"İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" bəyanat yayıb

16-05-2022 11:26 / Bu xəbər 3688 dəfə oxundu

DİN iddiaları təkzib edir 

"Xüsusi amansızlıqla aksiyanın dağıdılması onu göstərir ki, Azərbaycan sürətlə Şimali Koreyaya çevrilməkdədir". 

Bu fikirlər "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin mayın 14-də Bakının Fəvvarələr meydanında keçirilən "Kriminal dövlət istəmirik!" adlı aksiya ilə bağlı bəyanatında yer alıb. 

Mərkəz bildirir ki, hüquq müdafiəçilərinin, jurnalistlərin və polis tərəfindən zaman-zaman sifarişli işgəncələrə məruz qalan ictimai fəalların təşkilatçılığı ilə "Kriminal dövlət istəmirik!", "Öldürmə ədaləti, dayandır cinayəti!" şüarı ilə keçirilən etiraz aksiyası daxili işlər nazirinin göstərişi ilə xüsusi amansızlıqla və bəzi iştirakçılara qəsdən xəsarətlər yetirməklə dağıdılıb. 

Bəyanatda qeyd olunur ki, hüquq müdafiəçiləri isə daha amansızlıqla aksiya yerindən kənarlaşdırılmış, "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi"nin sədri Fikrət Cəfərli şəxsən generalın tapşırığı ilə qeyri-insani rəftara məruz qalaraq 8-ci Polis Bölməsində 2 saat saxlanılıb: "Digər hüquq müdafiəçisi, "Müdafiə Xətti" insan hüquqları təşkilatının həmtəsisçisi Zaur Əkbərə isə xüsusi amansızlıqla qəsdən bədən xəsarəti yetirilib və oda eyni polis bölməsində saxlanılıb. 100-lə aksiya iştirakçısı müxtəlif zorakılıqlara, qeyri-insani rəftara məruz qalmaqla müxtəlif polis bölmələrin də saxlanılıb". 

""İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq polisin xüsusi amansızlıq göstərməməsi, vətəndaşların Konstitusiya qanununa əsasən sərbəst toplaşma hüququna hörmətlə yanaşmalı olduğunu daxili işlər naziri Vilayət Eyvazova müraciət edərək diqqətinə çatdırmışdıq. Görünür, Mərkəzin müraciəti nazir Vilayət Eyvazovu qıcıqlandırmış və aksiya başlamamışdan əvvəl müraciət müəllifinə xüsusi "davranış" nümayiş etdirilməsini göstəriş veribmiş. Belə çıxır ki, polisin davranışı ilə bağlı müraciətləri daxili işlər nazirinə yox, kənd təsərrüfatı nazirinə ünvanlamaq lazımıymış", - deyə bəyanatda bildirilir.

Bütün baş verənləri nəzərə alan "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" aksiyadakı zorakılıqları pisləyir: "Aksiya başlamamışdan əvvəl "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" nin sədri Fikrət Cəfərlinin Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidovla danışması və aksiyada monitorinq arapacağını bildirməsidə polis tərəfindən qeyri-insani rəftara məruz qalmasında da rolu olub. "İşgəncələr Əleyhinə Araşdırmalar Mərkəzi" olaraq polis tərəfindən aksiyanın xüsusi amansızlıqla dağıdılmasını qətiyyətlə pisləyirik, zorakılıq nümayiş etdirən polis əməkdaşlarının cəzalandırılmasını tələb edirik".

Daxili İşlər Nazirliyi isə iddiaları qəbul etməyib və aksiyada təzyiqlərin olmadığını bildirib.

Qurumun açıqlamasında qeyd olunur ki, bir qrup şəxs Səbail rayonundakı Fəvvarələr meydanında aksiya keçirib, bəyanat oxunuşu ilə başa çatan aksiyada saxlanılan olmayıb.