İlham Əliyev Brüssel görüşü il bağlı Putinə zəng edib

İlham Əliyev Brüssel görüşü il bağlı Putinə zəng edib

09-04-2022 21:04 / Bu xəbər 4987 dəfə oxundu

Azərbaycanın Prezidenti İlham Əliyev aprelin 9-da Rusiyanın Prezidenti Vladimir Putinə zəng edib.

Söhbət əsnasında Ermənistan və Azərbaycan arasında postmünaqişə dövründə münasibətlərin normallaşdırılması məsələlərinə və aprelin 6-da Brüsseldə keçirilən görüşə dair fikir mübadiləsi aparılıb.

Bu barədə president.az məlumat yayıb.

Bildirilib ki, İlham Əliyev Vladimir Putinə dövlətlərarası münasibətlərin qurulması üçün beş prinsipdən ibarət təqdim etdiyi sənədi xatırladıb və deyib ki, Ermənistan həmin sənədi qəbul edib: "Telefon danışığı zamanı Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin hazırlanması üzrə işçi qrupunun yaradılması, sərhədlərin delimitasiyası üzrə komissiyanın təsis edilməsi, həmçinin nəqliyyat məsələləri üzrə Azərbaycan, Rusiya və Ermənistanın iştirak etdiyi işçi qrupunun fəaliyyəti və bu çərçivədə növbəti təmaslar barədə söhbət aparılıb”.

Aprelin 7-də İlham Əliyev Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana da zəng etmişdi. Onların Brüssel görüşünü müzakirə etdikləri qeyd olunurdu.

İ.Əliyevin Azərbaycanın təqdim etdiyi baza prinsipləri, o cümlədən ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarından imtina edilməsi daxil olmaq şərti ilə sülh müqaviləsinin hazırlanması üzrə Ermənistan və Azərbaycan arasında işçi qrupunun yaradılması, həmçinin sərhədlərin delimitasiyası üzrə kommissiyanın təsis edilməsi barədə əldə olunmuş qərarlar barədə danışıb.
 
Xatırlatma

Ermənistanla Azərbaycan arasında sonuncu 44 günlük silahlı münaqişə 2020-ci il noyabrın 10-da qüvvəyə minmiş tam atəşkəs haqqında razılaşma ilə başa çatıb.

Dağlıq Qarabağ və ətraf bölgələrdəki münaqişənin tarixi isə 1988-ci ilə dayanır.

90-cı illərdə Azərbaycan-Ermənistan arasındakı ilk müharibə və sonrakı dövrlərdə Azərbaycan tərəf daim Ermənistanı mədəni abidələrin məhv edilməsində günahlandırıb.

2020-ci ildə baş verən ikinci müharibədən sonra isə Azərbaycan Ermənistanı şəhərləri, kəndləri, qəbristanlıqları yer üzündən silməkdə ittiham edib.