Kəmaləddin Qafarovun dairəsində nəticələrin ləğvi tələb olundu - Bəyanat

Kəmaləddin Qafarovun dairəsində nəticələrin ləğvi tələb olundu - Bəyanat

13-02-2020 12:21 / Bu xəbər 1653 dəfə oxundu

9 fevral 2020-ci ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən növbədənkənar seçkilərdə 9 saylı Binəqədi ikinci seçki dairəsindən qeydə alınmış 7 namizəd seçki saxtakarlığına etiraz əlaməti olaraq birgə bəyanat imzalayıb.

Bəyanatı Elşad Musayev, Günel Səfərova, Nemət Kərimli, Ülvi Həsənov, Rəşad Rzayev, Əpoş Vəliyev və Elnur Qasımov imzalayıb.

Namizədlər 9 saylı Binəqədi ikinci seçki dairəsində nəticələrin ləğv edilməsini tələb edirlər: "9 saylı Binəqədi ikinci seçki dairəsindən 9 fevral 2020-ci il Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilər üzrə qeydə alınmış namizədlər olaraq seçki günü aktiv müşahidə etdiyimiz ciddi qanun pozuntuları, karusellər, topa şəkildə bülletenlərin seçki qutularına atılması, müşahidəçilərin seçkini izləmək imkanlarının məhdudlaşdırılması, müşahidəçilərə təzyiq göstərilməsi, səsvermə hüququ olmayan şəxslərin kütləvi surətdə mənzil istismar sahələrindən alınan saxta arayışlar əsasında səsvermədə iştirakı, bülletenlərin sayılmadı prosesindən müşahidəçilərin kənarlaşdırılması və protokolların surətlərinin seçki qanunvericiliyinə uyğun olaraq verilməməsi halları tərəfimizdən aşkar olunmuşdur".

"Yuxarıda göstərilənləri nəzərə alaraq, 9 saylı Binəqədi ikinci seçki dairəsində total saxtakarlıq və qanun pozuntuları şəraitində keçirilən seçkilərin seçicilərin iradəsinin nəzərə alınmadığını qeyd etməklə seçkilərin nəticələrini rəsmi qaydada tanımadığımızı bəyan edir və yeni seçki keçirilməsini tələb edirik", - deyə bəyanat müəllifləri bildiriblər. 

Qeyd edək ki, 9 saylı Binəqədi ikinci seçki dairəsində rəsmi nəticələrə görə deputat Kəmaləddin Qafarov seçilib. Namizədlər isə nəticələrin saxtalaşdırıldığını deyirlər. 

Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov isə bəzi dairələrdəki pozuntularla bağlı araşdırmaların aparıldığını bəyan edib. 

Prezident İlham Əliyev isə çıxışında bildirib ki, qanun pozuntusuna yol verən şəxslər cəzalandırılacaq.