İqtisadçı: "İşsizlərin sığortasına ayrılacaq vəsait azalacaq"

İqtisadçı:

15-11-2021 19:21 / Bu xəbər 566 dəfə oxundu

"Sığorta Fondunun vəsaitləri artırılsa da, işsizlər yenə taleyin ümidinə buraxılıb”

İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcəsinin gəlirləri də, xərci də 180 milyon 375 min 536 manat məbləğində təsdiq edilib.

Bu barədə Fondun 2022-ci il büdcəsi haqqında qanun layihəsində bildirilir. Qanun 2022-ci il yanvarın 1-də qüvvəyə minəcək.

İqtisadçı Qubad İbadoğlu deyir ki, gələn il üçün İşsizlərin Sığorta Fondunun vəsaitləri artırılsa da, işsizlərin sığortasına ayrılacaq vəsait azalacaq. 

Məsələn, 2022-ci il üçün Fondun gəlirləri 23 milyon manatadək artırılıb, 180 milyon manata çatdırılması nəzərdə tutulsa da, ondan işizlərin faydalanması imkanları məhdud olacaq: "İşsizliyə görə sığorta ödənişləri 2020-ci ildə 10 milyon manat nəzərdə tutulsa da, onun 1,9 milyon manatı xərclənib. 2021-ci ildə 13 milyon manat nəzərdə tutulsa da, onun 8,5 milyon manatının xərclənməsi gözlənilir”.

İqtisadçı əlavə edir ki, 2022-ci ildə işsizliyə görə sığorta ödənişləri üzrə təyinat 8,5 mln. manat proqnozlaşdırılır ki, bu da bütövlükdə Fondun xərclərinin 4,7 faizini təşkil edir: "Təqdim edilmiş məlumata əsasən, bu Fonddan 2020-ci ildə 5951 nəfər işsizə cəmi 1,9 mln. manat, cari ilin 9 ayında 10534 nəfərə, ilin sonunadək 3,1 mln. manat vəsaitin sərf edilməsi gözlənilir. Halbuki rəsmi rəqəmlərdə işizlərin sayının yüz minlərlə, qeyri-rəsmi hesablamalarda isə milyonlarla olduğu açıqlanır”.

Qubad İbadoğlunun sözlərinə görə, işsizliyə görə sığorta ödənişinin adambaşına düşən orta aylıq məbləği 2020-ci ildə 319,2 manat, cari ildə isə 340,5 manat olub: "Göründüyü kimi, işsizlər yenə də taleyin ümidinə buraxılıb. Onların adı ilə yığılan və formalaşdırılan Fondun heç 5 faizi də işsizlərə sığorta üçün xərclənmir”.

İqtisadçı deyir ki, İşsizlikdən Sığorta Fondunun 2022-ci il büdcə layihəsinə Hesablama Palatası rəy verib. Həmin rəydən bəlli olur ki, 2022-ci ildə büdcədən maliyyələşən təşkilatlarda işləyənlərin əməkhaqqı fondu bu illə müqayisədə 1187,3 mln. manat və ya 22,5 faiz artırılması nəzərdə tutulur: "Bu, o deməkdir ki, gələn il həmin təşkilatlarda çalışanların maaşları 10-20 faiz intervalında artırılacaq. Bundan daha çox pay götürən icra və qanunvericilik hakimiyyəti, hüquq-mühafizə, məhkəmə, prokurorluq, müdafiə və milli təhlükəsizlik orqanları olacaq. Bununla yanaşı, təhsil və səhiyyə işçilərinin də əmək haqlarının artımı gözlənilir”.

Beləliklə, iqtisadçı əlavə edir ki, bu ilin sonuna orta aylıq əməkhaqqı 742,8 manat, gələn ilin sonuna isə 807,3 manata çatacağı proqnozlaşdırılır. Hazırda isə büdcədən maliyyələşən təhsil, səhiyyə və sosial xidmətlərdə orta aylıq əməkhaqqı səviyyəsi respublika üzrə orta aylıq əmək haqqından aşağıdır: "Büdcənin əməkhaqqı fondunun artırılması nəticəsində gələn il sığorta gəlirləri 1677,4 mln. manat, cari ilə nisbətən 331,9 mln. manat və ya 24,7 faiz çox olması proqnozlaşdırılır. Bunun müqabilində də gələn ilin dövlət büdcəsindən sosial müdafiə fonduna transfert 2021-ci ilin gözlənilən icrası ilə müqayisədə 159,2 milyon manat azaldılıb. Nəticədə də pensiyaların artırılması imkanları məhdudlaşdırılıb. Gözlənilir ki, gələn il pensiyalar fevral ayında 5 faiz ətrafında indeksləşdirilsin”.

Prezident İlham Əliyevin oktyabrın 16-da "Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. Həmin sərəncamda bildirilir ki, ölkədə insanlara verilən sosial ödənişlər artsın. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildirir ki, artım 1 milyonadək işçinin maaşına, pensiya və sosial müavinət artımı isə 450 min şəxsin sosial ödənişinin artırılmasına imkan verəcək. Təqribən 130 minədək tələbənin təqaüdündə artım olacaq: "Sosial ödəniş artımı həmçinin, aztəminatlı əhali kateqoriyasına aid ailələri də əhatə edəcək. Ümumilikdə 1 milyon 800 min vətəndaşı əhatə edəcək”.

Ancaq hələlik, artımın nə qədər olacağı açıqlanmır. Ekspertlər düşünürlər ki, artım son zamanlar Azərbaycanda sürətlə gedən ərzaq, rüsum və s. xidmətlərin qiymətlərinin bahalaşması ilə bağlıdır.

Ən son oktyabrın 16-da Azərbaycanda qaz və işığın qiyməti yenidən qaldırılıb.

Qiymət bahalaşması ilə bağlı qərarı Tarif Şurası qəbul edib. Şura qiymət artımını müxtəlif məsələlərlə əsaslandırıb. Üstəlik, son bir ildə Azərbaycanda ərzaq məhsullarının qiymətlərində də kəskin artım olub.

Ekspertlərin Dövlət Statistika Komitəsinin (DSK) yaydığı məlumatlar əsasında gəldiyi nəticəyə görə, ərzaq məhsulları 50-80 faiz aralığında bahalaşıb.