hacızadə vəfat edib".

Bunu Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli Hikmət Hacızadənin vəfatına münasibət bildirərkən feysbuk hesabında yazıb.
 
"Hikmət bəy öz intellekti ilə xalqımıza hələ çox fayda verəcəkdi"
 

O bildirib ki, Hikmət Hacızadə əqidəli demokrat kimi tanınıb: "Ölkəmizin demokratikləşməsi uğrunda son günlərinə qədər yorulmadan çalışıb. Hikmət bəy təkcə yazdığı kitabları və yazıları ilə deyil, həm də şəxsi nümunəsilə soydaşlarımızı azad və tənqidi düşüncəyə, demokratiya və insan hüquqlarına hörməti həyat tərzinə çevirməyə çağırırdı. Hikmət bəy öz intellekti ilə xalqımıza hələ çox fayda verəcəkdi, təəssüf ki, ağır xəstəlik onu sıralarımızdan tez apardı. Allah Hikmət bəyə rəhmət eləsin, yaxınlarına, doğmalarına səbr versin. Demokratik ictimaiyyətin və bütövlükdə xalqımızın başı sağ olsun".
 
"Birinciləri aydınladıb, ikincilərlə təkbaşına savaşa ilk başlayan Hikmət Hacızadə idi"

Hazırda Çexiyada yaşayan jurnalist Rövşən Əliyev Hikmət Hacızadənin şəxsiyyətini belə xarakterizə edib: "Liberalizmi maymaqlıq, mövqesizlik, cəsarətsizlik kimi anlayan böyük bir kütlə var. Bu yanlış və böhtanın geniş yayılmasına çalışıb ondan faydalanan nə qədər siyasətçi, fürsətçi var. Birinciləri aydınladıb, ikincilərlə təkbaşına savaşa ilk başlayan Hikmət Hacızadə idi. 1988-1992-ci illərin ab-havasını görənlər bunun necə böyük bir cəsarət olduğunu bilərlər. Qəhrəmanlıq sözünü işlətmirəm, çünki, siyasi meydandakı qəhrəmanlar, bir qayda olaraq, gözə kül üfürənlərdir. 1991-də universiteti bitirdim, 1992-nin ortalarına qədər ikinci universiteti keçdim. Bu universitet tək bir adamdan ibarət idi.  Hikmət Hacızadədən. Onunla bir redaksiyada işləmək ləzzət idi..."

"Millətçilərlə savaşı bir aləm idi, duzlu zarafatları başqa aləm idi... Opponentlərinin Hikmət bəy qarşısında arqumentləri bitəndə onun rusdilli olmasına ilişiridlər. Ancaq indiyəcən azərbaycandilli ədiblərin onun azərbacaycanca yazdığı bir parodiyaya bərabər əsər yazdğını görməmişəm. Bu səhərin bəd xəbərinin acısı zamanla gedəcək, Hikmət bəyin işlərinin şahidi olmağın şirinliyi əsla", - jurnalist qeyd edib. 
 
"Şəxsən mənim siyasi dünyagörüşümün formalaşmasında Hikmət bəyin əsərlərinin əvəzsiz rolu var"

Müsavat Partiyasının üzvü, tarixçi Yadigar Sadıqlı da Hikmət Hacızdə ilə fikirlərini bölüşüb. 

Bu barədə Sadıqlı feysbuk hesabında yazıb: "O zaman çoxları elə düşünürdü ki, kommunizmin, sovetin əleyhinə olan adam avtomatik demokratdır. Elə indi də hakimiyyətin əleyhinə olan, amma öz liderinin ölənəcən prezident olmasını arzulayan xeyli "demokratlar" var". 

"Hikmət Hacızadə isə həqiqi demokratiyanın, xüsusən də liberal demokratiyanın nə olduğunu Azərbaycan cəmiyyətinə izah edən ilk insan idi. O, demokratik düşəgənin, həqiqətən, demokrat olan insanlarından idi. Bəyin "Demokratiya haqqında 150 000 işarə", "Demokratiya - gediləsi uzun yol", "ABŞ demokratiyasının əsas mətnləri" kitablari  Azərbaycanda demokratiyanı öyrənmək istəyənlər üçün hələ uzun müddət əsas mənbələr olacaq. Şəxsən mənim siyasi dünyagörüşümün formalaşmasında Hikmət bəyin əsərlərinin əvəzsiz rolu var", - o bildirib. 
 
"Rus ordusu qayıtdı, Milli hökumətin Rusiya səfiri isə bir dəfələrlik gözünü həyata yumub getdi"

Hüquqşünas Xalid Bağırov isə Hikmət Hacızadəni müasir Azərbaycan liberalizminin atası adlandırıb: "1 illik Milli hökumətin çox az uğuru var idi. Onlardan əsasi rus ordusunu ölkə ərazisindən çıxartmaq idi"

"Rus ordusu 10 gün öncə yenidən qayıtdı. Milli hökumətin Rusiya səfiri isə bir dəfələrlik gözünü həyata yumub getdi. Hikmət Hacızadə mənim üçün müasir Azərbaycan liberalizminin atası idi", - Xalid Bağırov vurğulayıb. 

Azərbaycanın 1992-1993-cü illərdə Rusiyada səfiri olmuş Hikmət Hacızadə noyabrın 20-də vəfat edib.

Bu barədə Hikmət Hacızadənin oğlu Adnan Hacızadə məlumat yayıb.

Adnan Hacızadə atasının bu gün Yasamal qəbiristanlığında dəfn olunacağını bildirib.

Onun bir neçə gün öncə insult keçirdiyi deyilirdi.

Hikmət Hacızadə 1954-cü ildə Bakıda doğulub. 

1977-ci ildə ADU-nun fizika fakültəsini bitirib, Moskvada fizika-riyaziyyat elmləri namizədi adını almaq üçün dissertasiya müdafiə edib.

O, 1989-cu ildə təsis olunan Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından, birinci İdarə Heyətinin üzvü, AXC-nin "Svoboda" qəzetinin redaktoru olub.

Hikmət Hacızadə Xalq Cəbhəsinin hakimiyyəti dövründə Baş nazirin müavini və Azərbaycanın Rusiyada səfiri vəzifəsini daşıyıb.

Hikmət Hacızadə 1993-cü ildən Müsavat Partiyasının və onun Divanının üzvü olub. Demokratiya və İnsan haqları barəsində biliklərin ayılması ilə məşğul olan İqtisadi və Siyasi Araşdırmalar Mərkəzinin (FAR-Centre) qurucusu və vitse-prezidenti idi.

Demokratiya problemlərinə həsr olunmuş Azərbaycanda ilk esse olan "Demokratiya haqqında 150 000 işarə" kitabını 1995-ci ildə nəşr etdirib. 

"İnsan Haqları - bəşəriyyətin əsas ideyası" (1997), "Demokratiya: Gediləsi uzun bir yol" (Demokratiya Antalogiyası) və başqa kitabların müəllifidir.