İranın rəsmi agentliyi: İlham Əliyev Tehrana dəvət edilib, amma...

İranın rəsmi agentliyi: İlham Əliyev Tehrana dəvət edilib, amma...

03-11-2022 15:34 / Bu xəbər 834 dəfə oxundu

İran rəsmi olaraq Azərbaycan Prezidenti İlham Əliyevi Tehrana səfərə dəvət edib, lakin Bakı hələ də dəvəti qəbul etməyib.

Bu barədə İran İslam Respublikasının rəsmi dövlət agentliyi IRNA məlumat yayıb. 

Xəbərdə bildirilir ki, rəsmi Bakı Ermənistanın Baş naziri Nikol Paşinyanın bu ölkəyə səfərinə "əsəbi reaksiya verib" və son dövrlərdə Tehrana qarşı ittihamlarını sərtləşdirib.

IRNA-nın xəbərində həmçinin qeyd olunur ki, iki ölkə arasında baş verən soyuqlaşmadan sonra Bakı İrana bağlı olduğu deyilən silahlı qrupun üzvlərini saxlayıb. 

IRNA rəsmi Tehranın Bakının ittihamlarını rədd etdiyini xatırladıb. 

Bakı ilə Tehran arasında münasibətlərinin gərginləşməsi fonunda noyabrın 2-də Azərbaycan Respublikasının cənub sərhədlərinə yaxın ərazilərdə Xüsusi Təyinatlı Qüvvələrin hərbi hissələrinin təlimi başlayıb.

Müdafiə Nazirliyindən verilən məlumata görə, təlimlər 2022-ci il üçün döyüş hazırlığı planına əsasən keçirilir. 

Bildirilir ki, təlimlər Xüsusi Təyinatlı Qüvvələrin komandanı general-leytenant Hikmət Mirzəyevin rəhbərliyi ilə baş tutur.

"Hərbi Hava Qüvvələrinin, Raket və Artilleriya Qoşunlarının təlimə cəlb olunan hissə və bölmələri müvafiq olaraq təyin edilmiş aerodromlara və rayonlara cəmləşdirilib", - deyə məlumatda qeyd olunub. 

Oktyabr ayında isə İran hərbçiləri Azərbaycan Respublikası ilə sərhəddə, Araz çayı yaxınlığında genişmiqyaslı hərbi təlimlər keçmişdilər.