İnam Kərimovun çadır və kartric "camaşırxanası"

İnam Kərimovun çadır və kartric

24-08-2021 11:16 / Bu xəbər 1484 dəfə oxundu

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC yeni tender əməliyyatı həyata keçirib.

Tenderin qalibi "Evm Group” MMC olub.

Bildirilir ki, məqsəd kənd təsərrüfatı və ərzaq məhsullarının satış yarmarkalarında çadırın quraşdırılması, bir məntəqədən digər məntəqəyə daşınması, sökülməsi, mütəmadi kimyəvi təmizlənməsi, yuyulması, karkas-tent konstruksiyasının təmir və bərpa işlərinin satınalınmasıdır.

Bu məqsədlə şirkətin balansında 750 75.56 manat köçürülüb. Artıq KTN rəhbəri İnam Kərimov və onun nəzarətində olan ASC olmayan yarmarkaların təşkili, çadırların quraşdırılması adı ilə yeni maxinasiya əməliyyatları həyata keçirir.

"Bu müsabiqədən də görmək olar ki, yarmarka yoxdur, amma çadır qurmaq, sökmək üçün 750 mindən yuxarı vəsait xərclənir", - məlumatda belə deyilir. 

Müqavilə imzalanan "EVM Group” MMC-nin külli miqdarda vergi borcu var. Hazırda isə "EMV Group” MMC-nin 2473.37 AZN vergi borcu var.

Satınalmalar haqqında mövcud qanunvericilik vergi öhdəliklərinə əməl etməyən hüquqi və fiziki şəxslərin tenderlərdə iştirak etməsini qadağan edir.

Büdcə pullarını indiki vəziyyətdə yenidən MMC-lərin, korrupsioner məmurların "yem”i olmasından xilas etmək zaman-zaman gündəmə gəlib, amma hələ ki mümkün olmur.

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan "Aqrar Tədarük və Təchizat” ASC uşaq bağçalarına kilosu 50 qəpiyə olan xiyarı kiloqramı 4 manatdan satması ilə gündəmə gəlmişdi.

Bundan başqa, ASC 138 738.5 manatlıq printer kartrici almışdı. Sual olunur ki, əgər ASC ayrıca mətbəə açmayıbsa və sirr deyilsə, neçə printer üçün hansı model və neçə ədəd kartric alınıb? 

Kənd Təsərrüfatı Nazirliyi  hələ də bu suallara cavab verməyib.